Ana Sayfa > İqtisadiyyat > SOCAR:

SOCAR:


7-09-2020, 15:46. Yazar: sevinc1
SOCAR:


Əfqanıstanla birbaşa ticarət münasibətlərinin qurulması perspektivi mövcuddur.

Bunu Trend-ə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr departamentinin rəis müavini İbrahim Əhmədov deyib.

O bildirib ki, Əfqaınstan hökumətinin yüksək vəzifəli məmurları bir müddət əvvəl SOCAR rəhbərliyi ilə görüşlər zamanı neft məhsullarını birbaşa şirkətimizdən almaq niyyətlərini açıqlayıb:

“Onların sözlərinə görə, bizim neft məhsullarımız Əfqanıstana möhtəkirlər, bəzən isə qaçaqmalçılar vasitəsilə daxil olur ki, bu da məhsulların keyfiyyətinə nəzarətdə öz mənfi təsirini göstərir. Fikrimcə, Əfqanıstan tərəfi ilə gələcəkdə birbaşa ticarət münasibətlərinin qurulması perspektivi mövcuddur. O zaman bizim məhsulumuz Əfqanıstana Heydər Əliyev adına Neft Emalı Zavodunu tərk etdiyi şəkildə çatacaq”.

Əfqanıstan KİV-lərinin guya Azərbaycandan aşağı keyfiyyətli 60 tanker qazın tədarük edilməsi barədə xəbərlərə münasibətini bildirən İ.Əhmədov deyib ki, Heydər Əliyev adına Neft Emalı Zavodu mayeləşdirilmiş qazın əsas hissəsini Azərbaycanda istehsal edir:

“20448-2018 istehsal standartına uyğun olaraq, məhsulun tərkibində butanın həcmi 60 faizdən az olmamalıdır. Bizim mayeləşdirilmiş qazın tərkibində bu, 75 faizə yaxındır. Amma SOCAR bu məhsulun ixracı ilə özü məşğul olmur. Ölkə daxilində və xaricdə onun satışlarını “MəişətMayeQaz” MMC həyata keçirir. Mənə məlum olduğu qədər, bu şirkət də Əfqanıstana ixracı bilavasitə reallaşdırmır. Məhsulu ölkəyə möhtəkirlər çatdırır, məhsul son istehlakçıya çatanadək bir neçə əldən keçir”.

Həmin KİV-lərdə qeyd edilən keyfiyyət səviyyəsinə gəldikdə isə İ.Əhmədov bildirib ki, bu məhsul SOCAR-ın zavodunda həmin tərkibdə istehsal edilə bilməz:

“Sıfır butan tərkibli mayeləşdirilmiş qaz yanar maddənin çatışmazlığı ilə əlaqədar işləyə bilməzdi, bu isə daxili istehlakçının gözündən qaçmaz. KİV-dəki məlumat natamam olduğu üçün, hələlik ticarət şirkətləri tərəfindən Əfqanıstana göndərilmiş məhsulun əsas kütləsini nəyin təşkil etdiyi aydın deyil. Məhsulu kip bağlanmış sisternlərdə təzyiq altında daşımaq lazımdır. Məhsulun hansı şərtlərdə daşınması, yolda və ya şirkətlər arasında təhvil verilərkən nə baş verməsi bizə məlum deyil”.

aia.az
Geri dön