Ana Sayfa > Karusel / Təhsil > Bu gün Azərbaycanda yeni tədris ili başlayır
Bu gün Azərbaycanda yeni tədris ili başlayır15-09-2020, 08:00. Yazar: sevinc1 |
Bu gün Azərbaycanda 2020-2021-ci tədris ilinin ilk dərs günüdür. Trend-in məlumatına görə, ötən tədris illərindən fərqli olaraq, koronavirus pandemiyası ilə əlaqədar bu il məktəblərdə tədris hibrid dərs üsulu ilə aparılacaq. Təhsil nazirinin müvafiq əmrinə əsasən, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrinin fəaliyyəti əyani olaraq həftədə 2 dəfə, digər şəhər və rayonlarda isə əyani formada həftədə 3 dəfə təşkil olunacaq. Ümumi təhsil müəssisələrində dərs məşğələləri I-IV siniflərdə sentyabrın 15-dən əyani və distant (məsafədən), V-IX siniflərdə sentyabrın 15-dən distant, oktyabrın 1-dən əyani və distant (məsafədən), X-XI siniflərdə sentyabrın 15-dən distant, oktyabrın 15-dən əyani və distant (məsafədən) formalarda başlayır. 2020-2021-ci tədris ilinin əvvəlinə olan proqnoz göstəricilərinə əsasən, yeni tədris ilində respublikanın ümumi təhsil müəssisələrində ümumilikdə 1574206 şagirdin təhsil alacağı gözlənilir. aia.az-ın məlumatına görə, şagirdlərin ümumi sayından 733279 nəfəri qız, 840927 nəfəri isə oğlandır. Ümumtəhsil məktəblərinin I sinfində 165511, IX sinfində 132734, XI-XII-ci sinfində isə 85044 şagirdin təhsil alacağı proqnozlaşdırılır. Proqnoz üzrə 2020-2021-ci tədris ilinin əvvəlinə respublikada 317 ibtidai məktəb, 783 ümumi orta məktəb, 3319 tam orta məktəb, 16 xüsusi tipli məktəb və 5 əyani-qiyabi (axşam) tam orta məktəb, o cümlədən 60 məktəb-lisey, 50 lisey, 15 gimnaziya və 14 inteqrasiya təlimli internat tipli gimnaziya olmaqla, ümumilikdə 4440 məktəbin fəaliyyət göstərəcəyi gözlənilir. Yeni tədris ilində BŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələri üzrə ümumilikdə, 434 971 şagirdin təhsil alması nəzərdə tutulur. BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin IX sinfində 35 794, X sinfində 25 611, XI sinfində 19 794 şagirdin təhsil alması proqnozlaşdırılır. (Qeyd: XII sinfində 170 şagird) BŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində 27 132 müəllim çalışır. Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində 308 ümumi təhsil məktəbi, 3 xüsusi ümumi orta məktəb və 5 əyani-qiyabi axşam məktəbi olmaqla, cəmi 316 məktəb və 5 Uşaq-Gənclər İnkişaf Mərkəzi fəaliyyət göstərir. Geri dön |