Ana Sayfa > Gündəm > Sitarə Bağrova:

Sitarə Bağrova:


14-09-2020, 18:17. Yazar: sevinc1
Sitarə Bağrova:





Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Məclisinin üzvü, AMEA Azad Həmkarlar İttifaqının Rəyasət Heyətinin üzvü, Fizika İnstitutu HİK-in sədri Sitarə Bağırovanın saytımıza verdiyi müsahibəni oxucularımıza təqdim edirik.

Qısa arayış:

Sitarə Bağırov 1980-ci ildən AMEA Fizika İnstitutuna aspiranturaya qəbul olduqdan sonra orada işləyir. Hal-hazırda aparıcı elmi işçi vəzifəsində çalışır, fizika ixtisası üzrə fəlsəfə elmləri doktorudur. İnstitut Elmi Texniki şurasının üzvüdür. 5 müəlliflik şəhadətnaməsi almış, 50-dən artıq elmi məqaləsi çap olunmuşdur.1989-cu ildən İnstitut Həmkarlar İttifaqı Komitəsinin üzvü olmuşdur. 1993-cü ildən AMEA Fizika İnstitutunun HİK-nin sədridir. Onun sədrliyi dövründə Fizika İnstitutunun 200 əməkdaşına Xəzər rayonunun Zirə qəsəbəsində torpaq sahəsi verilmişdir. Əməkdaşlara verilən həmin torpaq sahələrinin şəhadətnamələri və texniki pasportunun alınmasını təmin etmişdir.2005-ci ildən Həmkarlar İttifaqı Komitəsinin birbaşa təşkilatçılığı ilə Əmək və Əhalinin Sosial Müdafiə və Maliyyə Nazirlikləri ilə razılaşma əsasında Fizika institutunda zərərli şəraitdə işləyən əməkdaşlarının iş şəraitinə əsasən əmək haqlarına 8-20 % məbləğində əlavə müavinətlər ödənilir. Zərərli şəraitdə işləyən əməkdaşları hər il bir dəfə tibbi müayinədən keçirir.
Hər il Ulu öndərimiz H.Əliyevin anadan olduğu gün institutun gənc alim və mütəxəssisilərinə "Ən yaxşı elmi nəticələrinə" görə mükafat və diplomların verilməsini institut rəhbərliyi ilə birlikdə həyata keçirir.05 fevral 2013-cü ildə AHİK-in IV qurultayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının sərəncamına əsasən “Tərəqqi” medalı ilə təltif edilmişdir.

- Sitarə xanım, ilk növbədə istərdik ki, oxucularımıza ümumilikdə həmkarlar təşkilatının bir qurum olaraq daşıdığı funksiyaları və ölkəmizdə bu bu sahədə qəbul olunmuş qanunvericilik aktları barədə qısa da olsa məlumat verəsiniz.

- Həmkarlar Təşkilatının əsas vəzifəsi öz üzvlərinin əmək, sosial və iqtisadi hüquqlarının müdafiəçisi və təminatçısı olmaqdır. 1994-cü il fevralın 24-də ölkəmizdə "Həmkarlar ittifaqları haqqında" qanun qəbul edilmişdir. Bu qanun Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən təsdiq edilmişdir. "Həmkarlar ittifaqları haqqında" qanunun qəbul edilməsi təşkilatımızın səmərəli fəaliyyət göstərməsi üçün hüquqi baza yaradılmasını təmin etdi. Bu qanun öz dəyərinə, məzmununa görə təkcə ölkə daxilində deyil, hətta MDB məkanında bir çoxlarına demokratiyanı sözdə yox, işdə dəstəkləməyin parlaq nümunəsi oldu. Heydər Əliyevin Prezidentliyi illərində əməkçilərin sosial müdafiəsinə yönəlmiş çoxsaylı digər hüquqi-normativ aktlar qəbul olundu. Beynəlxalq Əmək Təşkilatının əsas konvensiyaları Milli Məclisdə ratifikasiya edildi. Bu gün isə biz hamımız Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Həmkarlar İttifaqı Təşkilatlarına göstərdiyi diqqət və qayğının daimi şahidiyik. Həmkarlar İttifaqı Təşkilatları işəgötürənlə bağladığı kollektiv müqavilədə işçilərin hüquqlarını müdafiəsi bütün bölmə və maddələrdə tam olaraq öz əksini tapmalıdır. Uzun müddətdir ki, yüksək elmi potensiala malik olan Fizika İnstitutunun Həmkarlar İttifaqı Təşkilatının sədriyəm. Təşkilatımızda müdriyyətlə birlikdə istənilən əməkdaşın problemləri kollegial həll edilir. Həmkarlar İttifaqı komitələri o vaxt nüfuzlu olur ki, onun sözü ilə işi bir-birini tamamlasın.

- Rəhbərlik etdiyiniz təşkilat öz üzvlərinin maddi problemlərinin həllində də iştirak edə bilirmi?

- Hər bir Həmkarlar Təşkilatı kimi biz də əməkdaşlarımızın hər birinə imkanlarımız daxilində maddi yardım edirik, müvafiq bayramlarımızı kollektivlə birlikdə qeyd edirik. Təbii ki, COVİD-19 virusu ilə əlaqədar pandemiya ilə dövründə şəhid ailələrniə, məcburi köçkünlərə və sosial təminatı aşağı olan əməkdaşlara da bizim təşkialat tərəfindən xüsusi ərzaq yardımları edilmişdir. HİK-də belə bir ənənə mövcuddur ki, əməkdaşların müraciətləri əsasında Azərbaycanın dilbər guşələrinə və xarici ölkələrə turist səfərləri təşkil edirik. Həmçinin Novruz bayramlarında əməkdaşlarımız üçün qonşu ölkələrə qısamüddətli 5 turist səfərləri təşkil edirik. Ən əsası da əməkdaşlarımızın sağlamlığını qorumaq üçün onlara mütəmadi olaraq, növbəlilik prinsipi əsasında AHİK tabeliyində olan sanotoriyalara yol vərəqələri verilir. Təbii ki, bütün bu tədbirlər pandemiyadan əvvəlki dövrə aiddir. Lakin biz ümid edirik ki, ən yaxın vaxtlarda dövlətimiz tərəfindən göstərilən misilsiz səylər sayəsində biz bu bəladan qurtulacayıq və ictimai həyatımız da yenidən öz əvvəlki axarına düşəcək.

- Sitarə xanım, İnstitunuzda gənc alim və mütəxəssislərlə iş hansı səviyyədə qurulub və onlara kifayət qədər qayğı göstərilirmi?

- Məlumdur ki, Azərbaycanda ümumiyyətlə gənclərə diqqət və qayğı yüksək səviyyədədir. Bilirsiniz ki, 2017-ci il sentyabr ayının 15-də möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı” haqqında sərəncam imzalanmışdır. Dövlət Proqramının məqsədi Azərbaycan Respublikasında gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə nail olmaq, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək, gənc nəslin sağlamlığını qorumaq, gənclərin təhsil və məşğulluq məsələlərinə diqqəti artırmaq, müasir informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə etmək, ölkədə könüllülük hərəkatını inkişaf etdirməkdir. Deməliyəm ki, bu illər ərzində institutumuzda da gənclərimizin hərtərəfli inkişafı, elmə cəlb olunması üçün müavfiq işlər görülmüşdür. Hazırda İnstitutumuzda 210 gənc çalışır. Hər il ümummili lider Heydər Əliyevin doğum günü ilə əlaqədar: ən yaxşı elmi nəticələri, impaktfaktorlu jurnallarda məqalələri çap olunmuş, qrant layihələrin iştirakçısı olan yüksək nailiyyətləri olan gənclərimizə diplom verilir, müdriyyət və HİK tərəfindən ayrılmış pul mükafatları təqdim olunur. Gənclərin xarici dillər öyrənməsi üçün kurslara getmələrinə müdriyyət və HİK daima köməklik edir. Onlar yay məktəblərinə və xarici ölkələrə ezamiyyətlərə göndərilir. Magistrlər və doktorantlar akademiyada yarımştat işə götürülür. Onların bəziləri Azərbaycan Prezidenti yanında Elmi İnkşaf Fondunun və Gənclər Fondunun digər qrant layihələrinin iştirakçısıdır. Mənzil şəraitinin yaxşılaşdırılması üçün həm İnstitut, həm də AMEA Azad Həmkarlar İttifaqının Rəyasət Heyətinə tez-tez müraciət edirlər. Bu məsələlərin həll edilməsi üçün müvafiq təşkilatlara müraciətlər edirik. Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin yaradılması (MİDA), 3 il elmi staji və elni dərəcələri olan əməkdaşlara mənzil verilməsi problemi dövlətimiz tərəfindən həll olunur. Bundan başqa hər il AMEA-da Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə AMEA İşlər İdarəsinin və Azad Həmkarlar İttifaqının Rəyasət Heyətinin dəstəyi ilə Ulu öndərin doğum gününə həsr olunmuş futbol çempionatı keçirilir. Gənclərin asudə vaxtlarını səmərəli keçirməsi, sağlamlıqlarının qorunması üçün müxtəlif (futbol, dama, şahmat və stolüstü tennis) idman yarışları, spartakiadalar daimi təşkil olunur. Futbol çempionatında və spartakiadada qalib olmuş əməkdaşlarımız istər HK, istərsə də müdiriyyət tərəfindən mükafatlandırılır. Həmçinin gənclərimizsin xarici dillər öyrənməsi üçün kursların təşkil olunmasına dəstək oluruq. AMEA-nın “Elm” uşaq düşərgəsi fəaliyyət göstərir. Düşərgədə hazırda istər AMEA Rəyasət Heyəti, istərsə də AHİ İlk Həmkarlar Təşkilatlarının dəstəyi ilə yüksək səviyyədə şərait yaradılıb. Hər il əməkdaşlarımızın övladlarınin həmin düşərgədə istirahəti ilk həmkarlar təşkilatının dəstəyi ilə həyata keçirilir.


- Təşkilatınızın fəaliyyətinə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının hər hansısa bir təsiri varmı?

- Həmkarlat Təşkilatları öz nizamnamələri və mövcud qanunlar əsasında işini qurur və digər təşkilatların bu fəaliyyətə müdaxiləsi mümkün deyil. Bu fəaliyyətin düzgün nizamlanması üçün hər ilin əvvəlində müvafiq smeta hazırlanıb təsdiqlənir. Üzv olduğumuz Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına gəlincə isə deməliyəm ki, indiyə qədər bu qurum Akademiyanın əməkdaşlarına daima hərtərəfli köməklik edib. Bizim müraciətlərimiz daima daima nəzərə alınıb və problemlərimizin həllində hər zaman AHİK rəhbərliyindən dəstək almışıq. AHİK-in dəstəyi ilə ən yaxşı elmi nəticələri olan gənclərimizə I, II və III yerə layiq görüldükləri üçün diplomlar və müvafiq məbləğdə pul mükafatları verilmişdir. Həmçinin çox vacib bir məqam kimi qeyd etməliyəm ki, AHİK müstəqil dövlətimizi xarici ölkələrdə yüksək səviyyədə təmsil edir. Eyni zamanda da Həmkarlar İttifaqı təşkilatlarının nüfuzunu qaldırmaq üçün qanunvericilikdə müvafiq dəyişikliklər edilməsində AHİK-in xidmətləri çox böyükdür.


- Sitarə xanım, ətraflı müsahibənizə görə təşəkkür edirik və inanırıq ki, bundan sonra da rəhbərlik etdiyiniz həmkarlar təşkilatının fəaliyyətilə bağlı oxucularımızı hər zaman yalnız pozitiv məlumatlarla sevindirəcəksiniz.

aia.az
Abbas Abbasov

Geri dön