Ana Sayfa > Yazar1 > Sinevir gölünün əfsanəsi

Sinevir gölünün əfsanəsi


19-05-2020, 14:20. Yazar: sevinc1
Sinevir gölünün əfsanəsi



Əziz uşaqlar, yaxın oturun, sizə Karpat dağlarının heyranedici gölü – Sinevir gölünün əfsanəsini danışacam.

Biri var idi, biri yox idi, Karpat dağlarının ətəklərində qədim bir kənd var idi. Bu kəndin üç tərəfi meşə ilə əhatə olunmuş, bir tərəfindən isə iki dağ çayı birləşərək, üzüaşağı axıb gedirdi. Ucsuz - bucaqsız şam, küknar meşələri, vələs, fısdıq , qoz, palıd , şabalıd ağaclarının füsunkar görünüşü, meşələrin ətəyindən axan gözyaşı kimi tərtəmiz mineral bulaqlar, uzanıb gedən çəmənliklər və həmin çəmənliklərdə bitən ətirli rəngbərəng güllər buraya xüsusi gözəllik verirdi. Üzüaşağı baxdıqca meyvə bağları, taxıl zəmiləri, üzümlük sahələri göz oxşayırdı. Əgər bu yerlərə ən təcrübəli səyyah belə gəlsəydi, mənzərələrin zənginliyindən təəccüblənə bilərdi. Rənglərin əzəməti, hər bitkinin bənzərsiz ətrini duymaq nə qədər xoşdur.Yalnız burada ətirli, ulduza bənzəyən nərgiz (narçiss) gülünü tapmaq olar. Buradakı dağ çayları, havanın zəngin oksigei insanları özünə cəlb edir. Bu kəndin insanlarında da təbiətindən gələn bir gözəllik və xeyirxahlıq vardı.

Amma burada çox zəngin və zəngin olduğu qədər də xəsis, qəddar bir qraf da öz qızı Alesiya ilə birlikdə yaşayırdı. Qraf kəndin insanlarına zülm edər, onları səhərdən axşama kimi işlədər və cüzi əməkhaqqı verərdi.
Alesiya isə çox xeyirxah və mehriban qız idi. Onun əsrarəngiz mavi gözləri, qarğıdalı saçaqları kimi sarışın, uzun hörükləri vardı. Qraf öz qızını çox sevər, ondan heç nə əsirgəməzdi.

Qrafın ən çox sevdiyi məşğuliyyəti ov etmək idi. O, tez - tez maral, ayı, dovşan, dələ, canavar, vəhşi qaban ovuna gedərdi. Hərdən meşəyə ova gedəndə Alesiyanı da özü ilə aparırdı. Alesiyanın anası o balaca olanda dünyasını dəyişmişdi. Qraf isə bir daha ailə qurmamış, Alesiyanı xoşbəxt etmək üçün əlindən gələni edirdi.

Bir dəfə qraf yenə də Karpat dağlarına ova çıxmışdı. Gözəl Alesiya da onunla getmişdi. Onlar ovdan sonra, bir talada oturub dincəlirdilər. Elə bu zaman yaxınlıqdan həzin tütək səsi eşidildi. Alesiya musiqini çox sevirdi. O, axtarıb tütəkçini tapdı. Bu Taras adında gənc, yaraşıqlı bir oğlan idi.
Bu tanışlıqdan sonra Alesiya tez – tez Tarasın musiqisini dinləmək üçün onun yanına gəlirdi. Taras Karpatın əlvan çiçəklərindən Alesiyanın saçlarına çələng düzəldir, onun üçün tütək çalırdı. Beləliklə, Alesiya ilə Taras xoşbəxtcəsinə günlər keçirirdilər.
Qraf qızının kasıb bir tütəkçi ilə görüşdüyünü eşitdi. Zadəgan qızının sadə bir musiqiçi ilə görüşməsi onu əsəbiləşdirdi. O, Alesiyaya Tarasla görüşməyi qadağan etdi.



Tarasın atası da oğlunun qrafın qızı ilə görüşdüyünü eşidəndə məyus oldu. Ata başa düşdü ki, oğlu Alesiya ilə bir – birini sevir. Bu sevginin yaxşı sonluqla bitməyəcəyini hiss edən ata, Tarası Mejqoroda, qardaşıgilə göndərmək istədi ki, bəlkə Alesiyanı unuda bilər. Taras atası ilə razılaşmadı, Alesiya ilə gecələr, gizlincə görüşməyə başladı. Alesiya hər gecə Tarasın yanına qaçır, onlar bir – birinə sığınaraq, ümidsiz sevgilərinə gözyaşı axıdırdılar. Elə bil ki, qarşıdan gələn ayrılığın acısını gözyaşları ilə uzaqlaşdırmaq istəyirdilər.
Xəbərçilər gedib qrafa xəbərlədilr ki, qızı yenə də gecələr Terebli çayının sahilində, tütəkçi ilə görüşür. Bundan qəzəblənən qraf Tarası öldürtmək qərarına gəldi. O, adamlarını göndərdi, onlar Tarası öldürüb Terebli çayına atdılar..

Qraf qızını zəngin bir mülkədarın oğluna ərə vermək istəyirdi. Bütün bu hadisələrdən xəbərsiz olan Alesiya görüş yerinə gəldi. Tarasını gözlədi, gözlədi, lakin Taras gəlib çıxmadı. Alesiya məcbur olub sevgilisinin evinə getdi və işin nə yerdə olduğunu öz gözləri ilə gördü.
Tarasın onun öz atası tərəfindən öldürüldüyünü anlayan Alesiya gecənin qaranlığında, göz yaşları axıdaraq, Karpat meşələrinin dərinliklərinə doğru qaçmağa başladı. Tarasla ilk dəfə görüşdüyü talaya gəldi. Atasının adamları nə qədər axtardılarsa da Alesiyanı gördüm deyən olmadı. Mavi gözlü Alesiya talada oturub, o qədər ağladı ki, gözyaşlarından Sinevir gölü əmələ gəldi. Daha taqəti qalmayan Alesiya özünü gözyaşlarından yaranan, onun gözlərini xatırladan həmin mavigözlü gölün sularında qərq etdi.

O, öz gözyaşlarında boğulsa da, bu gözyaşlarından yaranan göl sevənlərin əhdi – peyman yerinə , sevgilərə ruh, sevgiyə inam- etibar hisslərini gücləndirən qol – qanad bəxş edən bir ibadətgaha, and yerinə çevrildi.

Şəcahan Gün



Geri dön