Ana Sayfa > İqtisadiyyat / Aia TV / Karusel > Dollar əmanətləri ilə bağlı unikal təklif
Dollar əmanətləri ilə bağlı unikal təklif29-02-2016, 12:17. Yazar: admin |
"Son bir ildə kəskin dollarlaşma müşahidə edilən ölkəmizdə xarici valyutanın depozitlərdə və o cümlədən kredit portfelində payı hiss edilən dərəcədə artıb. 21 milyard 718 milyon manatlıq kredit portfelinin 10 milyard 705 milyon manatı xarici valyutadadır. Son zamanlar bankların istehlak kreditlərinin böyük əksəriyyəti dollarladır. Bu baxımdan da, manatın devalvasiyasından sonra həmin kreditlərin qaytarılmasında ciddi problemlər müşahidə edilir. 9 milyard 473 milyon manatlıq depoztilərin isə nə az-nə çox təxminən 85 faizi dollarladır". Aia.az-in məlumatına görə, bunu İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri Vüqar Bayramov söyləyib. O bildirib ki, bankların dollar ilə kredit təklifi başa düşüləndir. Əgər bank vətəndaşdan dollar ilə depozit cəlb edirsə o zaman həmin vəsaiti elə həmin valyutada kredit formasında təklif etməlidir: "Vətəndaşın manata inanmayıb əmanətini dollar ilə saxladığı halda bankdan milli valyutaya inam tələb etmək olmaz. Digər tərəfdən, bankların xarici borclanması da dollarladır. Deməli, bankların cəlb etdiyi vəsaitlərin strukturunda xarici valyuta üstünlük təşkil edir və bu da kreditlərin valyuta növünə təsir göstərir. Amma bu heç də o anlamına gəlməməlidir ki, milli valyuta ilə kredit təklifini artırmaq mümkün deyil. Mümkündür- əgər proseslərə daha çox seyrici kimi yanaşan Mərkəzi Bank kredit təşkilatlarını və əmanətçiləri təşviq edən fəaliyyətlər həyata keçirməyə çalışarsa. Manatla kreditlərin verilməsi üçün bankların cəlb etdiyi vəsaitlərin valyuta strukturunun dəyişdirilməsinə ehtiyac var. Yəni, bank manatla nə qədər çox vəsait cəlb edərsə o qədər də çox milli valyuta ilə kreditlər təklif edəcək. Bu isə Mərkəzi Bankın mərkəzləşdirilmiş kreditlərinin həcminin artırılması ilə mümkündür. Əvvəlla, Mərkəzi Bank bankları daha çox kreditlə təmin etməklə onlara həm daha ucuz borclanmaq, həm də manatla kredit təklif etmək imkanı yaratmalıdır. Bu halda bankların manat bazası genişləndiyi üçün milli valyuta ilə daha çox kreditlər təklif edə biləcək. Amma təəssüf ki, məzənnə və infilyasiya təzyiqindən ehtiyatlanan baş bankda kommersiya banklarını manatsız saxlamaq prinsipi hələ də davam edir. İkincisi, mərkəzləşdirilmiş kreditlər şəffaf və açıq şəkildə bölüşdürülməlidir. Bütün banklara bu vəsaitlərə baryersiz çıxış imkanı verilməlidir". Mütəxəssis hesab edir ki, birinci devalvasiydan öncə təklif edilən manatla əmanətlərin indeksasiyası həyata keçirilməlidir: "Təəssüf ki, Mərkəzi Bank dollarlaşmanın qarşısın alacaq bütün islahatlardan kənar durmağa çalışır. Halbuki, zamanında indeksasiya sisteminin tətbiq edilməsi milli valyutaya təzyiqi ciddi şəkildə azaldardı. Bu mexanizminin tətbiqi imkan verəcək ki, insanlar öz depozitlərini milli valyutada saxlasın. Çünki hələ də bir çox insanlarda pulu dollar ilə yoxsa manatla saxlamaq ilə bağlı qərarsızlıq var. İndeksasiya bu qərarsızlığı aradan qaldıra bilər. Bu zaman indeksasiya ilə bağlı potensial və ya virtual xərclər dövlət tərəfindən qarşılanır. Banklarda manatla yerləşdirilən əmanət dollara indeksasiya edilir. Müqavilə üzrə müddət başa çatdıqdan sonra isə əmanətçi öz manatla olan pulu götürən zaman milli valyutanın dəyəri aşağı düşdüyü halda isə yaranan fərq məhz indeksasiya olunduğu üçün dövlət tərəfindən qarşılanır. Yəni, manat dollar nisbətən ucuzlaşarsa fərq qarşılanır, milli valyutada dəyər qazanırsa əmanətçi dollar ifadədə daha çox qazanır. Eyni zamanda, indeksasiya banklarda olan əmanətlərə tətbiq edildiyindən və evdə saxlanan pulları əhatə etmədiyindən banklardakı depozitlərin də həcminin artmasına gətirib çıxaracaq. Vətəndaşların əksəriyyəti öz pullarını evdə deyil, banklarda saxlamağa üstünlük verəcəklər. Bu isə manatla əmanətlərə marağı artırar və nəticədə vətəndaş pulunu bankda milli valyutada saxlamaqda maraqlı olar. Bu isə banklara cəlb edilən milli valyutanın həcmini artırır və nəticədə banklar manatla daha çox kredit təklif etmək imkanı qazanırlar". İqtisadçının fikrincə, Azərbaycanda dollar ilə təklif edlən kreditlərin həcmini məhdudlaşdırmaq və vətəndaşların milli valyuta ilə borclanmasını təşkil etmək mümkündür. Bu isə çoxlu sayda ailələrdə hal-hazırda əsas problemə çevrilən dollar ilə kreditlərin geri qaytarılması çətinliyinin gələcədə qarşısını ala bilər- təbii ki, əgər Mərkəzi Bank təklif edilən real addımları atarsa. Geri dön |