Ana Sayfa > Siyasət > Ombudsman BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai ilə görüşüb
Ombudsman BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai ilə görüşüb20-12-2019, 17:11. Yazar: sevinc1 |
İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva ilə BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisi Qulam İshaqzainin görüşü olub. Ombudsman Aparatından aia.az-a verilən məlumata görə, qonağı salamlayan Ombudsman Səbinə Əliyeva Azərbaycan dövlətinin insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi məsələsinə xüsusi diqqət göstərdiyini nəzərə çatdırıb. Onun sözlərinə görə, Azərbaycanın öz müstəqilliyini bərpa etdikdən sonra Ombudsman İnstitutunun yaradılması ölkəmizdə insan hüquqlarının müdafiəsi sahəsində atılmış ən mühüm addımlardan biridir. Bildirilib ki, əhalinin bütün qruplarının hüquqlarının müdafiəsi Ombudsmanın çoxşaxəli fəaliyyətinin prioritet istiqamətlərindəndir. Qeyd olunub ki, Azərbaycan Ombudsman İnstitutu, eyni zamanda, BMT tərəfindən tanınan Milli İnsan Hüquqları İnstitutu kimi Paris Prinsiplərinin tələblərinə uyğun olaraq insan hüquq və azadlıqlarının səmərəli müdafiəsi istiqamətində Milli İnsan Hüquqları İnstitutlarının Qlobal Alyansı ilə əməkdaşlıq edir. Müvəkkil bildirib ki, Ombudsman təsisatı fəaliyyəti dövründə BMT və onun struktur bölmələri ilə sıx əlaqələr yaradıb, birgə layihələr reallaşdırılıb. Bu layihələr çərçivəsində BMT-nin İnsan Hüquqları mexanizmləri, BMT-nin müqavilə orqanlarına hesabatların verilməsi ilə bağlı maarifləndirici təlimlər həyata keçirilib. Bütün bunlar insan hüquqlarının təbliği və təşviqi, əhalinin maarifləndirilməsi baxımından böyük əhəmiyyətə malikdir. Müvəkkil bildirib ki, Ombudsman BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi istiqamətində bundan sonra da öz səylərini əsirgəməyəcək. Qeyd olunub ki, Universal Dövrü İcmal prosesi çərçivəsində Azərbaycanın dövri məruzələri, həmin məruzələrə Ombudsman İnstitutunun Milli İnsan Hüquqları İnstitutu qismində öz töhfəsini verməsi və tövsiyə qərarlarının icrası ilə əlaqədar müvafiq addımların atılması qarşıda duran mühüm məsələlərdəndir. Ombudsman Səbinə Əliyeva Ermənistanın Azərbaycan ərazisinin 20 faizini işğal etməsi nəticəsində 1 milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü, bunun insan hüquqlarının pozulması faktı olduğunu, pozulmuş hüquqların bərpasının vacibliyini diqqətə çatdırıb. BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisi Qulam İshaqzai Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyevanı bu vəzifəyə seçilməsi münasibətilə təbrik edib. O, Ombudsman təsisatı ilə BMT arasında əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətindən bəhs edib. Q.İshaqzai insan hüquqlarının qorunmasının BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərində əksini tapmış mühüm məsələlərdən biri olduğunu vurğulayıb. Ombudsmanların insan hüquqlarının müdafiəsində, inklüziv cəmiyyətin formalaşmasında mühüm rola malik olduğunu deyən BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisi Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərinə sadiq dövlət olduğunu vurğulayıb. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib. aia.az Geri dön |