Ana Sayfa > Manşet / Siyasət > Aygün Süleymanlı namizədliyinin qeydə alındığı seçki dairəsini də şərlədi
Aygün Süleymanlı namizədliyinin qeydə alındığı seçki dairəsini də şərlədi4-02-2020, 19:14. Yazar: sevinc1 |
Seçki kampaniyası ciddi qanun pozuntuları ilə müşayiət olunan namizəd bu ölkənin qanunlarını yazmağa necə iddialı ola bilər? Deyəsən Aygün Süleymanlının 9 fevral Parlament seçkilərinə deputatlığa namizəd kimi qatılmağının əsil səbəbləri hər kəsin, o cümlədən bizim də gözümüzdən yayınıb. Təbii ki, belə bir miskin potensialla seçkilərdə qalib gələ bilməyəcəyini bu namlzəd özü hamıdan da yaxşı bilirdi. Əslində, məhz buna rəğmən yenə də namizədliyini irəli sürməsi Aygün Süleymanlının hansısa illyuziyalara qapıldığı təəssüratını yaratmışdı. Lakin hadisələrin gedişini izlədikcə burada daha fərqli və gizli məqsədlərin olduğu aşkara çıxır. Diqqət edirsinizsə, Aygün Süleymanlının seçkiqabağı təbliğat-təşviqat kampaniyası sanki düşünülmüş şəkildə qurulmuş konkret bir təxribat planının icrasını xatırladır. İlk növbədə bu namizəd özü ilə eyni seçki dairəsində qeydə alınmış digər bir namizədi hədəf seçərək, opponenti tərəfindən ona qarşı basqı olunduğuna dair iddialar ortaya atdı. Həm də bu məqsədlə Aygün Süleymanlı ən yüksək reytinqə malik namizədi seçdi. Sonrakı postlarında Aygün Süleymanlı hüquq-mühafizə orqanlarını ittiham etməyə başladı. Guya ki, polis əməkdaşları bu namizədin öz seçiciləri ilə görüşlərini əngəlləyirlər. Bundan sonra icra və bələdiyyə orqanlarının növbəsi çatdı. Təbii ki, ittihamlarda elə bir dəyişiklik olmadı. Yenə də Aygün xanımın təbliğat şəkilləri, plakatları cırılır, seçiciləri ilə görüşməyə yer ayrılmır və sairə və ilaxır. Növbəti mərhələdə növbə çatdı biz jurnalistlərə. Sən demə, biz də Aygün Süleymanlının opponentlərindən 50 manat alırıq və bunun müqabilində saytlarda həmin insanları tərifləyirik, Aygün xanımı isə pisləyirik. Amma bu da yetmədi, Aygün Süleymanlı sonda öz seçicilərini də şərləməyə başladı. İndi bu namizəd buyurur ki, seçicilər öz səslərini 20 manata satırlar. Yeri gəlmişkən, iddiayla bağlı redaksiyamıza bir neçə telefon zəngi də olub. İnsanlar maraqlanırlar ki, görəsən bu pulu kim və harada paylayır, kim alır ki, bizim xəbərimiz belə yoxdur. Düşünmək olardı ki, bununla Aygün xanımın ittiham obyektləri də tükənəcək. Amma necə deyərlər, sən saydığını say... Aygün Süleymanlı isə dirilərimizlə kifayətlənməyib, indi də ölülərimizə şər atmağa başlayıb. Deyir ki, artıq dünyasını dəyişmiş vətəndaşların da adından səs vermək üçün seçki bülletenləri hazırlanıb (Şeyx Nəsrullahın yeri məlum)... Təbii ki, bütün bu ittihamların bircəciyinə də sübut-dəlil gətirilmir. Amma bunun elə bir əhəmiyyəti də yoxdur Aygün xanım üçün. Çünki bu namizədin ən son təxribatı əslində bütün əvvəlki şər, böhtan və iftiraları kölgədə qoymuş oldu. Heç şübhəsiz Aygün Süleymanlıya qarşı “intriqalar hazırlayan düşmənləri”nin sırasında bu xanımın namizədliyi qeydə alınmış seçki dairəsinin əməkdaşları da yer almasaydılar siyahı natamam olardı. Ən azından şəxsən mən buna təəccüblənərdim. Amma yox, gözləntilərimdə yenə yanılmadım. Yəni seçki dairəsinə qarşı ittihamları da çox gözləməli olmadıq. Həm də nə ittiham..! Bilirsiniz də, hər bir namizədin məntəqələrdə seçki prosesini izləmək üçün müşahidəçi təyin etmək hüququ var. Eyni zamanda da bu müşahidəçilərin qanuni şəkildə əvvəlcədən qeydə alınmasını nəzərdə tutan prosedur qaydaları var. Bu qaydalara əsasən müşahidəçilər tələb olunan sənədləri müəyyən edilmiş tarixə və saata qədər seçki dairəsinə təqdim etməlidirlər. Burdan həmin sənədlər MSK-ya gedir və orada qeydə alınır. Daha sonra müşahidəçilər üçün xüsusi vəsiqələr hazırlanır və sənədlər seçki dairəsinə qayıdaraq, vəsiqələr müşahidəçilərə təqdim olunur. Aygün xanım isə, sənədlərin qəbulu üçün müəyyən edilmiş vaxt bitənə kimi gözləyir və bundan sonra onun “müşahidəçiləri” seçki dairəsinə müraciət edirlər. Təbii ki, onlardan sənəd qəbul olunmur və Aygün Süleymanlı da olanları ona qarşı atılan daha bir qərəzli addım kimi ictimaiyyətə təqdim etmək üçün növbəti imkanı əldə edir. Gözəl plandır, deyilmi? Amma bir məsələ var ki, bu cür kobud qanun pozuntularına yol verən, bu azmış kimi, seçki dairəsini də qanun pozuntularına vadar etməyə çalışan bu xanım son nəhayətdə ölkənin ali qanunverici orqanına daxil olmaq istəyir. Təsəvvür edirsinizmi ki, qanun pozucusunun qəbul etdiyi qanunlar hansı fəsadlara yol aça bilər? Görünən budur ki, bu namizədin qarşısına qoyduğu yeganə əsas məqsəd fevralın 9-da keçiriləcək seçkilərin demokratikliyinə, şəffaflığına kölgə salmaq və təxribat törətməkdir. Heç şübhəsiz öz namizədliyini də Aygün Süleymanlı məhz bu məqsədlə, yəni proseslərin içində olan bir adam görüntüsü yaratmaq üçün irəli sürüb. İndi qalır bircə Aygün xanımın bu tapşırığı hardan aldığına aydınlıq gətirmək. Elə bilirəm 40 gün ərzində (yəni yanvarın 17-dən hesablasaq) bu gizlin də aşkara çıxar. aia.az Geri dön |