Ana Sayfa > İqtisadiyyat > Mikayıl Cabbarov:
Mikayıl Cabbarov:12-03-2020, 10:39. Yazar: sevinc1 |
İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycanın mövcud iqtisadi vəziyyəti və neftin qiymətinin azalmasının qısa və ortamüddətli dövrdə ölkə iqtisadiyyatına təsir imkanlarına münasibət bildirib. Trend-in məlumatına görə, M.Cabbarov Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə qlobal enerji bazarında vəziyyət və onun ölkə iqtisadiyyatına təsirinə dair müşavirədə bildirib ki, bu gün ölkə iqtisadiyyatına əsasən iki təsiretmə imkanına malik amil var: koronavirus epidemiyası və OPEC+ sövdələşməsinin baş tutmaması: “Qeyd etmək istəyirəm ki, Azərbaycan iqtisadiyyatı 2020-ci ilin əvvəlində də öz dayanıqlılığını saxlayır. Cari ilin ötən iki ayında ümumi daxili məhsulun artım tempi 2,8 faiz olub. Həmçinin qeyri-neft sektorunda ümumi daxili məhsulun artım tempi 6,7 faiz olub. Qeyri-neft sənayesində istehsalın artımı 21,7 faizə yüksəlib, eyni zamanda, qeyri-neft sektorunda investisiya qoyuluşlarının artım tempi 21 faizə çatıb. Təbii ki, koronavirus epidemiyasının yayılması bəzi fəaliyyət sahələrinə mənfi təsir edib. Məsələn, turizm, hava nəqliyyatı kimi sahələri göstərmək olar. Lakin digər sahələrdə biz müəyyən yüksək artım müşahidə edirik. Həmçinin əhalinin pul gəlirlərinin nominal artım tempi 5,1 faizdən 8,9 faizə yüksəlib”. Nazir bildirib ki, cari ilin ötən iki ayında vergi daxilolmaları üzrə proqnoz 114,2 faiz, həmçinin qeyri-neft sektorunda 115,9 faiz icra olunub. Büdcəyə proqnozdan əlavə 180 milyon manatdan çox vəsait daxil olub. Vergi daxilolmaları ötən ilin iki ayı ilə müqayisədə 24,5 faiz, həmçinin qeyri-neft sektorunda 24,8 faiz artıb. Ölkə iqtisadiyyatının maliyyə dayanıqlılığına toxunan Mikayıl Cabbarov deyib: “İqtisadiyyatımızın istənilən xarici şoklara qarşı güclü maliyyə immuniteti və təhlükəsizlik “yastığı” mövcuddur. Strateji valyuta ehtiyatlarının həcmi ümumi daxili məhsulun 100 faizini ötür, xarici dövlət borcunun həcmini altı dəfə üstələyir. Ehtiyatların həcmi üçillik mal və xidmətlərin fasiləsiz maliyyələşdirilməsi üçün yetərlidir. Yəni, strateji valyuta ehtiyatları dövriyyədə olan bütün manat kütləsinin həcmindən 5 dəfə, nağd manat kütləsinin həcmindən isə 9 dəfə çoxdur. Bu da valyuta bazarının tarazlığının təmin olunması və makroiqtisadi sabitliyin qorunmasının fundamental şərtidir”. Nazir, həmçinin qeyd edib ki, iqtisadi artım dinamikasının qorunması məqsədilə kiçik və orta sahibkarlığın stimullaşdırılması üçün təkliflər hazırlanıb hökumətə təqdim olunacaq. Eyni zamanda, valyuta bazarında tarazlığın və manatın sabitliyinin qorunması istiqamətində nazirliyin müvafiq strukturları Mərkəzi Bankla birlikdə çevik tədbirlər həyata keçirir. Bundan əlavə, qanunvericiliyə uyğun olaraq, nağd pul sferasına nəzarət daha gücləndiriləcək, istehlak bazarında qiymətlərin əsassız qaldırılması və süni şəkildə qıtlığın yaradılması cəhdlərinin qarşısı qətiyyətlə alınacaq. Eyni zamanda, haqsız rəqabətə qarşı mübarizə tədbirləri və vergi intizamı gücləndiriləcək. aia.az Geri dön |