Ana Sayfa > Karusel / Təhsil > İtaliyadan qayıda bilməyən azərbaycanlı müəllim:
İtaliyadan qayıda bilməyən azərbaycanlı müəllim:11-03-2020, 11:29. Yazar: sevinc1 |
İtaliyanın Sapienza Universitetində təhsil alan İngilis dili müəllimi Turanə Hüseynova hazırda koronavirusa görə "Qırmızı zona” elan edilən ölkədən Azərbaycana qayıda bilmir. T.Hüseynova vəziyyətin acınacaqlı olduğunu söyləyib: "Buraya magistr təhsil almaq üçün gəlmişəm. Əslində, sentyabrdan dərslərə gəlməli idim, lakin Ləkidə dərs deyirdim deyə gecikdim. Noyabrdan buradayam. Hazırda burada bütün iş yerləri bağlanıb, "part-time” iş tapmaq çətindir. Əsas gəlir turizmdəndir, hazırda isə böhrandır. Otellər, restoranlar işə götürmür. Təhsil sektoru da həmçinin. Kurslar, bağçalar, universitetlər bağlanıb. İstədim ki, Azərbaycana qayıdam. Çünki pulum bitib, iş yoxdur və burada qalmağa bir səbəb yoxdur. Tələbələr üçün nəzərdə tutulan təqaüdlər isə hələki keçməyib. Pulun olmadığı halda burada karantin vəziyyətdə qalmaq dözülməzdir. İki il üçün nəzərdə tutulan təqaüd 10 min avrodur. Birinci il üçün isə 2500 avro nəzərdə tutulur. Hazırda blokada şəraitinə görə təqaüdlər verilməyib. Koronavirusa görə maarifləndirici heç bir şey edilməyib, marketlərdə, apteklərdə növbə sistemi qurulub. Hər yerə növbə ilə girmək lazımdır. Çox vacib səbəblər olmasa, evdən çölə çıxmaq olmaz. Gələcək üçün marketlərin müəyyən saatlarla işləməsi nəzərdə tutulub. Çox ciddi səbəbin yoxdursa, küçəyə çıxanda səni cərimələyib, həbs edirlər. Xaosdur, hər şey çox qeyri-müəyyəndir. Burada yaşayan şagirdlərin çoxu ölkələrinə qayıtmaq istəyir, "Rynair” tipli ucuz hava yolları şirkətləri də uçuşları ləğv etdi. Azərbaycanın İtaliyadakı səfirliyi ilə əlaqə saxladım, burada yaşayan tələbələrə Azərbaycan hökuməti tərəfindən qarşılanan uçuş təşkil edilməsi üçün zəng etdim, əvəzində isə məndən yemək və su ehtiyacımın olub olmadığı soruşuldu. Elə bir sualdır ki, mən utanıb "ehtiyac yoxdur” demək məcburiyyətində qaldım. Köməyə ehtiyacımız var, miqrant deyilik. Necə ki, Çində yaşayan tələbələrə evakuasiya xidməti göstərildi, biz də eynisini tələb edirik. Bu halda qərib bir ölkədə az qala ev dustaqlığı yaşayırıq. Bizim üçün tək sağlamlıq deyil, maddi və psixoloji cəhətdən də kritik bir vəziyyətdir. Bura gəlmədən öncə ucqar kəndlərdən birində üç ilə yaxin müəllimə kimi çalışmışam, bacardığım qədər öz şagirdlərimə dəstək olmağa çalışmışam, çətin məqamlarda onları tək qoymamışam, hətta təhsil xərclərinə qədər belə əlavələr tapıb kömək olmuşam ki, təki həyatlarında bu yöndə məyusluq yaşamaq təcrübəsinə sahib olmasınlar. İndi də bir tələbə olaraq eyni dəstək və qayğını sizdən gözləyirəm”. Qeyd edək ki, Turanə hazırda Romadadır. O, Qaxın Ləkid kəndində İngilis dili müəllimi kimi çalışıb. Sosial mediada ucqar kənddə dərs deməyi ilə məşhurlaşıb.Axşam.az aia.az Geri dön |