Ana Sayfa > İqtisadiyyat / Manşet / Karusel > Dollar niyə ucuzlaşır? - TƏHLİL
Dollar niyə ucuzlaşır? - TƏHLİL12-02-2016, 14:37. Yazar: admin |
ABŞ-ın Federal Ehtiyat Sistemi (FES) keçirdiyi son toplantıda faiz dərəcələrini dəyişməz saxlayıb. Dekabrda faizlərin artırılmasından fərqli olaraq bu qərar bazarlarda ajiotaj yaratmadı. Çünki əksər mütəxəssislər FES-in məhz belə qərar verəcəyini gözləyirdi. Maraqlısı odur ki, iclasın yekun protokolunda bildirilib ki, faiz dərəcələri hələ də müəyyən müddət indiki səviyyədə saxlanılacaq. FES-in faizlərin qaldırma proqramından faktiki olaraq imtina etməsi ondan xəbər verir ki, faizlərin indiki səviyyədə saxlanması tək cari vəziyyətlə deyil, daha fundamental məsələlərlə bağlıdır. FES-in qərarı yanvarın 28-də açıqlanıb. Yanvarın 29-dan isə dolların əksər dünya valyutalarına qarşı ucuzlaşması başlayıb. Amma rəqəmlərə keçməzdən əvvəl FES-in qərarlarına bir daha diqqətlə fikir verək. Protokolda bildirilirdi ki, dünya ticarət platformalarında indekslərin kəskin enməsi FES-i dünya iqtisadiyyatında gedən prosesləri daha diqqətlə izləməyə, qlobal proseslərin ABŞ-ın əmək bazarı, inflyasiya və digər göstəricilərə təsirini qiymətləndirməyə məcbur edir. Bu ehtiyatlı sözlərin arxasında iki vacib amil sezilir. Birincisi, FES dünya iqtisadiyyatında yaranan vəziyyəti böhran əlamətlərini daşıyan qeyri-müəyyənlik kimi qiymətləndirir. İkincisi, ABŞ iqtisadiyyatında bərpa tendensiyaları hələ də dönməz xarakteri almayıb və bu səbəbdən dünyadakı qeyri-müəyyənlik durumunun ABŞ iqtisadiyyatına mənfi təsir edəcəyi hələ də istisna deyil. Nəticədə, faiz dərəcələri artırılmayıb, çünki pul-kredit siyasətinin daha da sərtləşdirilməsinin vaxtı çatmayıb. Xatırladaq ki, ötən ilin dekabrında FES faiz dərəcələrini 9 ildə ilk dəfə olaraq qaldırıb və 0,25-0,5% səviyyəsində müəyyənləşdirib. O zaman bildirilirdi ki, cari vəziyyət mane olmazsa, 2016-cı ildə faiz dərəcələrinin mərhələli qaldırılması planlaşdırılır. Göründüyü kimi, dekabrdan sonra ilk iclası zamanı cari vəziyyət artıq FES-ə faiz dərəcələrini qaldırmağa mane olub və faiz dərəcələrinin bu il qaldırılması planları ən azı təxirə salınır. Dünya iqtisadiyyatında yaranan qeyri-müəyyənliyin səbəbləri indi prinsipial deyil. Bu, həm Çin iqtisadiyyatında problemlər və problemlərin kəskinləşmə ehtimalı, neftin ucuzlaşması nəticəsində inkişafda olan ölkələrdə kəskin iqtisadi problemlər, inkişafda olan ölkələrdən kapital axını və sair səbəblərdir. Vacib nəticədir ki, ABŞ-ın maliyyə rəhbərliyi ölkə iqtisadiyyatını hələ də tam bərpa olunmuş hesab etmir və müvafiq addımlar atmağa hazırdır. Bu sahədə ən vacib məsələ ondan ibarətdir ki,əgər ABŞ iqtisadiyyatı hələ də bərpa səviyyəsinə çatmayıbsa, güclənən dollar ölkəyə sərf etmir, çünki bu, iqtisadi inkişaf üçün tormozlaşdırıcı amildir. Amma indi ən vacib məqam bu deyil, çünki artıq dəfələrlə ABŞ bu amilə baxmayaraq dolların bahalaşdırılması üçün əlindən gələni edib. İndi isə dolların zəifləməsi prosesi başlayıb. Bəzi ekspertlərin fikrincə, bu, qısamüddətli hadisədir. Bəlkə də deyil! FES-in iclasından sonra dollar əsas valyutalara qarşı belə dinamika nümayiş etdirir: Göründüyü kimi, cəmi iki həftə ərzində avro dollara qarşı 4,7%, Britaniya funtu 1,5% möhkəmlənib, dollar ienə qarşı 7,3%, İsveçrə frankına qarşı 4,8% zəifləyib. Dolların zəiflənməsinin səbəbi kimi əsasən FES-in qərarını göstərmək olar, amma bununla kifayətlənmək düz olmazdı. Burada biz o məqama yaxınlaşmışıq ki, dolların zəiflənməsi qısamüddətli deyil, daha fundamental ola bilər. Bunun əsas səbəbi ABŞ-ın dövlət borcu amilidir. Belə ki, ABŞ federal hökumətinin borcu növbəti rekordu təzələyərək 19 trln. dollara çatıb ki, bu da ölkə ÜDM-nə bərabərdir. Xatırladaq ki, ötən ilin noyabrında borcun yuxarı həddi növbəti dəfə qaldırılıb. Onun yenidən qaldırılması (və ya azaldılması, amma buna ehtimal azdır) məsələsinə gələn il baxılacaq və o zaman borcun 20 trln. dolları ötməsi gözlənilir. Ekspertlərin, hətta bəzi hökumət nümayəndələri və senatorlarının fikrincə, ölkənin sosial, iqtisadi, imtiyazlar üzrə xərclərini, hərbi xərcləri azaltmaq mümkün deyil. Faktiki olaraq, ABŞ borc böhranı astanasındadır və vəziyyətdən yeganə real çıxış yolu var – dövriyyəyə dollar kütləsinin buraxılması. Həmişə söhbət ABŞ-ın dövlət borcundan gedəndə belə fikir səsləndirilir ki, bu ölkənin borc məsələsi təhlükəli deyil, çünki onun valyutası dünyada ən çox istifadə olunandır və lazımı borcun dolların emissiyası hesabına ödənilməsi imkanına görə həmin borc istənilən halda ödəniləcək. Amma bu prosesin əks tərəfi var və bəlkə də biz həmin prosesin şahidiyik. Bu əks tərəf dollar kütləsinin artması nəticəsində onun məzənnəsinin azalmasıdır. ABŞ dövlət borcunun strukturu, müddət, həcm və faiz ödənişləri barədə məlumatımız yoxdur, amma aydındır ki, borcu hədsiz şişirtmək olmaz, borc üzrə bəzi ödənişlər aparılmalıdır, hətta əgər borc yükü iqtisadiyyata hər hansı mənfi təsir edirsə, onun əsas hissəsini də azaltmaq lazımdır. Yəni, ola bilsin ki, indi borcun ödənilməsi üçün dollar kütləsi buraxılır ki, nəticədə dolların zəiflənməsi baş verir. Nəhayət, bu proses qısamüddətli deyil, müəyyən vaxt aparır və buna görə də ehtimal etmək olar ki, dolların zəiflənməsi davam edəcək. Qeyd edək ki, dolların zəiflənməsi Azərbaycandan da yan keçməyib. Yanvarın 29-dan manat dollara qarşı 2,2% möhkəmlənib: Əgər ehtimalımız düzdürsə dolların zəiflənməsi hələ də müəyyən müddət davam edəcək. Buna görə manatın məzənnəsinin yüksəlməsi də davam etməlidir. Hazırda hər hansı proqnoz vermək olmaz, amma əgər 10 iş günü ərzində hər hansı ciddi səbəblərdən olmadan dollar dünyada təxminən 5% ucuzlaşıbsa, deməli məsələ ciddidir. Proses bu templə davam etsə, dolların avroya qarşı məzənnəsi yaxın zamanlarda 1,15-1,16 dollara (indikindən -1,2% - -2,1%), bəlkə də 1,2 dollara (-5,6%) çata bilər. Bu halda manatın da dollara qarşı məzənnəsinin 1,52-1,53 manata çatması istisna deyil. Geri dön |