Ana Sayfa > Qərbi Azərbaycan / Aia TV / Karusel > Hamiləykən ürəyinə klapan yerləşdirilən qadın ana oldu - FOTO

Hamiləykən ürəyinə klapan yerləşdirilən qadın ana oldu - FOTO


23-02-2016, 12:45. Yazar: admin
Hamiləykən ürəyinə klapan yerləşdirilən qadın ana oldu - FOTO
Ötən il dekabr ayının əvəllələrində Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının həkimləri tərəfindən ölkədə ilk dəfə olaraq hamilə qadının ürəyində əməliyyat aparılaraq, onun mexaniki klapanı dəyişdirilib. Bu, dünyada üçüncü belə uğurlu əməliyyat olub. Çünki burdakı təhlükə - əməliyyat zamanı hamilə xanımın bədən temperaturunun 33ºC qədər düşürülməsidir, bu vəziyyət isə döl ürəyinin fəaliyyətini dayandırma təhlükəsini artırır.

Tibb Universitetinin mətbuat xidmətindən Aile.lent.az-a verilən məlumata görə, 36 yaşlı qadın bu günlərdə artıq körpəsini dünyaya gətirib. Qeysəriyyə kəsiyi əməliyyatı ilə doğulan oğlan uşağının çəkisi 3 kq 600 qram, boyu 49 sm-dir. Əməliyyatı həyata keçirən klinikanın ginekologiya şöbəsinin müdiri Turab Canbaxışovun sözlərinə görə, hamilə qadın doğuşdan bir həftə əvvəl xəstəxanaya yatızdırılıb. Bir həftə ərzində onun üzərində doğuşa hazırlıq prosesi aparılıb (ürəyində mexaniki qapaq olduğundan yüksək dozada qan sulandırıcı dərmanlar alıb). Uşaq əvvəlcədən planlaşdırıldığı kimi, qeysəriyyə əməliyyatı ilə doğulub. Əməliyyatda təcrübəli anestezioloq, kardioloq, kardiocərrah və ginekoloqlardan ibarət böyük bir həkim briqadası iştirak edib, onların səyi nəticəsində körpə sağlam dünyaya gətirilib.


Qeyd edək ki, qadın 3 il əvvəl aorta qapaq stenozu problemi ilə həkimlərə müraciət edib. Xəstədə ürəyin aorta qapağının protezləşdirilməsi əməliyyatı icra edilib, mexaniki klapan yerləşdirilib. Əməliyyatdan sonrakı dönəmdə hansısa bir problem yaranmayıb. Lakin qadın hamilə qalmaq istəyib.

Həkimlər buna etiraz edərək hamiləliyin ona əks göstəriş olduğunu, dölün salamat qalması ehtimalının çox az olduğunu izah edib. Buna baxmayaraq, özü də həkim olan qadın hamiləliyə qərar verib. Hamiləlik müddətində xəstənin vəziyyəti pisləşib, mexaniki klapanın trombozlaşması aşkarlanıb. Bu cür hallarda tək çıxış yolu yenidən əməliyyat olunması olduğu üçün qadın təcili əməliyyata alınıb: onun bədəninin hərarəti düşürülüb, ürəyi dayandırılıb və süni qan dövranına qoşulub. Bu cür əməliyyatlarda dölü itirmək təhlükəsi çox böyükdür. Lakin əməliyyat uğurla keçib - həm ananı, həm dölü qurtarmaq mümkün olub.
Geri dön