Ana Sayfa > Manşet / Təhsil > İ.Cəfərov: “Dövlətimiz tərəfindən qarşıya qoyulan bütün vəzifə və tapşırıqların öhdəsindən ləyaqətlə gələcəyik”

İ.Cəfərov: “Dövlətimiz tərəfindən qarşıya qoyulan bütün vəzifə və tapşırıqların öhdəsindən ləyaqətlə gələcəyik”


15-09-2020, 15:09. Yazar: sevinc1
İ.Cəfərov: “Dövlətimiz tərəfindən qarşıya qoyulan bütün vəzifə və tapşırıqların öhdəsindən ləyaqətlə gələcəyik”




Bu gün Azərbaycanda Bilik Günü qeyd olunur. Bu günü xüsusilə əlamətdar edən məqamlardan biri də budur ki, pandemiya dövrünün davam etməsinə baxmayaraq, dövlət tərəfindən həyata keçirilən karantin rejiminin müəyyən yamşaldılma tədbirləri çərçivəsində orta təhsil müəssisələrində artıq bu gündən əyani təhsil prosesi də bərpa olunur. Əlbəttə ki, bu proses ənənəvi şəkildən fərqli formada, pandemiya dövrünün tələblərinə uyğun tətbiq olunan bir çox qayda və məhdudiyyətlərə əməl olunaraq həyata keçiriləcək. Lakin bütün bu məhdudiyyətlərə rəğmən, ümumtəhsil məktəblərində dərslərin başlanması artıq ölkəmizin postpandemiya dövrünə hazırlaşdığından xəbər verir.

Birmənalı olaraq qeyd olunmalıdır ki, bu yüksək nailiyyət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin birbaşa rəhbərliyi və xüsusi nəzarəti altında bu günə qədər ölkəmizdə həyata keçirilən koronavirusla mübarizə tədbirlərinin səmərəliliyi nəticəsində əldə olunmuşdur. Sentyabrın 15-də Bilik Günü münasibətilə Azərbaycan xalqına etdiyi müraciətində də dövlət başçımız bu məsələni xüusi olaraq vurğulamışdır. Öz çıxışında möhtərəm Prezidentimiz bu barədə demişdir: “Bildirməliyəm ki, Azərbaycan pandemiyanın ilk günlərindən çox operativ, çevik addımlar ataraq xalqımızı böyük bəladan qurtara bilmişdir. Bildiyiniz kimi, mart ayının əvvəlindən məktəblər, ali məktəblər, bütün təhsil müəssisələri bağlandı və bunun əsas məqsədi uşaqları, yeniyetmələri xəstəlikdən qorumaq idi. Təbii ki, bu, təhsil sahəsinə mənfi təsir göstərmişdir. Ancaq hesab edirəm ki, biz görülmüş tədbirlər nəticəsində pandemiyanın təhsilə olan mənfi fəsadlarının böyük hissəsini aradan qaldıra bildik.”



Bu gün biz əminliklə deyə bilərik ki, artıq ölkəmiz postpandemiya dövrünə hazırlıq mərhələsini yaşayır. Əlbəttə, bu ümumbəşəri bəlanın tamamilə həyatımızdan çıxması üçün hələ çox işlər görülməlidir və dövlətimiz də bu istiqmətdə bütün lazım olan addımları atır. Eyni zamanda da, təhsil sahəsinin pandemiyadan sonrakı dövrdə inkişaf dinamikasının zəifləməməsi üçün bütün lazımi tədbirlər ölkə rəhbərliyinin birbaşa nəzarəti altında uğurla həyata keçirilir. Bu tədbirlərdən ən əhəmiyyətliləri kimi, pandemiya dövründə də ölkə ərazisində təhsil müəssisələrinin təmir-tikinti işlərinin davam etdirilməsi qeyd olunmalıdır. Ölkə Prezidenti cənab İlham Əliyev öz çıxışında bu məsələyə də toxunaraq bunları demişdir: “Bu il, eyni zamanda, ali məktəblərin korpuslarının tikintisi təmin edilmişdir. İyun ayında Gəncədə Dövlət Aqrar Universitetinin yeni tədris korpusu mənim iştirakımla istifadəyə verilmişdir. Bu korpusun sahəsi 22 min kvadratmetrdir. Sentyabr ayında isə Azərbaycan Dövlət İqtisad Universitetinin yeni korpusu. Bu korpusun sahəsi 13 min kvadratmetrdir. ADA-nın yeni iki korpusu istifadəyə verilmişdir və bu korpusların sahəsi 35 min kvadratmetrdir. Beləliklə, cəmi bir il ərzində üç ali məktəbin 70 min kvadratmetr sahəsi olan yeni korpusları tikilib. Təbii ki, bu, böyük vəsait tələb edir və biz bu vəsaiti ayırırıq. Çünki təhsilə ayrılan vəsait gələcəyə ayrılan vəsaitdir.”

Həqiqətən də son illərdə Azərbaycanda təhsilin maddi-texniki bazası möhkəmlənib və bu gün bizim bütün ali məktəblərimiz təmirli binalarda yerləşir. Təbii ki, atılan bu addımların məntiqi nəticəsi olaraq təhsilin keyfiyyəti də artır. Hələ 2004-cü ildə dövlət başçımız özünün tarixi çıxışlarının birində demişdi ki, biz “qara qızıl”ı insan kapitalına çevirməliyik və bu gün bütün Azərbaycan xalqı bu sözlərin həyata keçdiyinə şahid olmaqdadır. Sevindirici haldır ki, bu gün ölkəmizdə müəllim peşəsinə maraq getdikcə artır. Qəbul imtahanlarında yüksək bal toplamış bir çox gənclərimiz müəllim olmaq istəyirlər. Bu isə ondan irəli gəlir ki, xüsusi son illər Ölkə Prezidenti cənab İlham Əliyevin birbaşatapşırıqlarına əsasən müəllimlərin iş şəraiti yaxşılaşdırılır, onların əməkhaqları artırılır və diaqnostik qiymətləndirmədən keçən müəllimlərimiz yüksək maaş alırlar. Əlbəttə ki, bu, gənclərimizin müəllim peşəsinə olan həvəslərini daha da stimullaşdırır. Dövlət başçımızın da öz çıxışında qeyd etdiyi kimi, müəllim peşəsi bütün dövrlərdə Azərbaycanda ən hörmətli peşələrdən biri olmuşdur və bu gün ölkədə bu peşənin prestiji bərpa edilir.



Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında dövlətimizin təhsil sahəsinin inkişafına göstərdiyi yüksək diqqət və qayğı dünyanın heç bir ölkəsində bu səviyyədə deyildir. Əminəm ki, pandemiyadan sonrakı dövrdə Azərbaycan təhsilinin inkişafı yeni, daha yüksək dinamika ilə davam edəcək və biz bu sahədə dövlətimiz tərəfindən qarşıya qoyulan bütün vəzifə və tapşırıqların öhdəsindən ləyaqətlə gələcəyik.

İbrahim Cəfərov,
Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru,
Kənd təsərrüfatı elmləri doktoru, professor,
AMEA-nın müxbir üzvü


Geri dön