Ana Sayfa > İqtisadiyyat > Vergilər Nazirliyində mətbuat konfransı keçirilib
Vergilər Nazirliyində mətbuat konfransı keçirilib27-12-2019, 18:00. Yazar: sevinc1 |
Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanun və bu Qanunun tətbiqinə dair fərmandan irəli gələn məsələlərlə əlaqədar dekabrın 27-də Vergilər Nazirliyində kütləvi informasiya vasitələri üçün mətbuat konfransı keçirilib. Trend-in məlumatına görə, konfransı açan Vergilər nazirinin müavini Sahib Ələkbərov bildirib ki, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasətin tərkib hissəsi olan vergi siyasəti iqtisadiyyatın müasir tələblərinə uyğun təkmilləşdirilir. Bu işlərin davamı olaraq, sahibkarlığın inkişafı və biznes mühitinin daha da yaxşılaşdırılması məqsədilə vergi qanunvericiliyində bir sıra dəyişikliklər edilib. Vurğulanıb ki, ədalətli rəqabət mühitinin formalaşdırılmasını təmin etmək üçün Məcəlləyə bir sıra stimullaşdırıcı maddələr əlavə olunub, qanunu bilərəkdən pozan, əvvəlcədən düşünülmüş şəkildə vergidən yayınmağa cəhd göstərən vergi ödəyicilərinə tətbiq olunacaq sanksiyalar sərtləşdirilib. Sonra Vergilər Nazirliyinin Vergi siyasəti Baş İdarəsinin rəisi Samirə Musayeva Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklərin əsas istiqamətləri, iqtisadi hədəfləri və alətləri barədə ətraflı məlumat verib. Qeyd olunub ki, Vergi Məcəlləsində edilmiş dəyişiklikləri iqtisadi hədəflər və islahatın məqsədləri baxımından 7 əsas istiqamət üzrə təsnifləşdirmək olar. Bunlar bərabər və şəffaf fiskal mühitin təmin edilməsi, vergi inzibatçılığının təkmilləşdirilməsi, sahibkarların inzibatçılıq yükünün aşağı salınması, sahibkarlıq fəaliyyətinin təşviq olunması, sosial xarakterli güzəştlər vasitəsilə əhalinin və sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması, vergitutma bazasının genişləndirilməsi, beynəlxalq vergitutma və məlumat mübadiləsi üzrə öhdəliklərin yerinə yetirilməsi kimi məqsədləri əhatə edir. S.Musayeva ədalətli rəqabətin şərti kimi bərabər və şəffaf fiskal mühitin təmin edilməsinin əsas məqsədlərdən biri olduğunu və bu hədəf qrupu üzrə müəyyən edilmiş dəyişikliklərin şərti olaraq 3 istiqaməti - əmtəəsiz əməliyyatlar aparan vergi ödəyicilərinə qarşı mübarizənin aparılması, riskli vergi ödəyicilərinə nəzarətin gücləndirilməsi və vergidən yayınma hallarının miqyasının azaldılmasını əhatə etdiyini bildirib. Vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətinə toxunan S.Musayeva qarşıdakı ildən etibarən ƏDV-nin kassa metodu əsasında hesablanmasının mütərəqqi yenilik olduğunu diqqətə çatdıraraq qeyd edib ki, vergi ödəyicilərinin xeyli hissəsi bu dəyişikliyə qədər mövcud olan qaydanın onlara inzibatçılığın qurulmasında müəyyən çətinliklər yaratdığı və əlavə maliyyə yükü ilə üzləşdikləri ilə bağlı məsələ qaldırmışdılar. Yeni dəyişikliklər ƏDV ödəyiciləri tərəfindən ƏDV tutulan əməliyyatın vaxtının müəyyən olunmasında inzibatçılığı əhəmiyyətli dərəcədə yüngülləşdirməklə yanaşı, vergi ödəyicisinin maliyyə vəsaitinə qənaət etməsinə gətirib çıxaracaq. Sahibkarların inzibatçılıq yükünün azaldılması və sahibkarlıq fəaliyyətinin təşviq edilməsi istiqaməti üzrə Vergi Məcəlləsində elektron vergi hesab-fakturasının və elektron qaimə-fakturanın vahid sənədlə - elektron qaimə-faktura ilə əvəz edilməsi, vergi orqanında uçotda olmayan şəxslərdən alınmış mallara görə tərtib edilən “Malların alış aktı” ciddi hesabat blankının elektronlaşdırılması, agent qaydasında aparılan əməliyyatlar üzrə sənədləşmənin daha çevik qaydada tənzimlənməsi ilə bağlı dəyişikliklər edilib. Sosial xarakterli güzəştlər vasitəsilə əhalinin maliyyə (vergi) yükünün azaldılması istiqaməti vətəndaşların rifah halının yaxşılaşdırılması məqsədi daşıyır. Belə ki, quş əti satışının ƏDV-dən azadolma müddətinin daha 4 il müddətinə uzadılması, habelə heyvan ətinin satışının 4 il ərzində ƏDV-dən azad edilməsi, fiziki şəxslər tərəfindən vergidən azad olunmaqla təqdim edilən yaşayış sahəsində azı 5 il ərzində yaşayış yeri üzrə qeydiyyatda olma müddətinin 3 təqvim ilinə endirilməsi, fiziki şəxslərin xüsusi mülkiyyətində olan yaşayış sahələrinin təqdim edilməsi zamanı yaşayış sahəsinin 30 kvadratmetrinin istisnasız olaraq vergidən azad edilməsi bu qəbildən olan dəyişikliklərdir. Qanunvericilikdə sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması ilə bağlı da bir sıra dəyişiklikləri edilib. Sabit qəbz almaqla vergi ödəyən fiziki şəxslərin sadələşdirilmiş vergi üzrə aylıq sabit məbləğinin azaldılması, heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən yem və yem əlavələrinin satışı üzrə dövriyyələrin ƏDV-dən azad edilməsi, vergi ödəyicisi tərəfindən quraşdırılan yeni nəsil nəzarət-kassa aparatına çəkilən xərclərin müəyyən olunmuş hədd daxilində onun vergi öhdəlikləri ilə əvəzləşdirilməsi, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binalardan dövlətə ayrılan hissəyə güzəştin verilməsi, sənaye və texnologiyalar parklarının rezidentlərinə verilən vergi güzəştlərinin müddətinin 7 ildən 10 ilədək artırılması məhz sahibkarların vergi yükünün azalması ilə nəticələnəcəkdir. Bir sıra aksizli malların aksiz dərəcələrinin artırılması, digər malların aksiz dərəcələrinin optimallaşdırılması, tündləşdirilməmiş alkoqollu içkilərin aksizli malların siyahısına əlavə olunması və aksizli mallar üzərində vergi nəzarətinin təkmilləşdirilməsi ilə bağlı dəyişikliklər, habelə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergitutuma metodunun ləğv edilməsi və həmin şəxslərin vahid vergi rejimində fəaliyyət göstərməsinin təmin olunması, hüquqi şəxslər tərəfindən mülkiyyətində yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsinin notarius tərəfindən sadələşdirilmiş vergiyə cəlb olunmasının ləğv edilməsi və həmin əməliyyatların ƏDV-yə və mənfəət vergisinə cəlb edilməsi kimi dəyişikliklər isə vergitutma bazasının genişləndirilməsi məqsədini daşıyır. Qanunvericiliyə beynəlxalq vergitutma və məlumat mübadiləsi üzrə öhdəliklərin yerinə yetirilməsi ilə bağlı edilmiş mühüm dəyişikliklər barədə də məlumat verən S.Musayeva bildirib ki, Vergi Məcəlləsinə ilk dəfə olaraq Transmilli Şirkətlər Qrupu anlayışı daxil edilib və bu qrupa daxil olan rezident müəssisələr tərəfindən müəyyən şərtlər daxilində vergi orqanına hesabat təqdim edilməlidir. Sonda KİV nümayəndələrinin sualları cavablandırılıb. aia.az Geri dön |