Ana Sayfa > Siyasət / Manşet / Karusel > Amerikada Azərbaycan üçün açılan qapı - Analiz
Amerikada Azərbaycan üçün açılan qapı - Analiz1-04-2016, 13:03. Yazar: admin |
“Atlas” Araşdırmalar Mərkəzi Azərbaycan prezidenti İlham Əliyevin ABŞ səfərini təhlil edən məqalə hazırlayıb. “Qafqazinfo” “Azərbaycan-ABŞ münasibətlərində yeni mərhələ” başlıqlı həmin materialı təqdim edir: Prezident İlham Əliyevin ABŞ-a səfəri tarixi əhəmiyyət daşıyır. İlham Əliyev prezident olduğu 13- ildə ilk dəfə ABŞ-a bu qədər məhsuldar səfər həyata keçirir. Doğrudur, İlham Əliyev digər dövlət başçıları kimi Vaşinqtona nüvə təhlükəsizliyi konfransı ilə əlaqədar dəvət alıb və Ağ Ev sahibi başqa qonaqlarla olduğu kimi İlham Əliyevlə də xüsusi olaraq geniş fikir mübadiləsi aparmayacaq. Ancaq bütün hallarda İlham Əliyev Vaşinqtondadır və artıq xeyli görüş həyata keçirib. Əgər əvvəllər İlham Əliyev ancaq BMT tədbirlərində iştirak etmək üçün ABŞ-a səfər edir və görüşlərin məkanı Nyu-York olurdusa, indi Azərbaycan prezidenti Amerikanın paytaxtında ikitərəfli münasibətlərin keçmişi, bu günü və gələcəyini müzakirə edir. Bu hər iki dövlətin maraqlarına xidmət edir. Əslində İlham Əliyevin ABŞ-dakı görüşləri səfərdən əvvəl nəticə verməyə başladı. Səfər ərəfəsində Azərbaycanda onlarla siyasi məhbus azad edildi, yerdə qalanların da azad ediləcəyi proqnozlaşdırılır. İlham Əliyevin əfv siyasəti konqresmen Kristofer Smitin Azərbaycan hakimiyyəti əleyhinə hazırladığı qanun layihəsinin aktuallığını da azaldıb. Önəmli olan adları müxtəlif beynəlxalq siyahılarda hallanan insanların azad olunmasıdır. Bu siyasətin davamı həm Azərbaycanın sabitliyinə, həm də Azərbaycan-ABŞ münasibətlərinə böyük tövhədir. İlham Əliyevin Vaşinqtona gəldiyi ilk gün çox məhsuldar oldu. Azərbaycan prezidenti yalnız 30 mart tarixində ABŞ dövlət katibi Con Kerri, bu ölkənin ticarət naziri Penni Pritzker, ayrıca konqresmenlərlə və yəhudi lobbisinin rəhbərləri ilə görüşlər keçirdi. Bu görüşlərin hər biri Azərbaycan-ABŞ əməkdaşlığı üçün əhəmiyyətlidir. Əlbəttə ki, ilk növbədə Kerri-Əliyev görüşünün əhəmiyyətini vurğualamaq lazımdır. Həm İlham Əliyevin, həm də Con Kerrinin görüş sonrası brifinqdə verdikləri mesajlar çox əhəmiyyətli idi. Həmin mesajlarda nə gərəyindən artıq, nə də əskik ifadələr var idi. Kerrinin birinci mesajı o oldu ki, ABŞ-ın Azərbaycanla üzərində birgə işlədiyi çox sayda ümumi maraqları var. Daha sonra Kerri Azərbaycanın mürəkkəb regionda yerləşdiyini xatırladaraq “Cənub Qaz Dəhlizi”nin reallaşmasında İlham Əliyevin xüsusi rolunu qeyd etdi. Kerri enerji mövzusundakı fikrini belə yekunlaşdırdı ki, enerji mənbələrinin diversifikasiyası məsələsində Avropanın uzunmüddətli strateji maraqları baxımından Azərbaycan çox vacib rol oynayır. İlham Əliyev də Amerikanın ünvanına az kompilment söyləmədi. İlham Əliyevin Azərbaycanın müstəqil olduğu 25 ildə ABŞ-ın ölkəmiz üçün etdiyi bütün yaxşılıqları xatırlatdı. Amerikanı dost və strateji tərəfdaş adlandıran Əliyev qarşılıqlı əlaqələri yüksək qiymətləndirdi. Ayrıca, bu müddətdə ABŞ şirkətlərinin Azərbaycan iqtisadiyyatına təxminən 10 milyard dollar sərmayə qoyduğunu deyən Əliyev Cənub Qaz Dəhlizi layihəsinin üzərində xüsusi dayandı. Əliyev Kerri ilə görüşdə və bundan əvvəl də ABŞ-ın enerji layihələrinə verdiyi dəstəyi xatırlatdı. Əliyev fikirlərini hətta ona qədər inkişaf etdirdi ki, Vaşinqtonun dəstəyi olmasaydı, Azərbaycanın öz enerji resurslarını dünya bazarlarına çatdırması prosesi xeyli uzanardı. Əslində İlham Əliyev bunu deyərkən həm özünün, həm də mərhum dövlət başçısı Heydər Əliyevin təcrübəsindən çıxış edir. Çünki, 1990-cı illərin əvvəllərində İlham Əliyev Dövlət Neft Şirkətinin vitse-prezidenti idi və bütün xarici şirkətlərlə danışıqlara o məsul idi. O zaman isə Rusiya hakimiyyəti əlindən gələni edirdi ki, Azərbaycan neftini dünya bazarlarına daşıyacaq Bakı-Tiflis-Ceyhan boru xətti tikilməsin, Azərbaycanın bütün nefti Rusiya üzərindən daşısın. Rəsmi Bakı təkbaşına Kremlə müqavimət göstərə bilməzdi. Bu zaman rəsmi Bakının köməyinə Vaşinqton çatdı. Və elə indinin özündə də TAP və TANAP layihələrinin reallaşması üçün Vaşinqton səylərini əsirgəmir. İş o yerə çatıb ki, amerikalı diplomatlar Avropanın qərar verən müxtəlif mərkəzlərində TAP və TANAP layihələri üçün lobbiçilik fəaliyyəti aparırlar. Halbuki, TAP və TANAP boru xətləri ilə daşınacaq qazın Amerikaya dəxli yoxdur, qaz Avropa ölkələrinə satılacaq. Buna baxmayaraq, Vaşinqton bu layihələrinin reallaşmasıyla Avropanı az da olsa Rusiyanın qaz asılılığından qurtarmaq istəyir, eyni zamanda Azərbaycanın da inkişafını istəyir ki, ölkəmiz şimal və cənub istiqamələrindən təhlükələrlə üzləşməsin. Cənubi Qafqazda güclü Azərbaycanın varlığı ABŞ-ın xeyrinədir. Buna baxmayaraq, ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həllindəki passiv mövqeyi Azərbaycan hakimiyyətini, siyasi dairələrini və cəmiyyətini razı sala bilməz. Doğrudur, İlham Əliyev Con Kerri ilə görüşdə münaqişənin həlli yollarının tapılmasındakı səylərinə görə ABŞ hökumətinə minnətdar olduğunu dedi. ABŞ-ın vitse-prezidenti Cozef Bayden də İlham Əliyevlə görüşdə ABŞ-ın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dedi. Ancaq bu sözlər sadəcə qonaqla ev yiyəsinin diplomatik ifadələrdir. Reallıqda isə ABŞ Qarabağ münaqişəsinin həllində daha böyük məsafə qət edə bilər. Əgər Vaşinqton bölgədə Azərbaycanın simasında güclü müttəfiq qazanmaq istəyirsə, anlamalıdır ki, bunun başlıca şərti Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasından keçir. Vaşinqtonun Ermənistan hakimiyyətinə təsir etmək üçün əlində güclü alətlər var. Bir də Azərbaycan Vaşinqtondan Konqresin bədnam 907-cü düzəlişin ləğvini gözləyir. Doğrudur, düzəliş illərdir Ağ Ev tərəfindən dondurulub, ancaq düzəlişin varlığı belə iki ölkə arasında strateji münasibələrin xarakterinə ziddir. Bu işdə isə Azərbaycana İlham Əliyevin görüşdüyü yəhudi təşkilatları real dəstək verə bilərlər. Geri dön |