Ana Sayfa > İqtisadiyyat / Aia TV / Karusel > Azərbaycan yeni neft müqaviləsi imzaladı
Azərbaycan yeni neft müqaviləsi imzaladı17-03-2016, 10:16. Yazar: admin |
Dövlət Neft Şirkətinin Baş ofisində SOCAR və "Zenith Aran Oil Company Limited” şirkətləri arasında "Muradxanlı”, "Cəfərli” və "Zərdab” neft yataqlarının daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Sazişin imzalanma mərasimi keçirilib. Aia.az xəbər verir ki, SOCAR-ın prezidenti Rövnəq Abdullayev Azərbaycanın tarixən dünya neft sənayesinin inkişafına əvəzsiz töhfələr verdiyini diqqətinə çatdırıb, yeni enerji strategiyası çərçivəsində həyata keçirilən regional və qlobal layihələr haqqında onlara ətraflı məlumat verib. Azərbaycanın dəniz yataqlarının potensialından bəhs edən SOCAR prezidenti quruda yerləşən xam neft və təbii qaz ehtiyatlarının da mühüm əhəmiyyət kəsb etdiyini söyləyib, "Muradxanlı”, "Cəfərli” və "Zərdab” yataqlarının perspektivli olduğunu vurğulayıb. "Zenith Aran Oil Company Limited” şirkətinin baş icraçı direktoru Andrea Kattaneo Azərbaycanda fəaliyyətə başlamalarından, SOCAR-la əməkdaşlıqdan məmnun olduğunu bildirib, ölkəmizə yatırılan sərmayənin davamlı olacağına inandığını vurğulayıb. Daha sonra "Muradxanlı”, "Cəfərli” və "Zərdab” neft yataqlarının daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş imzalanıb. Bildirilib ki, sazişdə "Zenith” şirkəti 80 faizlik, bütünlükdə SOCAR-a məxsus Ortaq Neft Şirkəti isə 20 faizlik iştirak payına malikdirlər. Saziş 25 il müddətində qüvvədə olacaq. Ümumi sahəsi 642,4 kvadrat kilometr ərazini əhatə edən "Muradxanlı”, "Cəfərli” və "Zərdab” yataqlarında əvvəllər daha çox neft hasil edilsə də, hazırda burada sutkalıq hasilat təqribən 350 barel xam neft təşkil edir. Yataqlardan həmçinin, az həcmdə təbii qaz da hasil olunur ki, bu da sahənin öz təsərrüfat-istehsalat fəaliyyətində istifadə edilir. Geri dön |