Ana Sayfa > Siyasət / Manşet / Karusel > "Neftin qiymətinin dörd dəfə aşağı düşəcəyinə heç kim hazır deyildi"
"Neftin qiymətinin dörd dəfə aşağı düşəcəyinə heç kim hazır deyildi"13-02-2016, 21:40. Yazar: admin |
Almaniyada işgüzar səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Neftin qiymətinin aşağı düşməsi geosiyasi məsələləri üzrə enerji təhlükəsizliyi” mövzusunda “dəyirmi masa”da iştirak edib. “Dəyirmi masa”nın aparıcısı, “The New York Times” qəzetinin baş müxbiri Deyvid Sanger prezident İlham Əliyevə sualla müraciət edib. O, Azərbaycanın dövlət başçısından neftin qiymətinin bu səviyyədə müəyyən müddət ərzində qalacağı təqdirdə, bunun siyasi təsirlərinin nədən ibarət olacağını soruşub. Prezident İlham Əliyev deyib ki, region ölkələri neft istehsalçılarıdır. Azərbaycana gəlincə, müstəqil ölkə kimi bizim üçün neft sektorunun inkişafı və neft-qaz sahəsinə sərmayənin yatırılması müstəqilliyimizin ilk illərində çox böyük əhəmiyyət daşıyırdı. Çünki Azərbaycan müstəqilliyini əldə etdiyi vaxt iqtisadiyyatımız demək olar ki, durğunluq, iqtisadi və maliyyə böhranı səbəbindən tamamilə məhv edilmişdi. Buna görə də Azərbaycanın neft və qaz sektoruna əsas neft şirkətlərinin sərmayə yatırmağa dəvət edilməsi ölkı üçün təkcə investisiyaların cəlb olunması mənasını daşımırdı. “Bizim üçün bu, müstəqilliyimizin gücləndirilməsi və ölkəmizin müvəffəqiyyət qazanmasının yollarının tapılması mənasını daşıyırdı. O vaxtdan bəri iyirmi il ötüb və biz nəinki neft-qaz sahəsinə böyük investisiyaları cəlb etməyi və önəmli neft və tezliklə təbii qaz istehsalçısına və ixracatçısına çevrilməyi bacardıq, eyni zamanda, neft-qaz sahəsindən əldə etdiyimiz gəlirləri əsasən qeyri-neft sektoruna, xüsusilə infrastruktura yatıra bildik. Buna görə də bizim neft amilindən asılılığımız ötən 5-10 il ərzində əhəmiyyətli dərəcədə azalıb. Neft ümumi daxili məhsulumuzun yalnız 30 faizini təşkil edir”. Prezident qeyd edib ki, növbəti illər üçün vəzifə Azərbaycanın ixrac potensialını şaxələndirməkdir: “Bu məqamda biz əlbəttə ki, iqtisadi islahatların davam etdirilməsi, özəl sektor üçün daha da yaxşı şəraitin yaradılması, daha çox investisiyaların cəlb edilməsi və irimiqyaslı özəlləşdirmə proqramına başlanılması zərurətinə gəlirik. Bütün bu elementlər dövlət siyasətimiz kimi artıq bəyan olunub və mən əminəm ki, biz uğur qazanacağıq”. Deyvid Sanger neftin qiymətinin investisiya maraqlarına təsir edib-etmədiyini və digər islahatları ləngidib-ləngitmədiyini də soruşub. Prezident İlham Əliyev deyib ki, xarici investorlar üçün neftin bugünkü qiyməti ilə bağlı olan vəziyyət ən cəlbedicidir: “Çünki bu gün aktivlərimizin özəlləşdirilməsi investorlardan daha çox bizim özümüzə lazımdır. Əlbəttə ki, biz bu sahədə bir balans tapmalıyıq ki, hökumət və investorlar da öz payını ala bilsinlər. Burada biz vacib olan iqtisadi islahatlara, biznes mühitinin yaxşılaşdırılmasına, özəlləşdirmə yolunun davam etdirilməsinə və neftdən asılılığın azalması məsələsinə gəlirik”. Prezident əlavə edib ki, neftin qiymətinin dörd dəfə aşağı düşəcəyini heç kim təsəvvürünə gətirə bilməzdi: “Biz hazır deyildik, heç kim hazır deyildi. Ona görə çox qısa vaxt çərçivəsində biz büdcənin necə tarazlaşdırılması, sosial proqramların necə davam etdirilməsi və hansı investisiya layihələrinə maliyyələşdirmənin dayandırılması yolunu tapmalı idik. Bu, asan deyildi. Çünki biz 100 dollardan baha olan qiymətə öyrəşmişdik. Əlbəttə ki, bizim uzun illər üçün nəzərdə tutulmuş inkişaf planımız var idi. Bizim daha yüksək neft qiymətinə əsaslanan “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyamız var idi. İndi isə neftin qiyməti aşağıdır”. Dövlət başçısı deyib ki, Azərbaycan iqtisadiyyatın şaxələndirilməsi və infrastruktura sərmayə qoyuluşu siyasəti sayəsində, bu vəziyyətdən minimum itkilərlə çıxmağı bacarıb. Geri dön |