Ana Sayfa > Siyasət > "Ermənistan həddini aşır" - Tehran İrəvana xəbərdarlıq etdi

"Ermənistan həddini aşır" - Tehran İrəvana xəbərdarlıq etdi


1-10-2020, 12:34. Yazar: sevinc1
"Ermənistan həddini aşır" - Tehran İrəvana xəbərdarlıq etdi

Tehran bəzi terror qruplaşmalarına İranın şimal sərhədlərini ölkənin təhlükəsizliyini təhdid edən bölgələrə çevirməyə imkan verməyəcək.

Milli.Az bildirir ki, bunu İran XİN-nin rəsmi nümayəndəsi Səid Xətibzadə deyib.

"Bəzi münaqişələrin Qafqaza köçürülməsi Qarabağ münaqişəsindən də böyük faciələrə səbəb ola bilər", - Xətibzadə bəyan edib.

Rəsmi Tehranın bu açıqlaması Suriya və Livan ermənilərinin Qarabağa döyüşməyə yollanması ilə bağlıdır.

Lakin bununla belə, S.Xətibzadənin bəyanatı bunca birmənalı qəbul olunmamalıdır.

Belə ki, Ermənistan rəhbərliyinin bəyanatları və Dağlıq Qarabağdakı terrorçu xuntanın davranışı da Tehranı həddən ziyadə qıcıqlandırır.

Xankəndidəki rejimin lideri Araik Harutyunyan dünən açıqlamasında bəyan edib: "Türkiyə və Azərbaycanın bizə hücumu habelə, İrana qarşı da yönəlib".

Xunta rəhbərinin bu bəyanatı İrəvanın yürütdüyü siyasətin tərkib hissəsidir.

Rusiya və Türkiyəni Cənubi Qafqazda proksi-qarşıdurmaya cəlb etmək üçün dəridən-qabıqdan çıxan, "Türkiyənin F-16 qırıcısı Ermənistan Hərbi-Hava Qüvvələrinin Su-25 təyyarəsini vurdu" tipli açıqlamalar yayan rəsmi İrəvan mütləq şəkildə münaqişəni genişləndirməyə çalışır. Ermənistanın Baş naziri Nikol Paşinyanın strateji məqsədləri arasında MDB ölkələrinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) prosesə bilavasitə cəlb olunması və perspektivdə Rusiya hərbçilərinin cəbhə bölgəsinə yeridilməsi əsas yer tutur.

Təbii ki, bütün bunlar xam xəyallar, illüziyalar olsa da, hazırda Ermənistanın xarici siyasəti aşkar dezinformasiyalarla yanaşı, təhriketmə taktikasına köklənib.



Paşinyanın digər məqsədi isə İran-Azərbaycan münasibətlərinin maksimum sərinləşməsi və imkan yarandığı təqdirdə rəsmi Tehranla "strateji tərəfdaşlıq və müttəfiqlik" əlaqələri qurmaqdır. Uzaqperspektivli hədəfə isə İranın Azərbaycanla sərhədinə qoşun yığması, hətta sərhədi keçərək erməni işğalında olan ərazilərə hərbi kontingentini yeritməsidir.

Belə absurd, hətta şizofrenik illüziyalar nə yazıqlar ki, rəsmi İrəvanın siyasətinin məhvərini təşkil edir.

Nikol Paşinyanın davranışı, yürütdüyü siyasət və xüsusilə də Türkiyə, habelə İranla bağlı verdiyi bəyanatlar Ermənistan üçün çox təhlükəli nəticələr verə bilər.

Daha konkret olsaq, o fəsadlı nəticələr artıq reallaşmağa başlayıb.

Ermənistan rəhbərliyinin son günlərdəki davranışı və səsləndirdiyi bəyanatlar, İranı tərəf qismində münaqişəyə cəlb etmək üçün primitiv gedişlər və cəhdlər Tehranda ciddi qıcıq yaradır.

Faktiki olaraq İrəvana sərt xəbərdarlıq edən İran parlamentinin kuluarlarında Qarabağdakı döyüşlərlə bağlı gedən müzakirələrin leytmotivini isə bir fikir təşkil edir: "Ermənistan həddini aşmağa başlayıb".

Elçin Alıoğlu
Milli.Az
Geri dön