Ana Sayfa > Manşet / Təhsil > ADAU – dövlət başçımızın bütün tapşırıqları operativ şəkildə həyata keçirilir
ADAU – dövlət başçımızın bütün tapşırıqları operativ şəkildə həyata keçirilir21-07-2020, 15:44. Yazar: sevinc1 |
Bu gün Azərbaycanda elm və təhsil sahələrinin ən yüksək beynəlxalq standartlara cavab verə biləcək səviyyədə yenidən formalaşdırılması istiqamətində dövlət tərəfindən davamlı olaraq həyata keçirilən əsaslı islahatların, irimiqyaslı tədbirlərin nəticəsi olaraq, hazırda ölkəmizdə fəaliyyət göstərən elm və təhsil müəssisələrində sürətli inkişaf müşahidə olunmaqdadır. Əlbəttə ki, dövlət tərəfindən işlənib hazırlanan ümumi konsepsiyaların ayrı-ayrı müəssisələrdə hansı effektivliklə həyata keçirilməsi məsələsi də əksər hallarda məhz həmin müəssisələrə rəhbərlik edən konkret insanların öz işlərinə nə dərəcədə məsuliyyətlə yanaşmalarından asılı olur. Məhz bu baxımdan Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərovun yeniliklərə son dərəcə açıq olması, müasir metodikaları tətbiq etmək bacarığı, ölkə rəhbərliyi tərəfindən qarşıya qoyulan vəzifələrin icrasında yaradıcılıq və operativlik kimi keyfiyyətləri nümayiş etdirməsi bu elm və ali təhsil müəssisənin uğurlarında əsas amillərdən biri kimi çıxış edir. Yeni regional tədris mərkəzinin layihəsi hazırdır Məlum olduğu kimi, iyun ayının 24-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Gəncəyə səfərləri çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetinin yeni tədris korpusunun açılışında da iştirak ediblər. Qeyd edək ki, ölkədə ərzaq probleminin həllində önəmli rola malik olan kənd təsərrüfatının elmi əsaslarla inkişafında həmişə mühüm rolu olmuş bu ali təhsil müəssisəsi son illər tamamilə yenidən qurulur. Azərbaycan Prezidentinin 2018-ci il 22 yanvar tarixli Sərəncamına əsasən, dövlət əsaslı vəsait qoyuluşu – investisiya xərcləri hesabına tikilmiş yeni tədris korpusunda müasir təfəkkürlü kadrların hazırlanması, eləcə də elmi tədqiqatların səmərəli aparılması üçün hər cür şərait yaradılıb. Professor-müəllim heyətinin və tələbələrin ixtiyarına ən yeni əyani vasitələr və avadanlıqla təchiz olunmuş auditoriyalar və laboratoriyalar verilib. Binada bütün zəruri infrastruktur qurulub. İnzibati xidmət və digər yardımçı otaqlar yaradılıb. Yeni tədris korpusunda ümumilikdə 3 min tələbə iki növbədə təhsil alacaq. Yeni tədris korpusunda aqronomluq, zootexniklik istiqaməti, ictimai elmlər və multikulturalizm kafedraları, interaktiv təlim-tədris otaqları fəaliyyət göstərəcək. Yeri gəlmişkən bir məqamı da qeyd etmək lazımdır ki, bu il Azərbaycan Dövlət Aqrar Universitetinin 100 yaşı tamam olacaq. Bu nöqteyi-nəzərdən, Universitetin yeni tədris korpusunun istifadəyə verilməsi həm də dövlətimizin bu nüfuzlu ali təhsil ocağının əsrlik yubileyinə hədiyyəsi, Universitet kollektivinin əməyinə ölkə rəhbərliyi tərəfindən verilən yüksək dəyərin bir göstərisidir. Əlbəttə ki, bu yüksək dəyərin, etimadın qarşılığında da Universitetin bütün kollektivi ölkəmizdə kənd təsərrüfatının daha da inkişaf etdirilməsi üçün bütün potensialını səfərbər edərək, əzmlə çalışmaqdadır. Qeyd etmək yerinə düşər ki, yenə də iyunun 24-də dövlət başçımız Samuxdakı “Aqro Dairy” MMC-nin aqroparkının fəaliyyəti ilə tanış olarkən Aqrar Universitetlə birgə regional tədris mərkəzinin yaradılması barədə bir təklif irəli sürmüşdü. Ölkə Prezidenti bu barədə belə demişdi: “Ola bilərmi ki, burada, ya da ki, Tovuz rayonunda regional tədris mərkəzi yaradılsın, Aqrar Universitet ilə birlikdə. Gəlsinlər, baxsınlar, təcrübə toplasınlar, hər yerdə belə olsun. Məncə, bu gün Azərbaycanda ən yüksək məhsuldarlıq buradadır.” Əlbəttə ki, dövlət başçımızın aqrar sahənin inkişafını xüsusi diqqət mərkəzində saxladığı halda, bu sahədə çalışan mütəxəssislər də öz üzərlərinə düşən məsuliyyəti düzgün qiymətləndirməli, ölkə rəhbərliyi tərəfindən qarşıya qoyulan vəzifələrin həlli üçün bütün imkanları səfərbər etməlidirlər. Məhz bu baxımdan da ADAU-nun rektoru İbrahim Cəfərovun bu kimi məsələlərə operativ və son dərəcə ciddi yanaşma tərzi diqqəti cəlb edir. Belə ki, Ölkə Prezidenti cənab İlham Əliyevin regional tədris mərkəzinin yaradılmasına dair tapşırığının icrası ilə əlaqədar İbrahim Cəfərov və “Aqro Dairy” MMC-nin icraçı direktoru Vahid Hacıyev arasında artıq iki dəfə onlayn müzakirələr keçirilib. Mütəxəssislərin iştirakı ilə keçirilən görüşlərin məqsədi dövlət başçımızın tapşırığının icrası ilə əlaqədar qarşıda duran vəzifələrin müzakirəsi olub. İlk görüşdə yaradılacaq regional tədris mərkəzinin fəaliyyət istiqamətləri, tətbiq olunan texnologiyaların, əldə olunan təcrübələrin yayılması, tələbələrin praktik bilik və bacarıqlarının artırılması, universitetin kadr potensialının, maddi-texniki bazasının, laboratoriyalarının potensial imkanlarından istifadəyə dair fikir mübadiləsi aparılıb. 03 iyul 2020-ci il tarixində baş tutmuş növbəti onlayn müzakirədə isə artıq regional tədris mərkəzinin layihəsinin təqdimatı olub. Təqdimatda mərkəzin məqsədi,idarə edilməsi,inzibati binası, təlim və tədris prosesinin təşkili və qiymətləndirilməsi, tələbələrin təcrübə keçməsi üçün imkanlar, laboratoriya avadanlıqları təchizat və digər məsələlərin müzakirəsi aparılıb. Əminliklə demək olar ki, artıq az bir müddətdən sonra dövlət başçımızın tövsiyyəsi ilə yaradılacaq bu regional tədris mərkəzi də ölkəmizdə aqrar sahənin inkişafına öz dəyərli tövhələrini verməyə başlayacaq. ADAU beynəlxalq reytinq cədvəlində Həmçinin bu gün, qlobal pandemiyanın törətdiyi bir çox məhdudiyyətlər şəraitində belə, Azərbaycan Dövlət Aqrar Universiteti beynəlxalq əlaqələrin möhkəmləndirilməsi istiqamətində də öz fəaliyyətini səmərəli şəkildə davam etdirməkdədir. Belə ki, 30 iyun 2020-ci il tarixində rektor İbrahim Cəfərov və Türkiyənin Ərciyəz Universitetinin rektoru, professor Mustafa Çalış arasında onlayn görüş keçirilib. Görüşün məqsədi təhsil müəssisələri arasında əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi məsələlərinin müzakirəsi olub. Rektor, professor Mustafa Çalış çıxış edərək ADAU-da əldə olunan nailiyyətləri, onun potensial imkanlarını nəzərə alaraq əməkdaşlıq əlaqələrinin inkişafında maraqlı olduğunu bildirib. ADAU-nun rektoru, professor İbrahim Cəfərov bütün sahələrdə, o cümlədən ikili diplom proqramlarının həyata keçirilməsi istiqamətində əməkdaşlığa hazır olduğunu bildirib, bütövlükdə əməkdaşlığın genişləndirilməsi üçün universitetdə mövcud olan imkanlarlar barədə təqdimat edib. Təqdirəlayiq haldır ki, dövlətimizin aqrar təhsilə qayğısı çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetində aparılan işlər və əlbəttə ki, ADAU rəhbərliyinin və kollektivinin də göstərdikləri birgə səylər nəticəsində bu ali təhsil müəssisəsinin adı nüfuzlu beynəlxalq reytinq cədvəllərindən birində – “UI Green Metric”in qiymətləndirilməsində yer almışdır. Qeyd edək ki, Dünya universitetlərinin təşkilatı tərəfindən aparılmış sonuncu qiymətləndirmələrinin nəticələrinə əsasən Azərbaycan Dövlət Aqrar Universiteti ilə yanaşı ölkəmizin daha iki ali təhsil müəssisəsi – Azərbaycan Dövlət İqtisad Universiteti və Azərbaycan Memarlıq və İnşaat Universiteti də həmin reytinq siyahısında yer almışlar. Bunu da vurğulamaq istərdik ki, reytinq cədvəlinə Vaqeninqen Universiteti, Oksford Univeristeti, Kaliforniya Universiteti başçılıq edir. İ.Cəfərov: “Prezident, Xalq, Milli Ordu birliyi sarsılmazdır” Sonda bir məsələyə də xüsusi olaraq diqqəti cəlb etmək istərdim. Bu məsələ ondan ibarətdir ki, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov təkcə ali təhsil müəssisəsinin rəhbəri, aparıcı elm xadimi kimi deyil, eyni zamanda sadə bir vətəndaş kimi də öz mövqeyini hər zaman ortaya qoymağı bacaran, ölkədə baş verən ictimai-siyasi hadisələrə operativ münasibət bildirən bir insandır. Amma mən İbrahim müəllimin bu cəhəti barədə çox danışmayacağam. Sadəcə olaraq, mən bu yazını hörmətli professorumuzun bir neçə gün bundan öncə özünün facebook səhifəsində paylaşdığı müraciətilə bitirəcəcəyəm: “Dəyərli dostlar, ətrafımızda baş verənlərə heç kim biganə qalmamalıdır, dövlət, Milli Ordu düşmənlə üz üzə ölüm dirim savaşına girərkən axşam saatlarında bir qrup satqın, xain, şərəf və ləyaqətini itirmişlər Orduya dəstək aksiyasını başqa istiqamətə yönəltmək istəmiş, təhlükəsizliyi qoruyan polisə qarşı həqarətlər yağdırmış, Milli Məclisin binasında biabırçılıqlar etmişlər. Dövlət orqanları belələrinə qarşı ciddi tədbirlər görməlidir, lakin cəmiyyət də yatmamalı, belələrini üzə çıxartmalı, onları qınaq obyektinə çevirməlidirlər. Hamı bilməlidir ki, Prezident, Xalq, Milli Ordu birliyi sarsılmazdır, Allah cənab Ali Baş Komandanı, əskər və zabitlərimizi qorusun!!!” aia.az Abbas Abbasov Elbrus Bağırov Geri dön |