Ana Sayfa > Manşet / Siyasət > Türk Şurasının Zirvə görüşü dünya üçün ibrətamiz örnəkdir

Türk Şurasının Zirvə görüşü dünya üçün ibrətamiz örnəkdir


14-04-2020, 10:38. Yazar: sevinc1
Türk Şurasının Zirvə görüşü dünya üçün ibrətamiz  örnəkdir




“Bildiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü və sədrliyi ilə aprelin 10-da Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçirilmişdir.. Videokonfransda Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesusun da iştirakı, dövlət başçıları səviyyəsində COVID-19 pandemiyasına həsr olunmuş Zirvə görüşünü ilk olaraq keçirən Türk Şurasının dünyada artan nüfuzunu bir daha əyani şəkildə sübut etmişdir”. Bu sözləri mətbuata açıqlamasında Azərbaycan Respublikası Milli Məclisi Səhiyyə Komitəsinin üzvü Kamaləddin QAFAROV demişdir.

Millət vəkili bildirmişdir ki, Azərbaycan pandemiyanın təsirlərinin azaldılması istiqamətində Prezidentimizin təşəbbüsü ilə bir çox işlər görülüb ki, onların da əsasını səhiyyə sistemində baş verən köklü dəyişikliklər təşkil edir. Cənab Prezident Zirvə görüşündə ölkəmizdə koronavirusun dağıdıcı təsirindən qaçmağın elmi və tibbi əsaslarını iştirakçılara inandırıcı faktlarla açıb göstərdi: “Heç kəsə sirr deyil ki, Azərbaycanda 750-dən çox səhiyyə ocağı tikilib və ya tam təmir olunub, hər il Azərbaycanda 5 milyondan çox insan dövlət hesabına tibbi müayinədən keçir. Hazırda isə koronavirus xəstələri 20-dən artıq dövlət xəstəxanasında müalicə olunurlar. Bu günlərdə 575 çarpayıdan ibarət olan, ölkəmizin ən müasir və “Yeni klinika” adlanan xəstəxanası da onların ixtiyarına verilib. Həmçinin ölkəmizin 3 şəhərində istifadəyə verilmiş üç yeni xəstəxana da koronavirus xəstələrinin ixtiyarına verilib. Qısa müddət ərzində 6-sı dövlət, 4-ü isə özəl sahibkarlar tərəfindən tikilməklə, hər birinin 200 çarpayı yeri olan 10 müasir modul tipli xəstəxananın istifadəyə verilməsi nəzərdə tutulur. Testlərin aparılması üçün isə 18 laboratoriya fəaliyyət göstərir, onların 5-i yeni yaradılıb. İndiyə kimi ölkə üzrə 60 minə yaxın test keçirilib. Əhalinin hər bir milyon nəfərinə düşən testin sayı 5200-dən artıqdır və bu səbəbdən də Azərbaycan aparılan testlərin sayına görə dünyada 30-cu, hər milyon əhaliyə görə aparılan testlərin sayına görə 40-cı yerlərdədir. Eləcə də koronavirus xəstələrinə xidmət göstərən həkimlərin maaşı 3- 5 dəfə artırılıb…”

K.Qafarov qeyd etmişdir ki, Azərbaycanın pandemiya dövründəki fəaliyyəti, Türk Şurasının Zirvə görüşü və Ümumdünya Səhiyyə Təşkilatı ilə əməkdaşlığı dünya üçün ibrətamiz örnəkdir . Ölkə rəhbərliyinin təşəbbüsü ilə ÜST-ün nümayəndələri hələ martın əvvəllərində Bakıya dəvət olunmuşdu. Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus martın 23-də Prezident İlham Əliyevə göndərdiyi məktubda Azərbaycanda görülmüş işlərə yüksək qiymət verdi. O, pandemiyaya qarşı görülmüş tədbirlərə görə Azərbaycanı nümunəvi ölkə kimi qiymətləndirdi. Təşkilatın rəhbəri videkonfransda bu dəyərləndirməsini bir daha təkrarladı.

Millət vəkili bildirmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin hazırda rəhbərlik etdiyi Türk Şurasının üzvləri Zirvə görüşündə əsl əməkdaşlıq və dostluq nümayiş etdirdilər, bu sağlam ənənəni əzmlə davam etdirmək niyyətində olduqlarını videokonfransda açıq şəkildə göstərdilər.

K.Qafarov ölkə Prezidentinin pandemiya şəraitində Azərbaycanda iqtisadi sabitliyi qorumaq, məşğulluqla bağlı problemləri həll etmək, makroiqtisadi durumu sabit saxlamaq üçün 2,5 milyard manat vəsait ayırmasını xüsusi vurğulamış, bu faktın Zirvə görüşü iştirakçıları tərəfindən maraqla qarşılandığını qeyd etmişdir. Azərbaycan heç bir xarici donor təşkilatlara müraciət etmədən, heç bir yerdən kredit götürmədən bu böyük məsrəfi daxili resurslar hesabına qarşılamışdır.

Millət vəkili sonda demişdir ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü Azərbaycanın, onun rəhbərliyinin daim artan nüfuzunu , xalqın rifahını hər şeydən üstün tutan, türk dünyasının problemlərinə laqeyd qalmayan və dünyaya örnək olan daxili və xarici siyasətinin həyatiliyini və effektivliyini bir daha təsdiqləmiş oldu.

aia.az
Geri dön