Ana Sayfa > Təhsil > SDU-nun bakalavr və magistratura pillələrinə qəbul olan I kurs tələbələri ilə tanışlıq görüşləri keçirildi

SDU-nun bakalavr və magistratura pillələrinə qəbul olan I kurs tələbələri ilə tanışlıq görüşləri keçirildi


15-10-2020, 15:17. Yazar: sevinc1
SDU-nun bakalavr və magistratura pillələrinə qəbul olan I kurs tələbələri ilə tanışlıq görüşləri keçirildi





Oktyabrın 15-də Sumqayıt Dövlət Universitetində I kursa qəbul olunan bakalavr və magistrantların universitetlə tanışlıq görüşləri keçirildi.

Görüş koronavirus (Covid-19) pandemiyası dövründə xəstəliyin yayılma riskinin olduğunu nəzərə alaraq sosial məsafə və gigiyena qaydalarının gözlənilməsi şəraitində oldu.

Qeyd edək ki, tələbələr universitetin portalında yerləşdirilmiş elandakı cədvələ uyğun olaraq müvafiq fakültələrdə oldular.

SDU-nun rektoru, professor Elxan Hüseynov müxtəlif fakültələrdə I kurs tələbələri ilə görüşdü. Tələbə adını qazanan gəncləri təbrik etdi, onlara təhsildə yeni-yeni uğurlar arzuladı. SDU-nu seçdiklərinə, ali təhsil pilləsində ilk addımlarını bu təhsil ocağından atdıqlarına görə tələbələrə, onların valideynlərinə təşəkkürünü bildirdi, onlara yüksək səviyyəli mütəxəssis, əsl vətəndaş kimi yetişməyi tövsiyə etdi.

Qeyd etdi ki, tarixi günlərini yaşayan Azərbaycanın sentyabrın sonundan başlayaraq cəbhə xəttində həyata keçirdiyi hərbi əməliyyatlar işğal olunmuş torpaqlarımzın bir qisminin azad edilməsi ilə nəticələndi. İndi həmin ərazilərdə Azərbaycan bayrağı dalğalanır. Bu gün bütün xalqımız adından böyük qürur hissi ilə bəyan etmək olar ki, Azərbaycan gec-tez işğal altında olan torpaqları azad edəcək. Rektor hər kəsi Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşməyə çağırdı.

Sonra rektor professor Elxan Hüseynov görüşün zəngin elm və təhsil ənənələrinə malik olan universitetdə ötən illərdən fərqli olaraq pandemiya dövrünə uyğun yeni formatda keçirildiyini bildirdi. Tələbələrə koronavirus (Covid-19) infeksiyasından qorunmağı tövsiyə etdi, tədris zamanı hər bir tələbənin tibbi maskadan istifadə etməsinin, sosial məsafənin gözlənilməsinin və gigiyena qaydalarına ciddi əməl etməsinin vacibliyini vurğuladı. Koronavirus pandemiyası səbəbindən ölkəmizdə tətbiq edilmiş xüsusi karantin rejiminin davam etməsi şəraitində tədris prosesinin fasiləsizliyinin təmin olunması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Təhsil Nazirliyinin müvafiq əmr, qərar, təlimat, göstəriş, tapşırıq və tövsiyələrini əsas tutan SDU-nun kollektivi distant təhsili səmərəli təşkil edir.

Universitetin tarixi, müasir inkişaf mərhələləri barədə məlumat verən rektor onu da bildirdi ki, Sumqayıt Dövlət Universiteti yarım əsrdən çox tarixi inkişaf yolu keçən, yüksəkixtisaslı mütəxəssislər yetişdirən, güclü maddi-texniki bazaya malik olan, beynəlxalq əlaqələrini gündən-günə genişləndirən ali təhsil ocağıdır. Görüş zamanı müasir texnoloji imkanların universitetdə geniş tətbiq olunduğunu vurğulayan rektor bu yeniliklərin tələbələrin təhsilalma şəraitini daha da əlçatan olduğunu bildirdi. Qeyd etdi ki, müasir idarəetmə sisteminə malik olan SDU ölkə iqtisadiyyatına yüksəkixtisaslı kadrların hazırlanması istiqamətində öz əhəmiyyətli töhfəsini verməkdədir.



Fakültə dekanları tələbə adını qazanan gəncləri təbrik etdilər, təhsilə və gəncliyə göstərilən dövlət qayğısından danışdılar, müəllim-tələbə heyətinə təhsildə və həyatda uğurlar arzuladılar. SDU-da tələbələr üçün yaradılmış şərait, ali təhsil müəssisəndə mövcud olan mərkəzlərin fəaliyyəti, kredit sistemi ilə tədrisin təşkili, tələbə mobilliyi, “Microsoft Teams” və ZOOM platformaları üzərindən onlayn şəkildə keçirilən dərslərdən, müxtəlif formatlı elektron məlumatlardan və kitabxanadan istifadə qaydaları və digər bu kimi məsələlər haqqında tələbələrə məlumat verdilər, onların suallarını cavablandırdılar.

Universitet haqqında ətraflı məlumat alan tələbələr ilk olaraq xalqımızın ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin adını daşıyan Mərkəzdə oldular, Ulu Öndərin uşaqlıq, yeniyetməlik, tələbəlik, Dövlət Təhlükəsizlik Komitəsində işlədiyi dövr, hakimiyyətdə olduğu illəri əks etdirən fotolara baxdılar.

Hər tələbə öz ixtisaslarına uyğun auditoriya və müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyalarda, Əcnəbi dinləyicilərin hazırlıq otağında, Erasmus+Petra təlim və öyrənmə mərkəzində, Erasmus+ Moodle elektron laboratoriyasında, Linqvistik mərkəzdə və açıq səmada elektroenergetika üzrə Tədris muzeyi və yüksək gərginlikli yarımstansiya Tədris poliqonu ilə tanış oldular. Təhsil müəssisəsinin maddi-texniki bazası ilə, tədrisin keyfiyyəti ilə maraqlandılar.

Sonra tələbələr asudə vaxtlarının səmərəli təşkili üçün universitetin həyətində yaradılan şahmat lövhəsi, süni örtüklü futbol,voleybol və basketbol meydançaları, stolüstü oyunlar üçün qurulmuş köşklərlə tanış oldular. Bildirildi ki, tələbələrimiz idman klubunda futbol, stolüstü tennis, qılıncoynatma, badminton, atıcılıq, voleybol, şahmat, dama üzrə mütəmadi olaraq məşğul olurlar. Universitetdə idmana olan diqqət və qayğı idman sahəsində ilbəil artmaqda olan uğurlarda özünü büruzə verir. İdmançı tələbələrimizin respublika, Avropa, Asiya və dünya səviyyəli idman yarışlarında artıq ənənə halını almış uğurları insanda qürur hissi doğurmaya bilməz.

SDU-da yaradılmış şərait, xoş və qayğıkeş münasibət tələbələr tərəfindən razılıqla qarşılandı və tanışlıq görüşünün onlarda xoş təəssürat, yüksək əhvali-ruhiyyə yaratdığını bildirdilər.

Görüşdə tələbələrə Bilik günü ilə əlaqədar universitet tərəfindən hazırlanan videoçarx diskləri və yaddaş kitabçası təqdim edildi.

Qeyd edək ki, I kursa qəbul olunan bakalavr və magistrantların universitetlə tanışlıq görüşləri oktyabrın 16-dək davam edəcək.

aia.az
Geri dön