Ana Sayfa > İqtisadiyyat > Ermənistanın təxribatı nəticəsində Füzuli, Beyləqan və Ağcabədidən olan sahibkarlara xeyli ziyan dəyib

Ermənistanın təxribatı nəticəsində Füzuli, Beyləqan və Ağcabədidən olan sahibkarlara xeyli ziyan dəyib


16-10-2020, 17:44. Yazar: sevinc1
Ermənistanın təxribatı nəticəsində Füzuli, Beyləqan və Ağcabədidən olan sahibkarlara xeyli ziyan dəyib



İqtisadiyyat Nazirliyi tabeliyində KOBİA Ermənistanın hərbi təxribatından zərər çəkmiş sahibkarlarla görüşlərini davam etdirir.

Nazirlikdən Trend-ə verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı hərbi təxribatı nəticəsində Füzuli və Beyləqan rayonlarında fəaliyyət göstərən sahibkarlıq subyektlərinə də ziyan dəyib.

Sahibkarların təsərrüfatlarına və biznes obyektlərinə dəymiş zərərlə yerində tanış olmaq, onların ehtiyaclarını öyrənmək, eləcə də zəruri və təxirəsalınmaz öhdəlikləri (kredit, vergi və s.) barədə məlumat əldə etmək üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) məsul əməkdaşları oktyabrın 16-da Füzuli rayonunun Horadiz şəhərində və Beyləqan rayonunda olublar.

Füzuli, Beyləqan və Ağcabədi rayonlarından olan sahibkarlarla keçirilmiş görüşlərdə qeyd edilib ki, Ermənistanın hərbi təxribatı ilə bağlı sahibkarlıq subyektlərinə dəymiş zərərin müəyyənləşdirilməsi məqsədilə KOBİA tərəfindən müvafiq məlumatların toplanılması və emalı, mümkün olduqda dəymiş zərərin yerində dəqiqləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir. İndiyədək KOBİA-ya Ermənistanın təxribatı nəticəsində 180-ə yaxın sahibkarlıq subyektinə zərər dəyməsi barədə məlumatlar daxil olub. Müraciətlərin ilkin təhlili göstərir ki, Ermənistanın təxribatından daha çox Ağdam, Gəncə, Füzuli, Tərtər, Beyləqan, Naftalan, Bərdə, Cəbrayıl (Cocuq Mərcanlı) və Ağcabədi rayonlarında fəaliyyət göstərən sahibkarlar ziyan çəkib. Daha çox heyvandarlıq təsərrüfatları və ticarət obyektləri olmaqla, əkin sahələrinə, ictimai iaşə obyektlərinə zərər dəyib. Bununla yanaşı, Ermənistan silahlı qüvvələri mülki əhalinin məskunlaşdığı yaşayış obyektlərini atəşə tutduğundan hazırda bəzi fermerlər əkin sahəsində olan məhsulunu toplaya bilmirlər.

Görüşdə iştirak edən sahibkarlar Ermənistanın hərbi təxribatı nəticəsində onlara ziyanın dəyməsinə baxmayaraq, Azərbaycan ordusunun qazandığı qələbələr sayəsində yüksək əhval-ruhiyyədə olduqlarını və dövlətin hər zaman sahibkarların yanında olduğunu bildiriblər.

Qeyd edək ki, Ermənistanın təxribatı nəticəsində ziyan çəkmiş sahibkarlıq subyektlərinə dəymiş zərərin yerində öyrənilməsi məqsədilə KOBİA nümayəndələri digər şəhər və rayonlara da səfər edəcəklər.

aia.az
Geri dön