Ana Sayfa > Siyasət > XİN:
XİN:25-12-2019, 17:37. Yazar: sevinc1 |
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan XİN-in Naxçıvanda ermənilərə qarşı uydurma qırğınlarla bağlı bəyanatına münasibət bildirib. XİN rəsmisi Trend-ə açıqlamasında təəssüflə qeyd edib ki, Ermənistanın hazırkı rəhbərliyi, öz sələflərinin təcrübəsini davam etdirərək, uydurma və heç də inandırıcı olmayan açıqlamaların verilməsi ilə məşğuldur. Həqiqətdə isə tarixi faktlar onu göstərir ki, məhz erməni silahlı dəstələri hələ 1918-ci ilin martında Bakı, Şamaxı, Quba, Qarabağda, həmin ilin iyun-oktyabr aylarında isə Zəngəzur və Naxçıvan qəzalarında dinc əhalinin kütləvi qırğınlarını həyata keçirməyə başlayıb. Rəsmi Yerevan bunu çox yaxşı bilir: "Hətta Ermənistan tərəfi on minlərlə dinc azərbaycanlı sakinin məhz etnik və dini mənsubiyyətinə görə ermənilər tərəfindən qətlə yetirildiyini unutmaq istəsə belə, buna nə tarix, nə də arxivlərdə saxlanılmış sənədlər imkan verməyəcək. Ermənilərin 1918-ci illərdə azərbaycanlılara qarşı törətdiyi kütləvi qırğın və soyqırımı siyasəti ilə tanış olmaq üçün Stepan Şaumiyanın memuarları və 1926-ci ildə dərc edilmiş Böyük Sovet Ensiklopediyası ilə tanış olmaq kifayətdir. Bundan əlavə, əgər Ermənistan XİN-i öz bəyanatlarında ardıcıl olmaq istəyirsə, o zaman Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Xocalı şəhərinin dinc əhalisinə qarşı böyük qəddarlıqla törədilmiş kütləvi qırğın barəsində susmamalıdır. 613 mülki şəxsin, o cümlədən 63 uşaq və 106 qadının qətlə yetirildiyi bu insanlıq əleyhinə cinayət bir əsr deyil, cəmi 27 il bundan öncə törədilib. Ermənistanın keçmiş Prezidenti xarici jurnalistlər qarşısında bu cinayətlə bağlı etirafla çıxış etməyə belə çəkinməmişdir: “Xocalıdan qabaq azərbaycanlılar düşünürdü ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməyən xalqdırlar. Biz bu stereotipi sındırdıq. Bax bu baş verdi”. Ümumiyyətlə, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin əhalini sülhə hazırlamaq çağırışı fövqündə Ermənistan XİN-in bu ritorikası qəribə səsləndiyi qədər zərərlidir. Münaqişənin həlli nöqteyi nəzərindən emosional fonu gərginləşdirən bu kimi bəyanatlar vermək əvəzinə, Ermənistan XİN-i “yazıq erməni” obrazını bir kənara qoyub, Azərbaycanın ərazilərinə qarşı əsassız iddialardan əl çəkməli, Azərbaycan ərazilərinin işğalına son qoymalı, münaqişənin həll olunması və iki xalqın sülh, sabitlik, təhlükəsizlik və tərəqqi şəraitində yaşaması üçün konkret addımlar atmaq barədə düşünməlidir". aia.az Geri dön |