Ana Sayfa > Təhsil > Azərbaycan üçün yaşamış rəhbər

Azərbaycan üçün yaşamış rəhbər


11-06-2020, 18:00. Yazar: sevinc1
Azərbaycan üçün yaşamış rəhbər




Tarixdə öz əməlləri ilə iz qoymuş şəxsiyyətlər sırasında Heydər Əliyevin adı xalqa xidmət baxımından birincilər sırasında çəkilir. Dahi rəhbərin hakimiyyətdə olduğu qırx ilə yaxın bir dövr ərzində qazandığımız bütün nailiyyətlərin fövqündə məhz Heydər Əliyev fenomeni, qüdrəti və dühası, uzaqgörənliklə yürütdüyü müdrik siyasi kurs dayanıb. Tariximizin ən çətin və keşməkeşli dönəmlərində Azərbaycanın və xalqımızın nicatı, qurtuluşu və xoşbəxt gələcəyi naminə böyük siyasət meydanına atılan ulu öndərimiz Heydər Əliyevin adı və ideyaları əbədi yaşayacaqdır.

Xalqımızın taleyində böyük əhəmiyyət daşıyan günlərdən biri, Milli Qurtuluş Günüdür. 1993-cü ilin iyun ayında Ulu öndər Heydər Əliyevin ikinci dəfə Azərbaycanda hakimiyyətə qayıdaraq xilaskarlıq missiyasını yerinə yetirməsi xalqımız tərəfindən dövlətimizin qurtuluşu kimi qeyd olunur. Vətənini, xalqını sevən, həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixi, Azərbaycan xalqının ölüm-dirim mübarizəsinin tarixidir və bu mübarizədən xalqımız yalnız Ulu öndər Heydər Əliyevin titanik səyləri nəticəsində qalib çıxa bilmişdir.
Müasir dövrdə ən inkişaf etmiş dövlətlərin təcrübəsi təsdiqləyir ki, yalnız təhsil sistemi yüksək səviyyədə olan ölkələr hərtərəfli tərəqqiyə nail olurlar. Azərbaycanda bütün sahələrdə olduğu kimi, elmin və təhsilin inkişafı da Ulu öndərimizin Vətəni və xalqı qarşısında misilsiz xidmətlərindəndir. İstər ötən əsrin 70-80-ci illərində, istərsə də müstəqillik dövründə Heydər Əliyev xalqımızın təkcə bugününü deyil, həm də gələcəyəni düşünərək bu sahənin inkişafına xüsusi diqqət və qayğı göstərib. Xüsusən də müstəqillik illərində milli təhsilimizi Qərb standartları səviyyəsinə yüksəltmək, milli-mənəvi dəyərlərə həssas münasibət ümummilli liderimizin yürütdüyü siyasətin prioritet istiqamətini təşkil edib. Ölkəmizdə təhsil islahatı Proqramının hazırlanması və uğurla reallaşması təhsil sahəsində Heydər Əliyev siyasətinin parlaq nümunəsidir.



Məhz bunun nəticəsidir ki, bu gün biz təhsilin keyfiyyətinin ən inkişaf etmiş ölkələrin səviyyəsinə yüksəlməsi ilə bağlı uğurlarımızla, təhsil sahəsində beynəlxalq proqram və layihələrdə iştirakımızla haqlı olaraq fəxr edirik. Bütün bunlar, şübhəsiz ki, ulu öndərimizin siyasi kursunun uğurla davam etdirilməsi, möhtərəm Prezidentimiz İlham Əliyevin təhsilə, təhsil işçilərinə diqqət və qayğısı, səmərəli fəaliyyət üçün yaratdığı əlverişli şərait və imkanlar sayəsində mümkün olub. Prezidentin təhsil sahəsinə diqqəti ardıcıl və müntəzəm xarakter daşıyır. “Təhsil haqqında” Qanunun qəbul edilməsi, təhsil sistemində islahatların daha sürətlə davam etdirilməsi, ən mütərəqqi texnologiyaların tətbiqi, müəllimlərin əmək haqlarının müntəzəm olaraq artırılması, onların pedaqoji biliyinin yüksəlməsi bu sahənin dünya səviyyəsinə yüksəlməsinə imkan verib.

Ulu öndərimiz qayğıya ehtiyacı olan insanlara, xüsusən də uşaqlara həmişə diqqət və qayğı göstərib. Bu gün Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu bu istiqamətdə də böyük işlər görür, Mehriban xanım Əliyeva fəaliyyət göstərdiyi hər bir sahədə böyük uğurlar qazanılmasına, qlobal layihələrin gerçəkləşməsinə, mədəni irsimizin dünyada tanınmasına nail olub, təhsil və səhiyyəmizin inkişafına güclü dəstək verib. Bu qədər gərgin işlə məşğul olmasına baxmayaraq, fəaliyyətinin əsas hissəsini xalqımızın gələcəyi olan uşaqlara yönəldir, onlara xüsusi diqqət və qayğı ilə yanaşır. Yardıma və qayğıya ehtiyacı olan hər bir kəsə, xüsusən də əlil və xəstə uşaqlara həmişə kömək edir.

Ulu öndər bütün mənalı həyatını xalqına həsr etmişdi, Azərbaycan üçün yaşamışdı, öz ideyaları, amalları, idarəçilik və diplomatik təcrübəsi ilə mükəmməl bir elmi-siyasi məktəb yaratmışdı. Bu gün Azərbaycanın milli ideologiyasını, iqtisadi-siyasi gerçəkliyini, mədəni həyatını özündə əks etdirən və möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən siyasi kurs da bu məktəbdən qidalanır, gücünü, qüdrətini Heydər Əliyevin amallarından alır. Odur ki, məhz bu siyasi kurs müstəqil Azərbaycanı xoşbəxt gələcəyə inamla aparmağa qadirdir.

Hər bir azərbaycanlı kimi biz də işimizlə, əməllərimizlə Heydər Əliyev ideyalarına sadiq qalaraq gələcək uğurlar üçün əlimizdən gələnləri əsirgəməməliyik.

Rüfət Hacıyev,
Quba rayon Təhsil Şöbəsinin müdiri
aia.az

Geri dön