Ana Sayfa > Manşet / Siyasət / Seçilənlər-2 > Ən layiqli namizədlərə səs verək
Ən layiqli namizədlərə səs verək31-01-2020, 12:30. Yazar: sevinc1 |
“Azərbaycan İnformasiya Agentliyi” (aia.az) saytının Sosioloji Sorğu Mərkəzinin əməkdaşları tərəfindən 24 saylı Nizami birinci seçki dairəsi üzrə keçirilmiş sorğunun nəticələrinə dair hesabat Məlum olduğu kimi, 2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə iştirak edəcək namizədlərin seçkiqabağı təşviqat və təbliğat kampaniyasına yanvar ayının 17-də start verilmişdir. Bununla bağlı aia.az saytının Sosioloji Sorğu Mərkəzi də fəaliyyətini aktivləşdirmişdir. Bu dəfə Mərkəzin əməkdaşları 24 saylı Nizami birinci seçki dairəsində səs verəcək vətəndaşlar arasında ictimai rəy sorğusu keçirmək məqsədilə paytaxtın Nizami rayonunda olmuşlar. Keçən sorğularda olduğu kimi, bu aksiyada da məqsəd, olduğumuz seçki dairəsində hansı namizədin daha çox seçici rəğbətinə malik olduğuna aydınlıq gətirmək idi. Qeyd edək ki, maksimum dolğun və obyektiv informasiya əldə etmək üçün sorğu rayonun müxtəlif ərazilərində, əhalinin müxtəlif sosial təbəqələrini təmsil edən insanlar arasında aparılmışdır. Təxminən 6 saat davam edən prosesə 135 nəfər vətəndaş cəlb olunmuşdur. Sorğuda iştirak edənlərdən 13 nəfəri hələlik seçimdə tərəddüd etdiklərini bildirmişlər. Qalan 122 respondentdən 85 nəfəri isə sualımızı “mən Könül Nurullayevaya səs verəcəyəm” – deyə cavablandırmışlar. Beləliklə, sorğuda iştirak edənlərin 62.9 faizi Milli Məclisə deputatlığa namizəd Könül Oruc qızı Nurullayevaya etimad göstərəcəklərini bildirmişlər. Tanış olaq: Nurullayeva Könül Oruc qızı 1985-ci il dekabrın 1-də Bakı şəhərində anadan olub. 2003-cü ildə Azərbaycan Respublikasının Dillər Universitetinin Beynəlxalq Əlaqələr fakultəsinə daxil olub, 2008-ci ildə həmin universiteti qırmızı diplomla bitirib. “Bakı 2015” Avropa Oyunlarının Əməliyyat Komitəsinin xüsüsi məsləhətçisi və Direktorlar şurasının üzvü olmaqla 56 medal qazanaraq 2-ci yerdə qərarlaşan Azərbaycan nümayəndə heyətinə rəhbərlik edib. 2013-cü ildə isə Dillər Universitetində magistir pilləsini bitirib. Hazırda Tarix İnstitunda fəlsəfə elmləri namizədliyi üzərində çalışır. 2019-cu ilin sentyabr ayından isə İsveçrənin Biznes Kollecində magistr pilləsi üzrə distansion təhsil alır. Ailəlidir, 1 övladı var. Keçən dəfə olduğu kimi, bu materialmızda da sorğuda iştirak edən vətəndaşların etimad göstərəcəkləri namizəd barədə söylədikləri maraqlı fikirlərdən bəzilərini sizlərə təqdim edirik. Paytaxt sakini, mühəndis: “Mən düşünürəm ki, bu gün artıq digər sahələrdə olduğu kimi, qanunvericilik məsələlərində də elmli-savadlı, məsuliyyətli gəncləri önə çəkməyin əsil vaxtıdır. Bütün xalqımız da Ölkə Prezidenti cənab İlham Əliyevin bu sahədə yürütdüyü siyasəti, həyata keçirdiyi həyat əhəmiyyətli islahatları dəstəkləyir. Bu baxımdan bizim Nizami rayonundan Könül Nurullayevanı ən layiqli namizəd kimi görürəm. Bildiyiniz kimi, Könül xanım hələ 2015-ci ildə Bakıda keçirilən I Avropa Oyunlarında da Azərbaycan nümayəndə heyətinə uğurla rəhbərlik edib. Bu gün isə o, həmçinin alimlik dərəcəsi üzərində çalışır. Ümumiyyətlə Könül xanım ictimai bir insandır və əminəm ki, məhz onun deputat seçilməsi rayonumuza çox böyük faydalar verəcək...” Paytaxt sakini, Qarabağ müharibəsi veteranı: “Dünən deputatlığa namizəd Könül Nurullayevanın Seçki qərargahında Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyinin, eləcə də Azərbaycan Respublikası "Çernobıl Əlilləri" ittifaqı ictimai birliyinin Nizami rayon şöbəsinin üzvləri ilə görüş keçirilib. Təbii ki, mən də orda idim. Müharibənin odundan-alovundan çıxmış bir əsgər kimi sizə deyirəm – bu xanımda əsil kişi qeyrəti var. Heç şübhə etmirəm ki, seçki platformasında nəzərdə tutduqlarının hamısını bircə-bircə həyata keçirəcək. Yetər ki, biz də dəstək olaq. Olacağıq da. Dəqiq bilirəm ki, bizim seçki dairəsindən bütün qazilər, veteranlar bu xanıma səs verəcəklər. Həm də Könül xanım özü də gənc anadır. Buna görə uşaq və gənclərimizin problemlərinə də daha böyük həssaslıqla yanaşacaq. Əminəm ki, bizi Parlamentdə ən layiqli şəkildə məhz Könül Nurullayeva təmsil edəcək...” Paytaxt sakini, evdar xanım: “Şəxsən mən Könül Nurullayevanın öz namizədliyini irəli sürməsinə o qədər sevinirəm ki, elə bilirəm öz doğma bacım deputat olacaq. Könül xanımın mütləq bu seçkilərdə qalib gələcəyinə isə zərrə qədər də şübhəm yoxdur. Özünüz baxın – həm gənc alimdir, həm gənc təşkilatçı-rəhbər işçidir, həm də gənc anadır. Görün ətrafında nə qədər könüllü uşaqlar var. Gənclər riyakarlıqdan, saxtakarlıqdan uzaq olurlar həmişə. Əgər Könül xanımın da düzlüyü, səmimiliyi onları cəlb etməsəydi, heç bir halda başına toplaşmazdılar. Çox işgüzar, çevik bir xanımdır. Bildiyim qədərilə seçki platformasında rayonumuzun ekoloji vəziyyətinin yaxşılaşdırılmasına dair konkret tədbirlər planı da yer alıb. Milli Məclisdə də boşu-boşuna əyləşib vaxt öldürməyim zamanı artıq keçib. İşləmək, prezidentimizə dəstək olmaq, xalqa fayda vermək lazımdır. Könül Nurullayevada da bu istək, bu bacarıq varsa, bizim də borcumuz ona yol vermək, səs verməkdir...” Beləliklə, bu, bizim 2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərlə bağlı keçirdiyimiz on ikinci sorğunun nəticələri barədə hazırladığımız material idi. Növbəti saylarımızda digər seçki dairələrində aparacağımız sorğular barədə ətraflı məlumatları da sizlərə təqdim edəcəyik. aia.az Geri dön |