Ana Sayfa > Gündəm / Aia TV / Karusel > Prezident Administrasiyası: Bəzi şirkətlərin rəhbərləri həbs edilib

Prezident Administrasiyası: Bəzi şirkətlərin rəhbərləri həbs edilib


12-02-2016, 09:59. Yazar: admin

Daxil olan şikayətlərin sayı açıqlandı.

2015-ci ildə Prezident Administrasiyasına daxil olan müraciətlərin 67,8%-ni ərizələr, 31,2%-ni şikayətlər, 1%-ni təkliflər təşkil edib.

Aia.az AzərTAc-a istinadən xəbər verir ki, bu sözləri Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun “Azərbaycan Prezidenti vətəndaşların müraciətlərinə daimi diqqət və qayğını prioritet məsələ hesab edir” başlıqlı hesabat xarakterli məqaləsində əksini tapıb.

“Ümumiyyətlə, Prezident Administrasiyasına daxil olan müraciətlərin mövzuları çox müxtəlifdir.

Müəyyən edilmiş təsnifat üzrə aparılan təhlillər göstərir ki, 2015-ci ildə vətəndaşlardan sosial müdafiə, əmək mübahisələri, işdən çıxarılma, ixtisar olunma, məhkəmə, milli təhlükəsizlik orqanlarının fəaliyyəti, maliyyə və bank, məişət, sənaye, sahibkarlığın inkişafı, səhiyyə, kənd təsərrüfatı məsələləri barəsində müraciətlər əvvəlki ilə nisbətən artıb.

Bəzi mövzular, o cümlədən şəhər və rayon icra hakimiyyətlərinin və bələdiyyələrin, polis və prokurorluq orqanlarının fəaliyyəti, nəqliyyat, ekologiya və təbii sərvətlər, torpaq, təbii fəlakət hadisələri, şəhərsalma və tikinti, evlərin, mənzillərin sənədləşdirilməsi, mənzil məsələləri barədə müraciətlərin sayı nisbətən azalıb.

Ekoloji problemlərlə bağlı müraciətlərin sayının xeyli azalması ölkədə bu problemlərin müntəzəm həll olunmasından xəbər verir”, - deyə Süleyman İsmayılov bildirib.

S.İsmayılov onu da bildirib ki, bəzi şirkətlər ilə bağlı cinayət işinə başlanılıb:

“Şikayətlərin bir çoxunda bəzi tikinti şirkətlərinin fəaliyyətindən, ləğv olunmuş idarə və müəssisələrin işçilərinin əməkhaqlarını ala bilməməsindən, bəzi şirkətlərin və dələduz şəxslərin vətəndaşları aldadaraq vəsaitlərini ələ keçirməsindən, ayrı-ayrı mənzil-tikinti kooperativlərinin tikinti aparılan ərazidə təhlükəsizliyi təmin etməməsindən, binaları müqavilədə göstərilən müddətdə başa çatdırmayaraq yarımçıq saxlamasından, sakinləri dövlət komissiyasının qəbul etmədiyi evlərdə məskunlaşdırmasından, pulu ödənilmiş mənzillərin ümumiyyətlə verilməməsindən və ya başqalarına satılmasından narazılıq bildirilir.

Bu mövzuda kollektiv şikayətlər daha çox olub. Bəzi şirkətlərlə bağlı cinayət işləri başlanaraq onların rəhbərləri həbs edilsə də, bu sahədə nöqsanlar hələ tam aradan qaldırılmayıb”.
Geri dön