Ana Sayfa > Ölkə > AZƏRBAYCAN MƏDƏNİYYƏTİNƏ TÖHFƏ VERƏN GÜRCÜ TEATRI ƏNƏNƏLƏRİNƏ SADİQDİR
AZƏRBAYCAN MƏDƏNİYYƏTİNƏ TÖHFƏ VERƏN GÜRCÜ TEATRI ƏNƏNƏLƏRİNƏ SADİQDİR25-02-2020, 16:46. Yazar: sevinc1 |
Azərbaycan teatr sənəti ölkəmizin ictimai-mədəni həyatında daim fəal rol oynamışdır. Xalqımız milli ədəbiyyatın qiymətli nümunələri ilə yanaşı, dünya dramaturgiyasının inciləri ilə məhz Azərbaycan teatrının dolğun repertuarı sayəsində yaxından tanış olmaq imkanı əldə etmişdir. Cəmiyyətimizdə milli və ümumbəşəri dəyərlərin təbliğində, vətənpərvərlik ruhunun, yüksək mənəvi keyfiyyətlərin aşılanması və estetik zövqün formalaşdırılmasında teatrın əvəzsiz xidmətləri vardır. Azərbaycan teatrının fəaliyyəti həmişə olduğu kimi, bu gün də dövlətimizin diqqət mərkəzindədir. Milli teatrın parlaq bədii irsinin qorunması, teatr sahəsində islahatların aparılması, teatr mədəniyyətinin təbliği və bütövlükdə Azərbaycan teatr sənətinin inkişafı ilə bağlı silsilə tədbirlər həyata keçirilir. Keçən il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan teatr xadimlərinin müraciətini nəzərə alaraq, Azərbaycan teatrlarının fəaliyyətinə dövlət qayğısının daha da artırılması məqsədi ilə imzaladığı 4 mart 2019-cu il tarixli 1011 saylı Sərəncamı ilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə 1,8 milyon (bir milyon səkkiz yüz min) manat, 17 aprel 2019-cu il tarixli 1123 nömrəli növbəti Sərəncamı ilə 1,2 milyon (bir milyon iki yüz min) manat vəsait ayırdı. O cümlədən, Qax rayonu Gürcü Dövlət Dram Teatrına və Qax Dövlət Kukla Teatrının hər birinə 100,0 (bir yüz) min manat ayrıldı. Göstərdiyi bu böyük diqqət və qayğıya görə cənab İlham Əliyevə minnətdarlıq məktubu göndərən Qax rayon Gürcü Dövlət Dram Teatrının direktoru Zita Xəlilova və kollektiv üzvlərindən Emraşvili Robizon Vladimiroviç, Çaçaşvili Besaryon Vasilyeviç təşəkkürnamədə sevinclərini ifadə edərək yazıblar ki, bu qayğı onları daha yaxşı işləməyə, yeni yaradıcılıq uğurları qazanmağa ruhlandırır. İstər ölkəmizdə, istərsə də ölkə xaricində Azərbaycanın mədəniyyətini bundan sonra da layiqincə təmsil etməyə çalışacaqlar. Çoxmillətli Qax rayonunun əhalisinin 12 faizini, yəni 7500 nəfərini gürcülər təşkil edir. Onlar rayonun əsasən şəhər, Qax İngiloy, Əlibəyli, İngiloy Kötüklü, Alatəmir, Meşəbaş, Qaxbaş, və Qarameşə kəndlərində məskunlaşıblar. Gürcü dilində təhsil alır və öz aralarında gürcücə danışırlar. Rayon ərazisində təlim gürcü dilində olan 6 məktəb, 1 bölmə, 6 məktəbəqədər tərbiyə müəssisəsi, həmçinin 6 səhiyyə müəssisəsi, 14 mədəniyyət müəssisəsi, 6 kilsə, Qax İngiloy kəndində Gürcü-Mədəniyyət Mərkəzi, şəhərdə Mose Canaşvilinin ev muzeyi, Əlibəyli kəndində Dövlət Dram Teatrı, İosif Stalinin 2 heykəli, gürcü yazıçısı İlya Çavçavadzenin büstü və 1990-cı ildə Gürcüstanda baş vermiş 9 aprel faciəsinə qoyulmuş abidə var. Milliyyətcə gürcü olan vətəndaşlarımızın kompakt yaşadıqları ən böyük və Gürcüstana ən yaxın kənd olan Əlibəyli kəndində yerləşən Gürcü Dövlət Dram Teatrı bəlkə də postsovet məkanında, ucqar kənddə yerləşən dövlət statuslu yeganə teatrdır. Zamanın sınaqlarına baxmayaraq, çətinliklərə mətanətlə duruş gətirən bu 36 ştat vahidli teatrda ildə 3-4 tamaşa səhnələşdirilir.Yerli sakinlərin dediyinə görə, burada tamaşa oynanılanda ətrafdakı digər gürcü kəndlərinin sakinləri də axışıb gəlirlər. Kənddə dövlət teatrına rəhbərlik etməkdən, başçılıq etdiyi kollektivin öz işini sevməsindən, onların Tiflisdə ali teatr təhsili almağından haqlı olaraq qürur duyan Zita xanımın əməyi dövlətimiz tərəfindən dəyərləndirilib. Azərbaycan Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında" 27 ma 2018-ci il tarixli sərəncamına əsasən, Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Xəlilova Zita Seyfəddinovna Azərbaycan Respublikasının "Əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülüb. Uğurunu rəhbərlik etdiyi kollektivlə bölüşən Zita xanım ona verilən bu fəxri adı teatrın bütün işçilərinin əməyinə verilən yüksək qiymət hesab edir. Amma əlbəttə ki, ən böyük qiymətə teatra getmək ənənəsini qoruyub - yaşadan tamaşaçıların sədaqəti layiqdir. İnanırıq ki, məhz tamaşaçıların dəstəyi ilə Qax rayonu Gürcü Dövlət Dram Teatrı daha böyük nailiyyətlərə imza atacaq, teatrın kollektivi Azərbaycan və Gürcüstan xalqlarının dostluğunun möhkəmlənməsinə, hər iki xalqın mədəniyyətinə sanballı töhfələr verəcəkdir. Qoşqar Haqverdiyev aia.az Geri dön |