Ana Sayfa > Karusel / Qərbi Azərbaycan > Azərbaycan Səhiyyə Nazirliyi Çində yayılan virusla bağlı əhaliyə müraciət etdi

Azərbaycan Səhiyyə Nazirliyi Çində yayılan virusla bağlı əhaliyə müraciət etdi


16-01-2020, 09:38. Yazar: sevinc1
Azərbaycan Səhiyyə Nazirliyi Çində yayılan virusla bağlı əhaliyə müraciət etdi


Səhiyyə Nazirliyi Çində yayılan virusla bağlı əhaliyə müraciət edib.

Nazirliyin mətbuat xidmətindən aia.az-a verilən məlumatda bildirilir ki, 31 dekabr 2019-cu ildə Çinin Hubei əyalətinin Vuhan şəhərində naməlum etiologiyalı sətəlcəm xəstəliyi aşkar olunub. 9 yanvar tarixində Çin hökuməti mediaya bu viruslu sətəlcəmin indiyə qədər aşkar edilməmiş yeni bir koronavirus səbəbindən baş verdiyini bildirib. Koronaviruslar soyuqdəymədən tutmuş Orta Şərq Respirator Sindromu və Şiddətli Kəskin Respirator Sindromuna (SARS) qədər müxtəlif xəstəliklərə səbəb olan böyük bir virus qrupudur.

Sözügedən ərazidə baş qaldıran xəstəliyin kliniki simptom və əlamətləri əsasən hərarətdir, bəzi pasiyentlərdə döş qəfəsi rentgenoqrafiyalarının nəticələrində hər iki ağciyərdə infiltrasiya və tənəffüs çatışmazlığı müşahidə olunub.

İlkin tədqiqatlar göstərir ki, xəstəlik insandan insana ötürülməyib.

Beynəlxalq sərnişinlər: ehtiyat tədbirləri

Sətəlcəmin səbəbi yeni koronavirus kimi görünsə də, ötürülmə potensialı və şəkli hələ də naməlumdur. Ona görə xəstəliyin baş qaldırdığı bölgələrə və ya bölgələrdən (hazırda Vuhan şəhəri) səfər edərkən kəskin respirator xəstəlik riskini aşağıdakı vasitələrlə azaltmaq məqsədəuyğun hesab edilir:

Kəskin respirator xəstəliklərdən əziyyət çəkən insanlarla yaxın təmasda olmamaq;

Əlləri mütəmadi yumaq, xüsusilə xəstə insanlar və onların ətraf mühiti ilə birbaşa təmasdan sonra;

Canlı və ya ölü ferma, yaxud da vəhşi heyvanlarla yaxın təmasdan çəkinmək;

Kəskin respirator infeksiyanın simptomlarını daşıyan sərnişinlər öskürərkən məsafə saxlamalı, öskürərkən və asqırarkən ağızlarını birdəfəlik istifadə üçün dəsmalla bağlamalı, əllərini yumalıdırlar.

ÜST səfərdə olan şəxslərə hər hansı bir xüsusi tədbir görməyi tövsiyə etmir.

aia.az
Geri dön