Ana Sayfa > Gündəm / Siyasət / Aia TV / Karusel > İlham Əliyev Barak Obama və Cozef Baydenlə görüşdü
İlham Əliyev Barak Obama və Cozef Baydenlə görüşdü1-04-2016, 15:23. Yazar: admin |
Nüvə təhlükəsizliyi sammitində iştirak etmək üçün Vaşinqtonda səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev Bakı vaxtı ilə bu gün gecə saatlarında vitse-prezident Cozef Baydenlə görüşüb. Virtualaz.org xəbər verir ki, Co Bayden prezident İlham Əliyev ilə görüşlərə böyük əhəmiyyət verdiklərini və bu görüşlərin Azərbaycan ilə ABŞ arasında əməkdaşlığın daha da genişlənməsinə, əlaqələrin yeni səviyyəyə qaldırılmasına xidmət etdiyini bildirib. O, ABŞ-ın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini qətiyyətlə dəstəklədiyini, bunun Birləşmiş Ştatlar üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb. ABŞ-ın vitse-prezidenti bütün sahələrdə, o cümlədən iqtisadi sahədə ikitərəfli əlaqələrin daha da genişlənməsi üçün yaxşı imkanların olduğunu bildirib. O, təhlükəsizlik sahəsində, sülhyaratma əməliyyatlarında ölkələrimizin yaxşı əməkdaşlıq qurduqlarını deyib, Azərbaycanın Əfqanıstandakı beynəlxalq antiterror koalisiyasında fəal iştirakını və töhfəsini yüksək qiymətləndirib. Co Bayden ABŞ-ın Azərbaycan ilə müdafiə sahəsində də əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi istiqamətində atılan addımların əhəmiyyətini vurğulayıb. Vitse-prezident ABŞ-ın Azərbaycanın “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsi ilə bağlı fəaliyyətini tam dəstəklədiyini və bu sahədə lazımi addımlar atacaqlarını bildirib. Prezident İlham Əliyev ölkəmizdə bütün sahələrdə islahatların aparıldığını, fikir, mətbuat, sərbəst toplaşma, internet azadlıqlarının təmin olunduğunu diqqətə çatdırıb. Dövlət başçısı Ermənistan-Azərbaycan,Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyi barədə ətraflı məlumat verib. Prezident İlham Əliyev münaqişənin həlli ilə əlaqədar Birləşmiş Ştatların qətiyyətli mövqeyinə görə minnətdarlığını bildirib, bu münaqişənin həll olunmasının vacibliyini vurğulayıb. Dövlət başçısı həmsədr ölkə kimi ABŞ-ın prezidenti Barak Obamanın mövcud status-kvonun yolverilməzliyi ilə bağlı mövqeyinin mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb. Prezident İlham Əliyevmünaqişənin sülh yolu və danışıqlar vasitəsilə həll olunmasında ABŞ-ın rolunun mühüm önəm kəsb etdiyini bildirib. Dövlət başçısı Azərbaycanın ABŞ ilə siyasi, iqtisadi və enerji sahələrində əməkdaşlığın daha da gücləndirilməsində maraqlı olduğunu vurğulayıb. Söhbət zamanı tərəflər ölkələrimiz arasında güclü və uzunmüddətli əməkdaşlığın həyata keçirilməsində maraqlı olduqlarını bildirdilər. Görüşdə ABŞ-ın dövlət katibi Con Kerri də iştirak edib. Ağ Evdən yayılan açıqlamada deyilir ki, Cozef Bayden Azərbaycanda vətəndaş cəmiyyəti fəallarının azadlığa buraxılmasını alqışlayıb, bu sahədə irəliləyişi davam etdirməyə çağırıb. Vitse-prezident bununla bağlı qeyd edib ki, vətəndaş cəmiyyəti və qanunun aliliyi Azərbaycanın inkişafı, çiçəklənməsi üçün mühümdür. Azərbaycan prezidenti İlham Əliyev ABŞ dövlət başçısı Barak Obama ilə də görüşüb. Bu görüş Obamanın sammit iştirakçılarına verdiyi ziyafət çərçivəsndə baş tutub. Tərəflər iki ölkə arasındakı münasibətlərin aktual məsələlərinə dair fikir mübadiləsi aparıblar. Geri dön |