Ana Sayfa > Qərbi Azərbaycan > Azərbaycan xəstəxanalarında ödənişlər kart vasitəsilə aparılacaq

Azərbaycan xəstəxanalarında ödənişlər kart vasitəsilə aparılacaq


19-02-2020, 12:42. Yazar: sevinc1
Azərbaycan xəstəxanalarında ödənişlər kart vasitəsilə aparılacaq


İcbari tibbi sığortanın tətbiq olunduğu tibb müəssisələrində ödənişləri nağdsız qaydada həyata keçirmək məqsədi ilə Azərbaycan Beynəlxalq Bankı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə birgə bank kartları buraxıb.



aia.az-a verilən məlumata görə, bu kartlar vasitəsilə tibb müəssisələrində müştərək maliyyələşmə məbləğini, Xidmətlər Zərfinə daxil olmayan tibbi xidmətlərin tarifini və s. bu kimi ödənişləri nağdsız qaydada həyata keçirmək mümkündür.



Hər hansısa bank kartına sahib olmayan şəxslər kartı Azərbaycan Beynəlxalq Bankının icbari tibbi sığorta tətbiq edilən ərazilərdəki filial və şöbələrindən şəxsiyyət vəsiqələrini təqdim etməklə pulsuz ala bilərlər.



“Nağdsız hesablaşmalar haqqında” qanunun tələbinə uyğun olaraq publik hüquqi şəxs statuslu tibb müəssisələrində nağdsız ödənişlərin aparılması üçün Azərbaycan Beynəlxalq Bankı müvafiq layihə çərçivəsində onları lazımi sayda POS-terminal və ödəmə terminalları ilə təchiz edib. Vətəndaşlar tibb müəssisələrindəki ödəmə terminalı vasitəsilə sözügedən karta vəsait yerləşdirdikdən sonra ödənişlər POS-terminalla aparılır. Həmçinin Azərbaycan Beynəlxalq Bankının filial və şöbələrində, “Cash in” tipli bankomatlarında, E-manat və Azericard ödəmə terminalları və “Card to card” vasitəsilə də bu karta vəsait mədaxil etmək mümkündür. Bank kartı əhaliyə gələcəkdə tibb sahəsində digər xüsusi imtiyazlardan, əlavə güzəştlərdən faydalanmaq imkanı da yaradacaq.



İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Azərbaycanın səhiyyə sisteminin nağdsız ödənişlərə keçidində bu kartların mühüm yenilik olduğunu qeyd edib: “Bank kartı tibb müəssisələrində nağdsız qaydada ödənişlərin aparılmasına imkan yaradacaq. Nağdsız hesablaşmaların aparılması tibb müəssisələrində maliyyə dövriyyəsinin şəffaflığını artıracaq və hesabatlılığı təmin edəcək”.



Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Abbas İbrahimov: “Bu bank kartları icbari tibbi sığortanın ölkəmizdə uğurla tətbiqinə töhfə verəcək. Yaxın gələcəkdə bir sıra aptek şəbəkələri, səhiyyə infrastrukturu ilə əlaqəli digər sahələr də bu kartlarla ödəniş sisteminə cəlb ediləcək. Beləliklə, bu sferada nağdsız ödənişlərdən geniş istifadə üçün əlverişli ekosistem formalaşacaq. Vətəndaşlar bu kartlarla ödəniş zamanı kəşbək faizləri qazanacaqlar. Bununla da tibbi xidmətə görə xərclərinə müəyyən qənaət etmiş olacaqlar. Bütün bunlar ölkəmizdə nağdsız ödənişlərin tendensiyasını genişləndirəcək”.



Müasir dövlət bankı olan Beynəlxalq Bankın məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.



aia.az
Geri dön