Ana Sayfa > Siyasət > “Bizi bu yoldan heç bir qüvvə döndərə bilməz” -
“Bizi bu yoldan heç bir qüvvə döndərə bilməz” -24-12-2019, 15:55. Yazar: sevinc1 |
"Müstəqil Azərbaycan Respublikası Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü, prinsipial, milli maraqlara əsaslanan siyasət nəticəsində güclü, dinamik inkişaf edən, yüksək beynəlxalq nüfuza malik dövlətə çevrilib. Əsası Ümummilli liderimiz, böyük dövlət xadimi Heydər Əliyev tərəfindən qoyulan Azərbaycanın inkişaf konsepsiyasının dövlətimizi başçısının rəhbərliyi ilə müasir dövrün çağırışlarına uyğun daha da təkmilləşdirilərək dönmədən və ardıcıllıqla həyata keçirilməsi nəticəsində ölkəmiz iqtisadi inkişaf sürətinə görə dünyada liderlik mövqeyinə yüksəlib". Modern.az xəbər verir ki, bu fikirləri V çağırış Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, professor Sahibə Qafarova deyib. Deputatın sözlərinə görə, Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində Azərbaycanın iqtisadi sahədə əldə etdiyi nailiyyətlər, ölkəmizin imkanlarının artması vətəndaşların həyat şəraitinin əsaslı şəkildə yaxşılaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi istiqamətində genişmiqyaslı tədbirlərin həyata keçirilməsi ilə müşayiət olunub. "Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi və möhtəşəm uğurlarla zəngin olan 16 il ərzində Azərbaycanda 2 milyondan çox yeni iş yerinin yaradılması, əməkhaqlarının 7,5 dəfə, pensiyaların 10 dəfədən çox artması ölkə vətəndaşlarının həyat səviyyəsinin əsaslı şəkildə yüksəlməsi ilə müşayiət olunub. Təkcə cari ildə əhalinin bütün kateqoriyalarını əhatə edən və maaşların, pensiyaların, təqaüdlərin əhəmiyyətli dərəcədə artırılmasını nəzərdə tutan və əsl inqilabi xarakter daşıyan sosial paketin icrası nəticəsində 4 milyondan artıq vətəndaşımızın sosial müdafiəsi gücləndirilib. Bütün bu tədbirlər və onun parlaq nəticələri Prezident İlham Əliyevin "Ölkəmizdə həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır" tezisinin real həyatda əksini tapdığını göstərir", - deyə S.Qafarova qeyd edib. Sahibə Qafarova vurğulayıb ki, daxili siyasətdə əldə olunan möhtəşəm nailiyyətlər Azərbaycanın beynəlxalq mövqelərinin də möhkəmlənməsinə, müstəqil, milli mənafelərə uyğun, praqmatik xarici siyasət həyata keçirilməsinə əlverişli zəmin yaradıb: "Bu gün Azərbaycan dünya ictimaiyyəti tərəfindən güclü, etibarlı, sözünə etimad olunan dövlət kimi qəbul olunur. "Bunun ən mühüm örnəklərindən biri 2011-ci ildə Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyə keçirilən səsvermə zamanı müşahidə olundu. Azərbaycan Respublikası 155 ölkənin dəstəyini qazanaraq 2 il müddətinə Təhlükəsizlik Şurasına üzv seçilərək beynəlxalq münasibətlərin güclü, qüdrətli aktoru kimi qəbul olunduğunu sübuta yetirdi. Eyni zamanda, çox az bir vaxt bundan əvvəl Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünün keçirilməsi ölkəmizin müstəqillik tarixində mühüm siyasi hadisə olmaqla bir daha Azərbaycanın dünyada güclənən mövqelərini və nüfuzunu ifadə edir. Azərbaycan üç il ərzində bu təşkilata sədrlik edəcək. Bu, BMT-dən sonra dünyada ən böyük ikinci təşkilatdır. Azərbaycan bu təşkilatda fəal rol oynamaqla, həm Qoşulmama Hərəkatının fəaliyyətinə uğurlu töhfələr verir, həm də özünün xarici siyasətdəki maraq və mənafelərinin daha güclü əsaslarda müdafiə olunmasına imkan qazanır", - deyən Sahibə Qafarova eyni zamanda vurğulayıb ki, Azərbaycanın təşəbbüsü və birbaşa iştirakı ilə ərsəyə gələn böyük iqtisadi, enerji və nəqliyyat layihələri ölkəmizin beynəlxalq mövqelərinin möhkəmlənməsinə şərait yaratmaqla yanaşı, bu təşəbbüslər regionun inkişafına layiqli töfhələr verir: "Dövlətimizin başçısının həyata keçirdiyi praqmatik siyasət sayəsində Azərbaycanın paytaxtı Bakı şəhəri ən mötəbər beynəlxalq tədbirlərə evsahibliyi edir, ilk Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, "Formula 1" yarışları, dialoq və sülh naminə beynəlxalq forumlar, mühüm mədəniyyət tədbirləri məhz ölkəmizdə keçirilir. Azərbaycan dünyada mədəniyyətlərə və sivilizasiyalar arasında dialoq prosesinə çox mühüm töfhələr verən, ciddi təşəbbüslərin müəllifi kimi böyük nüfuz qazanan bir dövlətdir. Biz bunu səfər etdiyimiz bütün ölkələrdə, keçirdiyimiz görüşlərdə aydın şəkildə hiss edir, dövlətimizin inkişafı ilə haqlı qürur hissi keçiririk". Sahibə Qafarova həmçinin deyib ki, Azərbaycan xalqı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti dəstəkləyir, bu siyasətə alternativ görmür, əldə olunan uğurları yüksək qiymətləndirir: "Bu gün Prezident İlham Əliyevin gərgin əməyi, dövlətimizin inkişafı naminə yorulmaz fəaliyyəti hər bir azərbaycanlı tərəfindən yüksək qiymətləndirilir və daim dəstəklənir. Biz son dövrlər dövlətimizin başçısının təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı islahatlara münasibətdə də cəmiyyətin ən müxtəlif təbəqələrinin razılığını, sonsuz rəğbətini müşahidə edirik. Xalqımız əmindir ki, həyata keçirilən sosial, iqtisadi, struktur ishatları, gənclərə göstərilən dəstək və etimad müasir dövrdə Azərbaycanın daha böyük nailiyyətlər əldə etməsinə təkan verəcəkdir. Təsadüfi deyil ki, ictimai rəyin öyrənilməsi üzrə müxtəlif sosioloji tədqiqat mərkəzlərinin Azərbaycan əhalisi arasında keçirdiyi sorğular, yüksək demokratikliyi ilə seçilən, xalqımızın mütləq əksəriyyətinin iradəsini əks etdirən seçkilərin nəticələri ölkəmizdə vətəndaşların Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətə mütləq inam və etimad bəslədiklərini, xalq-iqtidar birliyinin sarsılmaz təməllərə söykəndiyini sübut edir. Bu gün hər bir azərbaycanlı Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızın Ali Baş Komandan kimi Prezident İlham Əliyevin rəhbərliyi ilə tezliklə azad olunacağına sonsuz inam bəsləyir. Bu, ilk növbədə "Qarabağ Azərbaycandır və nida işarəsi" çağırışına, dövlətimizin başçısının sözünə, qətiyyətinə milyonlarla azərbaycanlının haqlı inamına, etimadına söykənir". Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Prezident İlham Əliyevin ən yaxın silahdaşı kimi müasir dövlət quruculuğu sahəsində fəaliyyətinə hərtərəfli dəstəyi də qeyd edən Sahibə Qafarovanın sözlərinə görə, Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti ölkəmizin inkişafına, sosial məsələlərin uğurlu həllinə mühüm töfhələr verir. O, deyib ki, Mehriban xanım Əliyeva beynəlxalq miqyasda da uğurla fəaliyyət göstərək Azərbaycanın təbliğində və dünyada nüfuzunun artmasında, ölkəmizin haqq səsinin daha cəsarətlə duyulmasında vacib rol oynayır. "Beləliklə, sadalanan bütün bu faktlar son 16 ildə Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurlu, dinamik və örnək inkişafına işıq tutmaqla yanaşı, ölkəmizin gələcəyinin daha parlaq olması üçün ciddi, sarsılmaz bünövrə yaradıldığını göstərir. Prezident İlham Əliyevin dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibəsində də bildirdiyi kimi, Azərbaycan bundan sonra da müstəqillik və inkişaf yolu ilə gedəcək və bizi bu yoldan heç bir qüvvə döndərə bilməz", - deyə Sahibə Qafarova qeyd edib. aia.az Geri dön |