Ana Sayfa > Təhsil > Elm və təhsil komitəsinin onlayn iclası keçirilib
Elm və təhsil komitəsinin onlayn iclası keçirilib29-10-2020, 17:30. Yazar: sevinc1 |
Oktyabrın 29-da Milli Məclisin Elm və təhsil komitəsinin növbəti onlayn iclası keçirilib. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən aia.az -a bildirilib ki, komitənin sədri Bəxtiyar Əliyev Azərbaycanın Dağlıq Qarabağ bölgəsində cəbhə xəttində vəziyyət barədə fikirlərini açıqlayıb. Diqqətə çatdırıb ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xarici mediaya müsahibələrində son hadisələrlə bağlı həqiqətləri və ölkəmizin mövqeyini aydın şəkildə dünya ictimaiyyətinə çatdırır. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi uğrunda Vətən müharibəsi aparır, doğma torpaqlarımızı erməni-faşist işğalçılardan azad edir. Azərbaycan əsgəri öz torpağı uğrunda vuruşur. Bu, onun haqq mübarizəsidir. Komitə sədri bildirib ki, oktyabrın 28-də düşmənin silahlı birləşmələri tərəfindən Bərdə şəhərinə dinc sakinlərin sıx hərəkətdə olduğu əraziyə “Smerç” tipli raket zərbələrinin edirilməsi nəticəsində 21 nəfər həlak olub, çox sayda yaralı var. Bu, müharibə cinayətidir. Ermənistan silahlı qüvvələrindən fərqli olaraq Azərbaycan Ordusu ancaq legitim hərbi hədəflərə atəş açır. Komitə sədri qeyd edib ki, iclasın gündəliyinə “Təhsil haqqında” və “Peşə təhsili haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə üçüncü oxunuşda sənədlərin müzakirəsi daxil edilib. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi ilə bağlı Bəxtiyar Əliyev vurğulayıb ki, qanunun müvafiq maddələrinə “xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyası” anlayışının daxil edilməsi, eyni zamanda, “xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası)” ifadəsinin “xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması” ifadəsi ilə əvəz edilməsi təklif olunur. Qeyd edilib ki, xarici ölkələrin səlahiyyətli orqanları tərəfindən verilmiş subbakalavr diplomlarının tanınması ilə xaricdə bu təhsili almış vətəndaşlarımız, həmçinin əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün təhsillərini ölkəmizdə təhsilin növbəti pillələrində davam etdirmək imkanları yaranacaq. Bildirilib ki, “Peşə təhsili haqqında” qanun layihəsi “Təhsil haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə uyğun olaraq hazırlanıb və terminologiyanın eyniləşdirilməsi məqsədi daşıyır. İclasda komitənin sədr müavini Musa Qasımlı, deputatlar Etibar Əliyev, Ceyhun Məmmədov, Şahin Seyidzadə, Müşfiq Məmmədli, Aqiyə Naxçıvanlı, Eldar Quliyev, Rafael Hüseynov, Pərvin Kərimzadə, Tamam Cəfərova bu sənədlərin əhəmiyyəti barədə danışıblar. Qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə edilib. aia.az Geri dön |