Ana Sayfa > Manşet / Siyasət > Spiker deputatlara səsləndi:

Spiker deputatlara səsləndi:


19-05-2020, 16:33. Yazar: sevinc1
Spiker deputatlara səsləndi:


Milli Məclisin Sədri Sahibə Qafarova hələ də özünə köməkçi seçməyən deputatlara müraciət edib.

Trend-in məlumatına görə, Sahibə Qafarova Milli Məclisin bu gün keçirilən iclasında bildirib:

"Mayın 15-də bu salonda mən Milli Məclis Aparatının rəhbəri və digər məsul şəxsləri ilə birlikdə Bakı, Sumqayıt və Abşeronun seçki dairələrindən seçilmiş deputatların köməkçiləri ilə görüş keçirdim. Karantin rejimi olduğuna görə bölgələrdən deputat köməkçilərinin Bakıya dəvət edilməsi uyğun sayılmadı. Biz onlarla videokonfrans formatında görüş keçirməyi nəzərdə tuturuq.

Haqqında bəhs etdiyim görüşdə yeni təyin edilmiş köməkçilərin fəaliyyət istiqamətləri və vəzifələri barəsində geniş fikir mübadiləsi aparıldı. Bildiyiniz kimi, Prezident İlham Əliyev altıncı çağırış Milli Məclisin birinci iclasında söylədiyi proqram xarakterli nitqində parlamentin fəaliyyətinin yol xəritəsini müəyyən edib.

Dövlət başçısı öz tövsiyələri ilə biz deputatların qarşısında yeni vəzifələr irəli sürüb.
Ən mühüm vəzifələrdən biri budur ki, deputatlar seçildikləri dairələrdə fəal iş aparmalı, seçicilərlə daim təmasda olmalıdırlar. İnsanları narahat edən məsələlərin aşkara çıxarılması və dövlət orqanları qarşısında qaldırılması deputatlıq fəaliyyətinin ən vacib istiqamətlərindən birini təşkil etməlidir.

Deputatın vəzifə və səlahiyyətlərinin dolğun şəkildə həyata keçirilməsində deputat köməkçilərinin üzərinə böyük məsuliyyət düşür. Yəqin mənimlə razılaşarsınız ki, biz köməkçilərimizdən yüksək bilik və bacarıqla yanaşı, təşəbbüskarlıq və fəallıq da gözləyirik.

Mən inanıram ki, deputat köməkçiləri ilə bu cür görüşlər ümumi işin xeyrinədir və bunları davam etdirmək lazımdır.

Hörmətli həmkarlar, sizdən xahişim budur ki, öz köməkçilərinin namizədliyini hələ də müəyyən etməmiş deputatlar bu məsələni tezliklə həll etsinlər və köməkçilərinin namizədliyini Milli Məclisin Aparatına təqdim etsinlər".

aia.az
Geri dön