Ana Sayfa > Siyasət > Bu gün birliyimiz dövlətimiz tərəfindən atılan bütün addımların dəstəklənməsində öz təzahürünü tapmalıdır

Bu gün birliyimiz dövlətimiz tərəfindən atılan bütün addımların dəstəklənməsində öz təzahürünü tapmalıdır


17-04-2020, 17:21. Yazar: sevinc1
Bu gün birliyimiz dövlətimiz tərəfindən atılan bütün addımların dəstəklənməsində öz təzahürünü tapmalıdır


Bu gün birliyimiz dövlətimiz tərəfindən atılan bütün addımların dəstəklənməsində öz təzahürünü tapmalıdır

“Kimsəsiz və Aztəminatlı Ailələrin Uşaqlarına Sosial Mənəvi Dəstək” İctimai Birliyinin sədri Təranə Əhməd ölkədə yaranmış vəziyyətlə bağlı saytımıza müsahibə verib

- Təranə xanım, qlobal pandemiya elan olunmuş koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə bu gün ölkəmizdə dövlət və cəmiyyət tərəfindən həyata keçirilən tədbirləri necə qiymətləndirirsiniz? Özünütəcrid və “evdə qal” kampaniyaları ilə bağlı vətəndaşlarımıza nələri çatdırmaq istərdiniz?

- Həqiqətən də koronavirus pandemiyası bütün dünya dövlətləri, bütün millətlər üçün çətin bir sınaqdır. Siz də bilirsiniz ki, bir çox ölkələrdə bu infeksiya yüzlərlə, minlərlə insanın həyatına son qoyub. Həmçinin bu pandemiya yeni iqtisadi böhranın başlanmasına səbəb olub. Lakin bütün bu hadisələrin fonunda Azərbaycanda vəziyyət şükürlər olsun ki, gözlənilə biləcəyi qədər ağırlaşmayıb. Bu da təbii ki, Ölkə Prezidenti cənab İlham Əliyevin qəbul etdiyi müdrik qərarlar və bu qərarlar əsasında dövlətimizin həyata keçirdiyi qabaqlayıcı tədbirlər sayəsində mümkün olub. Tam məsuliyyətlə deyirəm ki, karantin rejiminin elan olunması, tətbiq olunan müəyyən qadağa və məhdudiyyətlər yalnız vətəndaşların sağlamlığının qorunması və pandemiyanın yaratdığı fəsadların minimuma endirilməsi məqsədini güdür. Atılan addımların, görülən tədbirlərin kifayət qədər effektiv olduğunu isə hər birimiz müşahidə edirik. Eyni zamanda da bu effektin daha da güclənməsi yenə də bizdən, bütün vətəndaşlardan asılıdır. Hər kəs “evdə qal” kampaniyasına qoşulmalı və özünütəcrid prinsiplərinə ciddi şəkildə əməl etməlidir. Dövlət başçımızın da dediyi kimi, biz birlikdə güclüyük və bu gün bu birlik karantin rejiminə ciddi şəkildə əməl olunmasında, dövlətimiz tərəfindən atılan bütün addımların birmənalı olaraq dəstəklənməsində öz təzahürünü tapmalıdır.

- Ölkə Prezidenti cənab İlham Əliyevin VI çağırış Milli Məclisin açılış sessiyasındakı çıxışında, eləcə də Novruz bayramı münasibətilə Azərbaycan xalqına ünvanladığı təbrik çıxışında ölkədə yeni siyasi dövrün başlanması, siyasi partiyaların dövlətçilik mövqeyindən çıxış etməli olduqları və iqtidar-müxalifət dialoqunun formalaşmasının zəruriliyi ilə bağlı söylədiyi fikirlərindən sonra ölkədə fəaliyyət göstərən siyasi partiyaların fəaliyyəti, eyni zamanda Prezident Administrasiyasında yeni yaradılmış “Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr” şöbəsinin fəaliyyətini necə qiymətləndirirsiniz?

- Azərbaycan Pespublikasının Prezidenti cənab İlham Əliyevin siyasi partiyaların dövlətçilik mövqeyindən çıxış etməli olduqları və iqtidar-müxalifət dialoqunun formalaşmasının zəruriliyi ilə bağlı söylədiyi fikirləri ilk növbədə dövlət başçımızın sivil və demokratik dövlət quruculuğu istiqamətində atdığı növbəti addımlar kimi qiymətləndirilməlidir. Faktiki olaraq milli birliyə daha bir çağırış kimi dəyərləndirilməli olan bu fikirləri xalqımızın, ölkəmizin və dövlətimizin mənafeylərini üstün tutan hər kəs qəbul etməlidir. Çox təqdirəlayiq haldır ki, ölkəmizdə fəaliyyət göstərən əksər siyasi partiyalar da iqtidarla dialoqa, dövlətçiliyimiz naminə əməkdaşlığa hazır olduqlarını nümayiş etdirdilər. Düşünürəm ki, Prezident Administrasiyasında “Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr” şöbəsi də ilk növbədə məhz bu istiqamətdə fəaliyyətin səmərəliliyini artırmaq məqsədilə yaradılmışdır. Şöbənin bu günə qədər artıq çox sayda siyasi partiya rəhbərləri ilə keçirdiyi görüşlərdən də bu qənaətə gəlmək olar ki, bu qurumun fəaliyyəti düzgün sitiqamətdə davam edir.

- Yeni formalaşmış Milli Məclisin rəhbər heyətində bütün mandat qazanmış siyasi partiyaların təmsil olunmasını necə qiymətləndirirsiniz? Qanunvericilik hakimiyyətinin gələcək fəaliyyətini necə görürsünüz?

- Yeni formalaşmış Milli Məclisin rəhbər heyətində bir çox siyasi partiyaların təmsil olunması əlbəttə ki, son dərəcə təqdirəlayiq haldır. Dünya təcrübəsi də göstərir ki, çoxpartiyalı tərkibə malik qanunverici orqanların işi hər zaman daha effektli olur. Aydındır ki, möhtərəm Prezidentimizin həyata keçirdiyi əsaslı islahatların gedişində əldə olunması nəzərdə tutulan əhəmiyyətli nəticələrdən biri də məhz çoxpartiyalı Parlamentin formalaşdırılması idi ki, fevral seçkilərində də buna nail olundu. Əminəm ki, yeni formalaşmış Milli Məclisin üzvləri öz seçicilərinin etimad və gözləntilərini doğruldacaq və dövlət başçımızın tövsiyyələrinə uyğun olaraq, öz vəzifə borclarını şərəf və ləyaqətlə icra edəcəklər.

- Aprel ayının 6-da Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Sumqayıt Kimya Sənaye Parkında tibbi maska istehsalı müəssisəsinin yaradılmasının əhəmiyyətini, eləcə də dövlət başçımız tərəfindən növbəti humanist addım olaraq 65 yaşdan yuxarı məhbusların azadlığa buraxılmaları barədə verdiyi qərarını necə qiymətləndirirsiniz?

- Əlbəttə ki, yeni tibbi maska istehsalı müəssisəsinin yaradılması çox böyük əhəmiyyət kəsb edən bir hadisədir. İlk növbədə bu müəssisə tibbi maskalara daxili tələbatı tam ödəyəcək ki, bu da koronavirusla mübarizədə çox vacib amillərdən biridir. Digər tərəfdən də yeni istehsal müəssisəsi həm də yeni iş yerləri deməkdir. Bu da sahibkarlığın inkişafına və ümumiyyətlə iqtisadiyyatımıza olan bir töhfədir.
Əslində sizin bir sualda iki fərqli mövzulara aid məqamı, yəni tibbi maska istehsalı müəssisəsinin yaradılması məsələsini və dövlət başçımızın 65 yaşdan yuxarı məhbusların azadlığa buraxılmaları barədə verdiyi sərəncamı yanaşı qoymağınızda da bir məntiq var. Məsələ bundadır ki, hər iki qərar birbaşa xalqımızın rifahına xidmət edir. Eyni zamanda da bu qərarlar möhtərəm Prezidentimizin bütün hallarda, hətta ən gərgin anlarda belə düşünülmüş və məqsədyönlü addımlar atdığına daha bir əyani sübutdur.

Murad Musayev


Geri dön