Ana Sayfa > Manşet / Siyasət > Bakıətrafı kənd və qəsəbə sakinləri Aygün Süleymanlını deputat görmək istəmirlər
Bakıətrafı kənd və qəsəbə sakinləri Aygün Süleymanlını deputat görmək istəmirlər27-01-2020, 15:23. Yazar: sevinc1 |
“Eks məmur “trol”u bizi təmsil edə bilməz” Məlum olduğu kimi, 2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə iştirak edəcək namizədlərin seçkiqabağı təşviqat və təbliğat kampaniyasına yanvar ayının 17-də start verilmişdir. Ölkənin mətbu orqanlarından biri olaraq, aia.az saytı da namizədlərin keçirdikləri kampaniyaları diqqətlə izləyir. Yanvarın 25-də biz, apardığımız müşahidələrin nəticəsi olaraq, 28 saylı Sabunçu üçüncü Seçki dairəsində namizədliyi qeydə alınmış Aygün Süleymanlının (jurnalist Aygün Muradxanlı – red.) seçicilərlə keçirmək istədiyi görüşün uğursuzluqla nəticələndiyi barədə material dərc etmişdik. Qeyd edək ki, həmin yazıdan sonra redaksiyamızın elektron ünvanına Sabunçu rayon sakinləri tərəfindən hazırlanmış bir neçə müraciət daxil olub. Bu müraciətlərdə seçicilər namizəd Aygün Süleymanlının onlar tərəfindən “boykot” olunmasının səbəblərinə aydınlıq gətirirlər. Müraciətlərdən birində deyilir: “Biz zəhmətkeş, sadə insanlarıq. Necə deyərlər, kənd camaatıyıq. Ola bilsin ki, danışığımız, davranışımız kiməsə bir qədər sərt görünsün. Amma biz düzgünlüyü sevən insanlarıq. Təbii ki, Parlamentdə də bizi özümüzdən birinin təmsil etməsini istəyirik. Aygün xanım nəyə güvənib bizim seçki dairəsindən namizəd olub, heç cür başa düşə bilmirik. Əlbəttə, bizim jurnalistlərə böyük hörmətimiz var. Amma bu gün jurnalist imkanlarını özünə hökumətdən ev “qoparmağa” belə məharətlə yönəldən bir xanımın sabah deputat səlahiyyətlərindən hansı məqsədlərlə istifadə edə biləcəyini fikirləşəndə, heç onun görüşlərinə gedib sözlərini dinləmək də istəmirsən...” Digər bir müraciətdə isə belə deyilir: “Aygün Süleymanlının seçicilərlə keçirdiyi görüşlə bağlı dərc etdiyiniz məqalədə yazırsınız ki, tədbir iflasa uğradı. Bəs siz nə gözləyirdiniz? Yoxsa biz bəzi keçmiş məmurların “trolunu” özümüzə deputat seçməliyik? Özünün indiyə kimi bir adama zərrə qədər yaxşılığı keçməyən biri, Bakı kəndlərinin birində deyil, ikisində deyil, bir çoxunda hörmət, nüfuz sahibi olan digər namizədləri hər çıxışında ləkələməyə, qaralamağa çalışacaq, biz də onun görüşünə gedəcəyik? İnanın ki, o şəkildə gördüyünüz insanlar da ya Aygün Süleymanlıya etirazlarını bildirmək, ya da bu xanımı belə işlərdən əl çəksin deyə, ona öyüd-nəsihət vermək niyyətilə həmin tədbirə qatılıblar...” Daha bir başqa müraciətdə isə kənd sakinləri Aygün Süleymanlının onları hətta öz evlərində belə rahat buraxmadığından şikayət edirlər: “Bəli, biz Aygün Süleymanlının görüşlərinə getmirik. Amma o, bizi evimizdə də rahat buraxmır. Qapıları gəzir, nələrisə vəd edir, digər namizədləri guya ki, gözdən salmağa çalışır. Deyən lazımdır ki, ay xanım, axı sən bu günə qədər Aygün Muradxanlı olaraq, bir jurnalıst kimi bu insanlar üçün nə etmisən ki, bundan sonra da Aygün Süleymanlı olaraq bir deputat kimi nə edəcəyini gözləyək? İndiyə kimi hansı bir problemimizi işıqlandırmısan, hansı bir müşkülümüzün həlli üçün çalışmısan ki, indi də gəlib bizdən səs istəyirsən...?” Qəsəbə sakinlərindən biri də Aygün Süleymanlının indiyədək Bakıətrafı qəsəbələrin inkişafı yönümündə dövlət tərəfindən görülən işlərə kölgə salmağa çalışmasına etirazını bildirir: “Aygün Süleymanlının seçicilərlə keçirdiyi görüşdə Bakıətrafı kənd və qəsəbələrin inkişafı barəsində dediklərini eşidən insan düşünə bilər ki, bu istiqamətdə ümumiyyətlə dövlət tərəfindən heç bir addım atılmır və bizim “ağ gün”ə çıxıb-çıxmayacağımız yalnız Aygün xanımın deputat olub-olmayacağına bağlıdır. Əlbəttə, bu namizədin keçirdiyi görüşlərə yalnız onun qohum-əqrəbasının və bir neçə yaxınlarının toplandığını nəzərə alsaq, həmin tədbirlərdə nə danışıldığına əhəmiyyət verməmək də olar. Amma adama yer edən budur ki, bu gün Bakı kəndlərində gedən inkişafdan, yenidənqurma işlərindən, bu işlərdə kimin nə dərəcədə rolu, iştirakı olduğundan, ümumiyyətlə biz sakinlərin nə ilə “nəfəs aldığımızdan” qətiyyən xəbəri olmayan Aygün xanım hansısa mücərrəd vədlər verməklə, pafoslu ifadələr işlətməklə deputat mandatı əldə edə biləcəyini düşünür. Yəni biz bu qədər sadəlövh insan təəssüratı bağışlayırıq..?” P.S. Aygün Süleymanlının Milli Məclisə deputatlığa namizədə yaraşmayan digər əməlləri barədə növbəti saylarımızda da məlumat verəcəyik. aia.az Geri dön |