Ana Sayfa > İqtisadiyyat / Manşet / Karusel > Mehriban Əliyeva tapşırıq verdi - Heydər Əliyev Fondu kəndlərdə+Fotolar
Mehriban Əliyeva tapşırıq verdi - Heydər Əliyev Fondu kəndlərdə+Fotolar3-03-2016, 14:02. Yazar: admin |
Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Regional İnkişaf” İctimai Birliyi (RİİB) təsis edilib. Martın 2-də İsmayıllı rayonunda İctimai Birliyin ilk iclası keçirilib. "Qafqazinfo"ya daxil olan məlumata görə, başlıca məqsədi ölkənin ictimai-siyasi, sosial-mədəni həyatında, vətəndaş cəmiyyəti quruculuğunda daha fəal layihələr həyata keçirmək, aparılan islahatlar, o cümlədən dövlət tərəfindən regionların inkişafı üzrə həyata keçirilən tədbirlərə geniş dəstək göstərmək olan “Regional İnkişaf” İctimai Birliyi, eyni zamanda vətəndaşlarla dövlət və bələdiyyə orqanları arasında qarşılıqlı dialoqun qurulması, ictimai nəzarət mexanizminin gücləndirilməsi istiqamətində fəaliyyət göstərəcək. “Regional İnkişaf” İctimai Birliyinin ilk iclasında çıxış edən Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov bildirib ki, ötən müddət ərzində Fond tərəfindən “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək”, “Uşaq evləri və internat məktəblərinin inkişafı”, “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramları çərçivəsində paytaxt və regionlarda orta məktəb, məktəbəqədər təhsil müəssisələri inşa və əsaslı təmir edilib, əhalinin səhiyyə problemlərinin aradan qaldırılması, ölkədə ekoloji durumun yaxşılaşdırılması istiqamətində mühüm işlər görülüb. Heydər Əliyev Fondunun öz fəaliyyətində xalqa və vətənə xidmət yolunu əsas seçdiyini deyən Anar Ələkbərov qeyd edib ki, Fond Azərbaycanda bütün sahələrin inkişafı istiqamətində layihələr həyata keçirir, tariximiz, mədəniyyətimiz, incəsənətimiz, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan həqiqətlərinin dünyada tanıdılması üzrə müxtəlif proqram və layihələr, o cümlədən “Xocalıya ədalət” beynəlxalq kampaniyasını reallaşdırır. 2012-2015-ci illər ərzində Heydər Əliyev Fondu tərəfindən xaricdə Azərbaycanın təbliği ilə bağlı 250-dən çox tədbirin keçirildiyini diqqətə çatdıran Anar Ələkbərov bildirib ki, qarşıdakı illər ərzində Fondun fəaliyyətində əsas istiqamət regionlarda müxtəlif layihələrin icrasına yönələcək. “2016-2017-ci illərdə biz regionlarda işlərimizin genişlənməsini prioritet elan etmişik. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, Fond tərəfindən “Regional İnkişaf” İctimai Birliyi təsis olunub. İctimai Birliyin əsas fəaliyyəti ictimai nəzarətin gücləndirilməsi, Heydər Əliyev Fondunun beynəlxalq layihələrinin Azərbaycan çərçivəsində tətbiq olunması, gənclərlə iş sahəsinə yönələcəkdir. Fondun prezidenti Mehriban Əliyeva tərəfindən qarşımızda qoyulan ən vacib məsələ dövlət strukturları ilə əhalinin əməkdaşlığının qurulmasından ibarətdir”,-deyə Anar Ələkbərov bildirib. Toplantıda qeyd olunub ki, İctimai Birliyin fəaliyyəti çərçivəsində ölkənin müxtəlif regionlarına səfərlər ediləcək, daxil olan təkliflərin təhlili aparılacaq. Təşkilat tərəfindən fərdi maraqlar baxımından deyil, kollegial müraciətlərə baxılacağı diqqətə çatdırılıb. Daha sonra çıxış edən “Regional İnkişaf” İctimai Birliyinin sədri Məhəmməd Abdullayev təşkilatın əsas vəzifələri barədə məlumat verib. Bildirib ki, RİİB regionlarda əhalinin elm, təhsil, səhiyyə, idman, turizm, ekologiya, sosial təminat, mədəniyyət, incəsənət, sahibkarlığın inkişafı və digər sahələrdə mövcud problemlərinin öyrənilməsi və onların həlli, vətəndaşların qanunvericilik aktları ilə müəyyən edilmiş hüquqlarının qorunması istiqamətində tədbirlər həyata keçirəcək. RİİB eyni zamanda regionlarda valideyn himayəsindən məhrum, xüsusi qayğıya ehtiyacı olan, eləcə də sağlamlıq imkanları məhdud olan gənclərin dünya görüşlərinin və praktiki biliklərinin artırılması, gənclərin dövlətimizin bugünkü və gələcək prioritetləri üzrə birgə fəaliyyət göstərməsinə imkanlar yaradılması, təhsil almaq imkanlarının yaxşılaşdırılması, cəmiyyətə aktiv inteqrasiyasının təmin edilməsi işinə dəstək məqsədilə layihələr həyata keçirməyi, əhalinin həyat səviyyəsinin öyrənilməsi, təhlili, eləcə də əhalinin həyat səviyyəsinin yüksəldilməsini təmin edən tədbirlərin hazırlanması və həyata keçirilməsini qarşıya məqsəd qoyub. Regionlarda sahibkarlığın və turizmin inkişafına xidmət edən proqramların, eləcə də məşğulluq proqramlarının hazırlanması və icrasını həyata keçirəcək İctimai Birlik bölgələrdə güclü insan kapitalının formalaşdırılması və inkişaf etdirilməsi istiqamətində layihələr reallaşdıracaq. RİİB-in layihələri, həmçinin gənclərin milli-mənəvi dəyərlərə, ənənələrə, tarixi keçmişinə bağlı ruhda böyüməsi, eləcə də ölkəmiz və dünya mədəniyyəti haqqında bilik və məlumatlarının artırılması istiqamətinə yönələcək. Birliyin müxtəlif regional mərkəzləri respublikanın şəhər və rayonlarında təşkilatın qarşıya qoyduğu vəzifələrdən irəli gələrək ayrı-ayrı sahələr üzrə təhlillər aparacaq, əhali ilə sıx münasibətlərin qurulması, mövcud problemlərin aşkarlanması, müxtəlif sahələr üzrə birbaşa məlumatların əldə edilməsi məqsədi ilə vətəndaşlarla yerlərdə görüşlər keçirəcək, fəaliyyət istiqamətinə uyğun olaraq işlər aparacaq. RİİB-in İsmayıllı rayonunda keçirilən ilk iclasında çıxış edən millət vəkili, Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov bugünədək Heydər Əliyev Fondunun bütün təşəbbüs və layihələrinin uğurla həyata keçirildiyini bildirib. Onun sözlərinə görə, “Regional İnkişaf” İctimai Birliyinin yaradılması da insanların həyatında mühüm rol oynayacaq. Millət vəkili qeyd edib ki, Fondun layihələri respublikanın hər bir yerini əhatə edib və bu layihələr vətəndaşlar tərəfindən də dəstəklənir. Yeni yaradılan birlik də ictimai nəzarət baxımından mühüm əhəmiyyət kəsb edir. “Bu məsələyə dövlət başçısı da xüsusi diqqətlə yanaşır. Azərbaycan Prezidenti son çıxışlarında bunu açıq bildirdi ki, artıq biz tamamilə başqa dövrə keçirik. Bu dövrdə insanların məşğulluğu, yerli iqtisadiyyatın qaldırılması və təbii ki, ictimai nəzarətin güclü olması çox vacibdir. Ona görə, “Regional İnkişaf” İctimai Birliyinin yaranması hər birimiz üçün müsbət haldır”,- deyə Fuad Muradov bildirib. Tədbirdə çıxış edən rayon ağsaqqaları və gənclər Heydər Əliyev Fondunun bugünədək İsmayıllıda müxtəlif sahələrdə həyata keçirdiyi layihələrdən, o cümlədən Fondun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Basqal kələğayısının, Lahıcda geniş yayılan misgərlik sənətinin UNESCO-nin qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilməsindən danışıblar. Yeni birliyin yaradılmasını təqdirəlayiq hesab edən rayon sakinləri təşkilatın fəaliyyətinə hər cür dəstək göstərəcəklərini bildiriblər. Diskussiya formasında keçən tədbirdə rayonda turizmin inkişafı, istedadlı gənclərə dəstək və bununla bağlı təlim mərkəzinin yaradılması, yeni iş yerlərinin açılması, sosial, kənd təsərrüfatı, təhsil sahələrinə, həmçinin gənc sahibkarlara dəstək və digər məsələlərdə Birliyin rolu barədə müzakirələr aparılıb. Tədbirdən sonra Heydər Əliyev Fondunun nümayədələri İsmayıllı rayonun kəndlərində olublar, sakinlərin problemləri ilə maraqlanaraq onların təkliflərini dinləyiblər. Sakinlər “Regional İnkişaf” İctimai Birliyinin yaradılmasından məmnunluqlarını ifadə ediblər, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya bu təşəbbüsə görə minnətdarlıqlarını bildiriblər. Diqqətə çatdırılıb ki, əhali ilə ünsiyyətin genişləndirilməsi və qarşıya qoyulan vəzifələrin reallaşması üçün İctimai Birliyin yaxın vaxtlarda “Qaynar xətt”i və “WhatsApp” mesaj xidməti istifadəyə veriləcək. Təşkilata daxil olan yazılı müraciətlər, “Qaynar xətt” telefon xidmətinə və “WhatsApp” mesajlarla göndərilən müraciətlər, foto və videomateriallar təhlil ediləcək, qurumun fəaliyyət sahələrinə və vəzifələrinə uyğun olaraq baxılacaq. Mehriban Əliyeva tapşırıq verdi - Heydər Əliyev Fondu kəndlərdə+Fotolar Geri dön |