Ana Sayfa > Təhsil > Evdəqal - amma dərsdən geri qalma

Evdəqal - amma dərsdən geri qalma


27-04-2020, 10:39. Yazar: sevinc1
Evdəqal - amma dərsdən geri qalma


Dünyanın 210 ölkəsində qeydə alınmış koronavirus öz coğrafiyasını durmadan genişləndirməkdədir. Bu virus insanların sağlamlığına ciddi təhdid yaratmaqla yanaşı, təhsil sistemini də böyük bir təhlükəyə sürükləməkdədir.

Bütün dünyada həyəcana səbəb olan koronavirusla bağlı hazırda Azərbaycanda da pandemik şərait müşahidə olunmur. Koronavirus infeksiyası ilə bağlı vəziyyət dövlət başçısının ciddi nəzarəti altındadır. Dövlət səviyyəsində koronavirusun Azərbaycanda yayılmaması, əhalinin sağlamlığının mühafizəsi ilə bağlı bütün lazımi addımlar atılır, ən yüksək səviyyədə qabaqlayıcı tədbirlər görülür. Bu gün əsas məsələ panikaya qapılmamaq, boş və heç bir əsası olmayan dezinformasiyalara inanmamaqdır. Hökumət virusun yaratdığı fəsadları minimuma endirmək üçün vətəndaşlara EVDƏQAL çağırışı etsə də, onların gündəlik həyatdan geri qalmamaları üçün bütün mümkün şəraitin yaradılmasında əlindən gələni edir.

Təhsil sistemində gecikmələrin yaranmaması, tələbələrin dərslərdən geri qalmaması üçün onlayn dərs sisteminin tətbiqi də görülən başlıca tədbirlərdəndir. Bir çox vətəndaşlar onlayn dərslərin effektiv olmadığını düşünsələr də bu heç də belə deyil. Bu metod dünyada artıq uzun illərdir tətbiq olunan və lazımi sınaqlardan keçmiş bir öyrətmə üsuludur. Düzgün metodika seçildikdə və tələbələrdə düzgün motivasiya yaradıldıqda bu sistem çox effektiv ola bilir.

Xarici dilin tədrisində daha qədim metod olan başa salma və müasir dövrün tələbi olan innovativ metodların sintezindən düzgün istifadə edilməsi daha effektiv nəticələrin əldə olunmasına köməklik edir. "Bəs bu metodların məğzi nədən ibarətdir?” sualına isə belə bir açıqlama vermək olar.

Təhsilin formal vəziyyətə gəldiyi Qədim Yunan məktəblərində,orta əsr mədrəsələrində və xristian məktəblərində, məktəbdə başa salınan mövzular, bir sözlə, təhsil bu metodla öyrədilirdi.İstər elm və cəmiyyət, istərsə də dini mövzular ən yaxşı şəkildə ancaq sözlə başa salına bilinirdi.Şagirdlər çox passiv idilər və sadəcə qulaq asaraq qiymət alırdılar.

Bu metod bu gün də, xüsusilə, sosial elmlər üzrə və sözlü başa salma tələb edən bütün təhsil fəaliyyətlərində istifadə edilir.

Təhsil vasitəsilə qısa zamanda keyfiyyətli bilik verilməsi lazımdırsa, istifadə ediləcək ən yaxşı metod bu metoddur.

Ancaq bu metoddan yaxşı istifadə edilməsi müəllimin xarakterinə, səs tonuna, danışma gücünə, dialektik metodu yaxşı istifadə etməsi, jest və mimikalarına bağlıdır.Bu metodla dərs başa salınarkən təsvir,açıqlama və hekayə çox böyük ustalıqla istifadə edilməlidir.


Başa salma metodunun əksik və qüsurlu tərəfləri

Başa salma metodu dövrümüzün müəllimləri tərəfindən çox pis şəkildə istifadə edilmiş və hətta qadağan edilməsi də istənilmişdir. Bu haqsız və həddindən artıq şişirdilmiş qiymətləndirmələri düzgün deyil.Amma yenə də başa salma metodunun bəzi qüsurlu tərəfləri var.

Başa salma metodunda daha çox eşitmə orqanı böyük rol oynayır.Halbuki, təhsildə nə qədər hiss etmə orqanları istifadə edilsə, o qədər keyfiyyətli olar.Görməyə əsaslanan biliklərin və psikomotor davranışların bu metodla öyrədilməsi çox çətindir.

Şagird dərsə aktiv qoşulmadığı üçün dərsə qulaq asmamış ola bilir.Yarım yamalaq qulaq asılan bir dərsdə də bilgilər tam olaraq mənimsənilmir və qısa zamanda unudulur.

Əgər müəllim; biliyi,səs tonu,vurğulamaları,istifadə edəcəyi müxtəlif yöntəmlərlə dərsi qulaq asılacaq bir hala gətirməzsə ,şagirdlər qısa zamanda sıxılar ,motivasiyaları düşər və dərsdən uzaqlaşarlar.Kimi rəsm çəkər,kimi ətrafındakılarla danışmağa başlayar,kimisi də dərsi dinləyirmiş kimi görünməyinə baxmayaraq zehnən və ruhən başqa yerlərdə olar.İnsanın marağını çəkmədiyi mövzularda 15-20 dəqiqədən çox dinləyə bilməməsi,diqqəti dərsdə saxlamaq üçün tez-tez jest,mimika ,səs tonu,mövzu dəyişdirmə kimi diqqət çəkən üsullardan istifadə unudulmamalıdır.

Yaxşı təhsil vermək üçün müəllimin qarşısındakı şagirdlərin bilik,ehtiyac və bacarıqlarını düzgün qiymətləndirməsi lazımdır. Davamlı olaraq öyrətmə metodu ilə dərs keçən müəllim tanımadığı bir qrupa bəlli bir sistemi başa salmağa çalışır.Bu, adətən, qaranlıqda iynə axtarmağa bənzəyir.Belə vəziyyətdə artıq təhsilin keyfiyyəti şansa qalır.

Bu metod tamamilə kitabi bilgilərə əsaslandığından şagirdi araşdırma və təhlil etmə əvəzinə qalıq bilgiləri əzbərləməyə məcbur edir.Tarix boyunca bu metodun ortaya çıxardığı ən çox istifadə edilən öyrətmə üsulunun əzbərləmə olduğu görülmüşdür.


Başa salma metodunun yaxşı cəhətləri:

Bütün qüsurlara baxmayaraq başa salma metodunun hal-hazırda təhsil sisteminin hər səviyyə və dərsində hələ də ən geniş yayılmış dərs keçmə metodu olmasını,onun bəzi müsbət tərəflərinin olduğunu görürük.

Burada müəllimin mövzunu yaxşı bilməsi,dərsi daha axıcı bir dillə başa salması,lazım olarsa, bəzi üsullardan,məsələn, qrafik,film yaxud diyapozitifdən istifadə etməsi lazımdır. Müəllim və dərsi təqdim edən digər bir şəxsin dinləyicilərlə yaradacağı səmimi bir münasibət, onlarla quracağı nəzakətli bir dialoq sayəsində tələbələrin daha yaradıcı şəkildə dərsə qoşulmaları sinifdə çox yaxşı bir atmosferin yaranması ilə nəticələnə bilər.

Bu metodun digər müsbət tərəfləri arasında bunları da sadalaya bilərik.Mövzuların daha çox dinləyici olan qruplara təqdim edilməsinin ən yaxşı metodu budur. Bu öyrətmə metodu sayəsində dinləyicilər diqqətlərini uzun müddət bir mövzuya cəmləməyi,səbrlə dinləməyi,qeyd götürməyi və.s. öyrənirlər.

Başa salma metodunun daha effektiv olaraq istifadə edilməsi üçün diqqət ediləcək məsələlər:

Əgər aşağıdakı məsələlərə diqqət edilərsə, hər müəllimin istifadə etmək məcburiyyətində qaldığı bu metod daha güclü bir hala gətirilə bilər.

Bu metodun effektiv tətbiq edilməsi üçün müəllimlərin istifadə etdikləri dili çox yaxşı bilmələri tələb olunur.Müəllimin səs tonu,tələffüzü,diksiyası,səs tonu kimi özəllikləri də mükəmməl olmalıdır.

Dilin yaxşı istifadə edilməsi sadəcə yuxarıda sadalanan özəlliklərlə olmaz, digər tərəfdən canlı, həyəcanlı və axıcı bir şəkildə, lazım gəldikdə isə jest və mimikalarla başa salma kömək edə bilər.

Müəllim dərsə başlamazdan əvvəl qarşısındakı dinləyici qrupunun yaşını, bilik səviyyəsini,maraqlarını və.s. öyrənməli, hətta bunun üçün giriş yoxlaması etməlidir.Lakin burada bir imtahan abu-havası yaratmadan və dinləyiciləri sıxmadan sadəcə bir kontrol edildiyi başa salınmalıdır.


Xarici dilin tədrisində innovativ metodların istifadəsi:

Xarici dillərin tədrisi digər humanitar fənlərin tədrisindən özünün spesifikliyi ilə seçilir. Ənənəvi yanaşmaya görə, bu cür spesifiklik ilk növbədə xarici dil dərslərinin yeni məzmun verməkdən daha çox mövcud fikirləri yeni işarələr sisteminə çevirməyə xidmət etməsindən irəli gəlir. Xarici dillərin tədrisinin digər spesifikliyi isə dərslərin əvvəlki bilgilərə söykənməsi, dərslərarası zəncirvari əlaqədir ki, bu da onları dəqiq fənlərə yaxınlaşdırır.

Xarici dilin tədrisi zamanı şagirdlərdə dilin komponentlərinin və dil bacarıqlarının inkişaf etdirilməsi diqqət mərkəzində durur və qiymətləndirmə də müvafiq olaraq bu meyarlarla həyata keçirilir. Mən bir müəllim olaraq, ingilis dilinin tədrisində ilk növbədə yeni sözlərin kontekstdə öyrənilməsinə və oxu bacarıqlarının inkişaf etdirilməsinə önəm verirəm. Dil sözlərdən ibarətdir, tələffüz və qrammatik qaydalar sözlərdə maddiləşir, sözləri bilmədən danışmaq və eşitdiyini anlamaq qeyri-mümkündür. Oxuya gəldikdə isə, onun bir faydasını vurğulamaq istəyirəm: "Oxumağı öyrənirik ki, öyrənmək üçün oxuyaq”.

Fikrimcə, xarici dil dərslərinə innovativ metodların tətbiqinə dərsin motivasiya hissəsindən (birinci növbədə ilk 5-10-cu dəqiqələri) başlamaq lazımdır. Xarici dili öyrənməyə yeni başlayan şagirdlər bir çox çətinliklərlə qarşılaşır və təbii olaraq çoxsaylı səhvlərə yol verirlər. Bu zaman onlarda motivasiya kifayət qədər olmalıdır ki, şagirdlər özlərində iradə gücü tapıb "gülünc” görünməyi gözə alaraq xarici dili öyrənməyə və danışmağa davam etsinlər. Dərs ilinin ilk həftələrində bu cür motivasiya yaratmaq üçün tanışlıq oyunlarından ("icebreakers”, "classbuilding” activities), "başla” ("bellwork/do now”) tipli strategiyalardan və s. istifadə etmək sinifdə pozitiv mühit yaradır və təlim nəticələrini yaxşılaşdırır. Bundan əlavə, şagirdlərin marağını qoruyub saxlamaq üçün dərs boyunca onların hər kiçik nailiyyətini tərifləmək və bu zaman fəaliyyət prosesini önə çəkmək lazımdır. Uşağı bacarığına, yaxud da əqli qabiliyyətinə görə tərifləyəndə o, daha çətin məsələ ilə qarşılaşanda bunu daha az çalışması, səy göstərməsi ilə deyil zəka gücünün azlığı və bacarığının olmaması ilə əlaqələndirir və nəticədə həvəsdən düşərək dərsə bütün marağını itirir və çalışmır. Todd Viteker tərifin effektiv olması üçün onun 5 şərtini göstərir; tərif obyektiv, konkret, dərhal, təmiz və gizli olmalıdır.

Dil ünsiyyət vasitəsi olduğundan onu öyrənməkdə başlıca məqsəd bu dildə ünsiyyət qurmaq bacarığına yiyələnməkdir ki, bunun da səmərəli yolu bütün şagirdlərin dərs zamanı xarici dildə mümkün qədər çox danışmasına şərait yaratmaqdır. Bunun üçün ən effektiv vasitə cütlərlə işdir. Cütlərlə işin hər hansı bir formasına keçməzdən əvvəl şagirdlərə düşünmək və fikirlərini formalaşdırmaq üçün vaxt verməkdə fayda vardır. Cütlərlə iş uğurlu alınan hallarda tədricən şagirdləri üç-üç və dörd-dörd qruplarda birləşdirmək, onlara qrup işinə müvafiq tapşırıqlar vermək və bu yolla da, eyni zaman kəsiyində bütün şagirdləri dərsə cəlb etmək mümkündür. Dərs zamanı şagirdlərarası bu cür əlaqələrin yaranması mühüm əhəmiyyət daşıyır, belə ki, Vilyam Qlesserə görə biz oxuduğumuzdan 10%, eşitdiyimizdən 20%, gördüyümüzdən 30%, eşidib-gördüyümüzdən 50%, başqaları ilə müzakirəmizdən 70%, şəxsən təcrübədən keçirdiyimizdən 80%, kiməsə öyrətdiyimizdən 95% öyrənirik.

Ümumiyyətlə, istənilən metodikanı tətbiq etməzdən əvvəl üç məqama diqqət etmək lazımdır:

1) seçilən metod təlim məqsədi ilə uzlaşmalıdır, 2) seçilən metod vizual, akustik və kinestetik şagirdlərin tələblərinə cavab verməlidir, 3) şagirdlərin dil səviyyəsində kəskin fərqlər varsa, differensiasiyadan istifadə edilməlidir. Xarici dilin tədrisində bu metodikaların düzgün sintez edilməsi ilə tələbələrdə onlayn dərslərə motivasiya yarada və dərslərin keyfiyyətinin daha effektiv olması ilə nəticələndirmək olar.

Ölkəmizin bu çətin günlərdə olduğu bir dövrdə vətəndaşların həyat fəaliyyətlərinin axsamaması, təhsil sistemində geriliyin yaranmaması üçün əlindən gələnin ən yaxşısını edən başda cənab president İlham Əliyev, vitse-prezident xanım Mehriban Əliyeva olmaqla bütün təhsil sistemində çalışan müəllimlərimizə öz təşəkkürümü bildirir, bu çətin vəzifələrində onlara müveffeqiyyet arzu edirəm. Vətandaşlarımıza ölkə rəhbərliyinin bizim üçün göstərdiyi bu səyləri dəyərləndirməyi, özümüzün və ailə üzvlərimizin sağlamlığı üçün EVDƏQAL çağırışına düzgün riayət etməyi tövsiyyə edirəm.





Zəhra Abdullayeva

Xarici dil üzrə təlimçi


Geri dön