Ana Sayfa > Siyasət > Yalan vədlərə son –

Yalan vədlərə son –


28-01-2020, 13:47. Yazar: sevinc1
Yalan vədlərə son –


Ölkədə növbədənkənar parlament seçkilərinə sayılı günlər qalıb. Deputatlıq uğrunda mübarizə aparan namizədlərin təbliğat-təşviqat kampaniyası get-gedə qızışır. Əvvəlki seçkilərdən fərqli olaraq bu dəfə namizədlər daha obyektiv rəqabət aparırlar. Cənab Prezident İlham Əliyevin son vaxtlar ölkədə daha sürətli kadr islahatları aparması, parlament seçkilərində namizədləri xalqla birbaşa ünsiyyətə çağırması rəqabəti daha da gücləndirib. Prezident İlham Əliyevin "Xalqa işləyən seçilsin ki, bizimlə xalq arasında körpü rolunu oynasın” sitatı seçiciləri düzgün seçim etməyə, inandıqları namizədə səs verməyə ruhlandırıb.


Seçicilərin həqiqətən parlament seçkilərinə inamı artıb. Onlar parlament seçkilərində fəal olmağa cəhd edirlər. Bu prosesin mən də şahidi oldum - 49 saylı Yevlax-Mingəçevir seçki dairəsindən deputatlığa namizəd Nəsimi Paşayevin təbliğat-təşviqat kampaniyası çərçivəsində. Yevlax rayonunun kəndləri və Mingəçevir şəhərində seçicilərlə görüşlər keçirən Nəsimi Paşayev həqiqətən böyük coşqu, izdihamla qarşılanır. Yevlax rayonunun Xaldan, Salahlı, Xanabad, Tanrıqulular, Əcəmi, Yenicə, Yuxarı Bucaq, Aşağı Salamabad, Yuxarı Salamabad, Balçı kəndlərində və Aran qəsəbəsində seçicilərlə görüşlər bunu tam sübuta yetirdi ki, xalq öz seçimini etməyə və səsini qorumağa qadirdir. Sakinlər görüşdə budəfəki seçkilərə hamı bir nəfər kimi gedəcəyini və seçkilərdə səslərini qoruyacaqlarını iddia edirlər. Dairə seçiciləri budəfəki seçkilərə böyük ümid bəslədiklərini, əsasən tanıdıqları şəxsə səs verəcəklərini və ondan səslərini tələb edəcəklərini deyirlər. Kənd sakinlərində ötən parlament seçkilərindən sonra ümidsizlik yaranıb. Sakinlər bildirirlər ki, əvvəlki seçkidə namizədlər seçicilərə böyük vədlər versələr də, seçkidən sonra bir dəfə də olsa dairədən olan millət vəkilini nə görüb, nə də yazılan müraciətlərə cavab alıblar. Son 4 ildə millət vəkillərinin üzünü görməyən seçicilərdə artıq seçkiyə inamsızlıq yaranıb. Millət vəkili seçiləndən sonra heç bir seçicini qəbul etməyib, onların problemləri ilə maraqlanmayıb. Bu da əhalinin seçkiyə olan inamını azaldıb. Amma parlamentin vaxtından əvvəl buraxılması, Prezidentin uğurlu kadr islahatları indi seçiciləri aktivləşdirib. Artıq seçicilərdə ümid yaranmağa başlayıb ki, bu seçkilərdə xalqın səsini eşidəcək millət vəkili seçiləcək və o, onlarla mütəmadi əlaqə saxlayan şəxs olacaq. Seçicilər namizədə ona görə inanırlar ki, bu günə qədər dairə üzrə seçilmiş millət vəkilini Yevlax və Mingəçevirin problemləri ilə bağlı axtaran seçicinin biri də elə Nəsimi Paşayevin özü olub. Bunu seçicilər özləri etiraf edirlər. Kənd yerində yaşadıqlarından səsləri mərkəzə çatmayan seçicilər dəfələrlə Nəsimi Paşayevə müraciət edərək problemlərini danışıb, onların həlli üçün yuxarı orqanlara müraciət etməsini istəyiblər. Məhz ona görə də bu gün seçicilər Nəsimi Paşayevin yanındadırlar. Keçirdiyi görüşlərdə Nəsimi Paşayev xalqı seçkilərdə fəal olmağa, hamını səs verməyə çağırır.



Yanvarın 26-da Mingəçevir şəhərinin ayrı-ayrı səmtlərində seçicilərlə görüşən Nəsimi Paşayev hər kəsi fevralın 9-da səs verməyə dəvət etdi. Mingəçevir seçiciləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdən sitatlar gətirərək gənc, dinamik, yenilikçi, xalqla işləməyi bacaran namizədə səs verəcəklərini bildirdilər. Xüsusilə Nəsimi Paşayevin "Bu dəfə özümüzdən biri olsun” sloqanını çox bəyəndiklərini və özlərindən biri olan namizədə - Nəsimi Paşayevə səs verəcəklərini vurğuladılar.

Nəsimi Paşayev seçicilərlə görüşündə onlara heç bir yalan vəd vermir. Namizəd bu vaxta qədər keçirdiyi bütün görüşlərində də əsasən buna çalışır. O, heç bir seçiciyə ev tikməyi, kiməsə pul paylamağı söz vermir.



Qəribəsi odur ki, Nəsimi Paşayev heç bir görüşündə seçiciyə "Mənə səs verin!” demir. O yalnız seçicilərdən bir xahiş edir ki, fevralın 9-da hamı seçkilərə getsin və özünün məntiqlə seçdiyi namizədə səs versin. Nəsimi Paşayevin bu çağırışı seçiciləri daha da ruhlandırır, onların seçkidə iştirak etməsinə stimul verir. Nəsimi Paşayev bütün seçicilərinə hər zaman onların yanında olacağına, sadəcə seçkidən-seçkiyə deyil, mütəmadi olaraq seçildiyi bölgəyə gələrək dairədə seçicilərinin problemlərini diqqətdə saxlayacağına və bütün problemlərin birgə həll yolunu tapacaqlarına söz verir. Bu sözün isə real olacağına hamı inanır. Səbəb isə odur ki, Nəsimi Paşayev Yevlax rayonunun Xaldan kəndində doğulub boya-başa çatıb, ata-baba yurduna tez-tez gəlir. Ən əsası isə Nəsimi Paşayev burdakı problemlərə tam bələddir, ona kiminsə Yevlax və Mingəçevir barədə məlumat verməsinə ehtiyac yoxdur. Çünki Nəsimi Paşayevin Yevlax rayonu ilə yanaşı, Mingəçevir şəhəri ilə də sıx bağlılığı var.



O, Yevlax və Mingəçevirlə daim maraqlanıb, bu ərazilərə mütəmadi gəlib-gedib. Elə buna görə də onun özünü bu bölgədə tanıtmasına ehtiyac qalmayıb. Dairə seçiciləri Nəsimi Paşayevlə görüşə məhz bu səbəbdən can atır. Seçicilər dairə üzrə bütün sakinləri səs verməyə çağırır. Çünki, Nəsimi Paşayev onlara bu dəfə hər şeyin fərqli olacağını, seçkidə qələbəni birgə qazanacaqlarını, daha sonra da problemlərin öhdəsindən birgə gələcəklərini söz verir. Nəsimi Paşayev doğulub boya-başa çatdığı Xaldanda həqiqətən coşqu ilə qarşılanır, xaldanlılar sonadək namizədi müdafiə edəcəklərini və seçkidə ona səs verəcəyini israr edirlər. Seçicilər demək olar ki, hər gün Nəsimi Paşayevlə görüşür, kampaniyanın hansı səviyyədə aparılması ilə maraqlanırlar. Xaldan seçiciləri dairənin digər ərazilərindəki seçicilərdən daha fəaldır. Çünki xaldanlılar öz namizədlərinin olmasına sevinir və özlərindən, öz kəndlərindən olan namizədin seçiləcəyinə ümid edirlər. Elə buna görə də xaldanlılar seçkilərdə daha fəal iştirak etməkdə iddialıdırlar. Bir sözlə, 49 saylı Yevlax-Mingəçevir Seçki Dairəsinin bütün seçiciləri fevralın 9-da düzgün seçim edəcəklərinə, özlərindən biri olan Nəsimi Paşayevin parlamentdə təmsil olunacağına əmindirlər!

İnanırlar ki, bu dəfə seçkidə qazanan seçicilər özləri olacaq!

Samir GÜLƏLİYEV, jurnalist


aia.az
Geri dön