Ana Sayfa > Manşet / Siyasət / Seçilənlər-1 > S.Möhbalıyev: “Şanlı ordumuz Ali Baş Komandanın bütün tapşırıqlarını uğurla yerinə yetirir”

S.Möhbalıyev: “Şanlı ordumuz Ali Baş Komandanın bütün tapşırıqlarını uğurla yerinə yetirir”


19-10-2020, 16:37. Yazar: sevinc1
S.Möhbalıyev: “Şanlı ordumuz Ali Baş Komandanın bütün tapşırıqlarını uğurla yerinə yetirir”



“Məlum olduğu kimi, Ermənistan silahlı qüvvələri artıq ikinci dəfə razılaşdırılmış müvəqqəti humanitar atəşkəs rejimini yenidən kobudcasına pozmuş və oktyabrın 18-dən 19-na keçən gecə Azərbaycanın yaşayış məntəqələrini və döyüş mövqelərini ağır artilleriyadan atəşə tutmuşlar. Lakin bu həmlələr artıq ötən əsrin 90-cı illərinin əvvəllərində mövcud olmuş zəif, yeni formalaşan, döyüş təcrübəsi və müasir silahları olmayan bir orduya malik ölkəyə qarşı deyil, böyük iqtisadi gücü, qüdrətli ordusu və ən əsası da bu ordunu böyük zəfərlərə doğru apara bilən Ali Baş Komandanı olan bir ölkəyə qarşı edilir. Bu isə əlbəttə ki, istənilən aqressora layiqli cavab veriləcəyi və torpaqlarımıza göz dikən düşmənlərin hər bir halda darmadağın ediləcəyi anlamına gəlir.” Bu sözləri saytımıza verdiyi müsahibəsində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Səttar Möhbalıyev demişdir.

Öz müsahibəsində döyüş meydanında qoşunlarımızın həyata keçirdikləri əks-hücum əməliyyatları qarşısında duruş gətirə bilməyən erməni işğalçılarının dinc əhalini hədəfə almalarını qətiyyətlə pisləyən millət vəkili, bu əməllərinə görə Ermənistanın hərbi-siyasi rəhbərliyinin beynəlxalq səviyyədə cinayət məsuliyyətinə cəlb olunmalarının vacibliyini xüsusi vurğulamışdır: “Artıq xəbər verildiyi kimi, oktyabr ayının 17-də gecə saatlarında erməni vandalları Gəncədə yuxuda olan dinc şəhər sakinlərini Ermənistan ərazisindən raket-artilleriya atəşinə tutmuşlar. Həm də bu xaincəsinə hücum Gəncəyə artıq ikinci dəfə həyata keçirilir. Sonuncu hücum nəticəsində dinc sakinlərin – qadınların, qocaların və uşaqların həlak olması təkcə Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyət əleyhinə amansız cinayətdir. Ermənilərin bu hücumu bütün müharibə qanunlarına və insanlığa zidd olan, misli görünməmiş bir vəhşilikdir. Bu qanlı əməllərinə görə Ermənistanın azğın rəhbərliyi beynəlxalq məhkəmədə cinayət məsuliyyətinə cəlb edilməli və layiqli cəzasını almalıdır. Bununla yanaşı isə şanlı Azərbaycan ordusu da dinc əhalinin qanını tökən erməni işğalçılarını döyüş meydanında cəzalandırmaqda davam edir və davam edəcək. Çünki bu gün artıq ötən əsrin 90-cı illəri deyil və bu gün erməni işğalçılarının qarşısında daha 25-30 il danışıqlar prosesinin nəticələrini ümidlə gözləyəcək bir ölkə dayanmayıb. Bu gün Azərbaycan güclü iqtisadiyyata, qüdrətli orduya, böyük beynəlxalq nüfuza sahib olan bir dövlətdir. Bu dövlətin başında isə cənab İlham Əliyev kimi mahir diplomat, dünya səviyyəli uzaqgörən siyasi xadim və polad iradəli Ali Baş Komandan durur. Əlbəttə ki, belə olan halda təcavüzkarın hər bir həmləsi ona çox baha başa gələcək və gəlir də. Torpaqlarımız ardıcıl olaraq işğaldan azad olunur və heç şübhəsiz ən qısa zamanda Azərbaycan öz ərazi bütövlüyünü tam bərpa edəcəkdir.”

Həmçinin öz çıxışında Səttar Möhbalıyev qardaş Türkiyənin də baş verən hadisələrdə nümayiş etdirdiyi mövqeyini yüksək qiymətləndirmişdir. Millət vəkili bildirmişdir ki, məhz Türkiyənin beynəlxalq səviyyədə sərgilədiyi qətiyyətli mövqeyi bir çox antiazərbaycan qüvvələrinin hazırda cərəyan edən proseslərə açıq müdaxiləsinin qarşısının alınmasında önəmli rol oynamışdır: “Cənab Ali Baş Komandanımızın da dəfələrlə bəyan etdiyi kimi, Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək üçün apardığı bu mübarizədə heç bir xarici dövlətin hərbi dəstəyinə ehtiyacı yoxdur. Bizim kifayət qədər güclü, yüksək səviyyədə təlimlər keçmiş şəxsi heyətə və ən müasir silahlara malik olan ordumuz var. Bununla belə bir çox dost ölkələrin və əlbəttə ki, xüsusilə qardaş Türkiyənin bizə verdiyi siyasi-mənəvi dəstəyin bu mübarizədə rolu çox önəmlidir. İlk növbədə məhz Türkiyənin nümayiş etdirdiyi qətiyyətli mövqeyi bir çox düşmən qüvvələrin bu münaqişəyə açıq-aşkar müdaxiləsinin qarşısını alır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev oktyabrın 19-da Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentopun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bu məsələyə toxunaraq demişdir: “Biz bu hadisələr baş verəndən dərhal sonra Türkiyənin dəstəyini hiss etdik, bu gün də hiss edirik. Əziz qardaşım, hörmətli Prezident çox müsbət və çox dəqiq açıqlamalar vermişdir. Bu açıqlamalar Azərbaycan xalqını çox məmnun etdi, bütün dünyaya göstərdi ki, Türkiyə-Azərbaycan birliyi sarsılmazdır və ağır günlərdə biz bir-birimizin yanındayıq. Mən bunu bir neçə dəfə demişəm, bir daha demək istəyirəm ki, əgər bu açıq mövqe göstərilməsəydi, bu gün başqa qüvvələr bu işlərə qarışa bilərdi. Onsuz da Ermənistanın məqsədi bundan ibarətdir, onlar bu münaqişənin coğrafiyasını genişləndirmək istəyirlər və çox yanlış yoldadırlar. Çünki görürlər ki, bizim qarşımızda təkbaşına duruş gətirə bilmirlər.”

Bəli, düşmən bizim qarşımızda duruş gətirə bilmir və bilməyəcək də. Çünki bizim işimiz haqqdır, mübarizəmiz ədalətlidir və şanlı ordumuz Ali Baş Komandanın bütün tapşırıqlarını uğurla və şücaətlə yerinə yetirir.”


Səttar Möhbalıyev
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri,
Azərbaycan Respublikası Milli Məclisinin deputatı

Geri dön