Ana Sayfa > Təhsil > Azərbaycanın Heydər Əliyev adlı sönməyən günəşi
Azərbaycanın Heydər Əliyev adlı sönməyən günəşi12-06-2020, 13:09. Yazar: sevinc1 |
Hər il olduğu kimi, bu il də bütün dünya azərbaycanlıları tərəfindən Milli Qurtuluş Gününün növbəti ildönümü böyük coşqu ilə qeyd edilir. Artıq o əzəmətli tarixi gündən 27 il ötür. Məhz həmin gün xalqın təkidi ilə hakimiyyətə qayıdan Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilərək, Dövlətçiliyimizi yox olmaq təhlükəsindən xilas edib. Ulu Öndərimizin əsasını qoyduğu Milli qurtuluş fəlsəfəsi, sözün geniş mənasında, Azərbaycanın mövcudluğunu, onun ən böyük tarixi nailiyyəti olan müstəqilliyini təmin etdi. Ulu öndər çox böyük real təhlükələri qarşısına alaraq, xalqın və dövlətçiliyimizin qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. Bununla da ölkədə illərdən bəri davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, regionda və dünyada Azərbaycanın nüfuzu daha da artır. XX əsrin sonlarında yenidən müstəqillik qazanmaq kimi tarixi fürsəti əldə edən Azərbaycan qısa vaxtdan sonra onun itirilməsi təhlükəsi ilə üzləşdi. Ölkədə hakimiyyət böhranı 1993-cü ilin iyununda kulminasiya həddinə çatdı, xaos və anarxiya respublikanı bürüdü. Ümummilli lider Heydər Əliyev müstəqilliyimizin həmin mərhələsini belə xarakterizə edirdi: “Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı”. Azərbaycan dövləti onun varlığına birdəfəlik son qoyulma təhlükəsi ilə üzləşdiyi zamanda Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışını dövlətimiz üçün böyük bəxşiş kimi dəyərləndirmək mənəvi borcumuzdur. Məhz həmin çətin anlarda xalq müdrik bir liderə, xalqı və dövləti bu çətin vəziyyətdən xilas edəcək uzaqgörən siyasətçiyə inanır, güvənirdi. Mərhum Heydər Əliyevin qayıdışı və Azərbaycanda qurtuluşa nail olunması onun nəhəng siyasi xadim olduğunu təsdiqləyən əsas faktlardandır. Əminliklə söyləyə bilərik ki, Azərbaycanın bugünkü inkişafı öz başlanğıcını Milli Qurtuluş günündən götürür. Böyük bəlalardan xilas olduğu 15 İyun tarixindən ötən dövr ərzində Ulu öndərimizin rəhbərliyi ilə ölkəmizdə möhtəşəm uğurlara imza atıldı, islahatlar həyata keçirildi, iqtisadi dirçəliş baş verdi, ordu gücləndirildi. Bu fikirlərin təsdiqi kimi, “Əsrin müqaviləsi”nin əhəmiyyətini vurğulamaq kifayət edər. Həmin beynəlxalq neft sazişi Azərbaycanın sonrakı uğurlu inkişafında əsaslı rol oynadı. Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz sosial-iqtisadi, siyasi və mənəvi tədbirlərin nəticəsi kimi, bir tərəfdən Milli Ordunun formalaşdırılması, Azərbaycanın dövlət mənafelərini qorumağa qadir olan nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atılmağa başlandı, digər tərəfdən, bütün siyasi və diplomatik vasitələrin işə salınması ilə 1994-cü ilin may ayında həyati əhəmiyyət kəsb edən atəşkəs əldə edildi. Atəşkəsin həyati əhəmiyyəti onda idi ki, məhz bu müqavilədən sonra ölkəmizin dünya birliyinə inteqrasiyası sürətləndi, öz iqtisadi potensialından səmərəli istifadə edərək dünya bazarına daxil olmağa şərait yaradan beynəlxalq müqavilələr, razılaşmalar və s. əldə edildi. Ümummilli lider müasir Azərbaycan Respublikasında aparılan bütün islahatların təşəbbüskarı və müəllifidir. Həmin islahatlar bu gün də böyük uğurla davam etdirilir. Çünki ulu öndər bizim üçün mükəmməl dövlətçilik məktəbini yaratmışdır. Bu gün isə ümummilli liderin layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev Azərbaycana bacarıqla rəhbərlik edir, öz praqmatik və müdrik siyasəti ilə ölkəmizi irəli aparır. Qətiyyətlə deyə bilərik ki, Prezident İlham Əliyevin qazandığı bütün nailiyyətlərin əsasında ümummilli lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və dövlət başçımızın şəxsi keyfiyyətləri dayanır. Dövlət başçımızın bu siyasəti uğurla həyata keçirməsi nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib, ötən dövr ərzində möhtəşəm iqtisadi uğurlara imza atılıb. Bunu təkcə Azərbaycan vətəndaşları deyil, bütün dünya təsdiq edir. Prezident İlham Əliyevin istənilən məsələyə yaradıcı münasibət bəsləməsi, yeni müstəvidən yanaşması, siyasi-ictimai və geosiyasi reallıqları, iqtisadi-hərbi prosesləri, ideoloji-etnik problemləri mövcud siyasi kursun işığında yenidən dəyərləndirməsi onun yeni mərhələdə Azərbaycanın və cəmiyyətimizin müasirləşdirilməsinin baş memarı və novator dövlət xadimi kimi qüdrətli lider olmasını isbatlayır. Südabər İsmayılova, Şəki Şəhər Təhsil Şöbəsinin müdiri aia.az Geri dön |