Ana Sayfa > Manşet / Qərbi Azərbaycan > Ağsu səhiyyəsi sürətlə inkişaf edir

Ağsu səhiyyəsi sürətlə inkişaf edir


19-12-2019, 11:08. Yazar: sevinc1
Ağsu səhiyyəsi sürətlə inkişaf edir



Baş həkim Şəhrəbanu Məlikovanın rəhbərlik etdiyi peşəkar həkimlərdən ibarət kollektivin əhaliyə göstərdiyi tibbi xidmətlər yüksək səviyyədədir

Bu gün Azərbaycanda səhiyyə xidmətlərinin yüksək səviyyədə təşkili dövlətin qarşısında duran əsas prioritet istiqamətlərdən biridir. Ölkə rəhbərliyinin və birbaşa prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən ölkəmizdə yeni tibb müəssisələrinin inşası, eləcə də mövcud səhiyyə ocaqlarının əsaslı təmir edilərək tamamilə yeni bir formatda vətəndaşlarımızın xidmətinə verilməsi artıq çoxdan bir ənənə halını almışdır. Sevindirici haldır ki, bu proses təkcə paytaxt Bakıda deyil, həmçinin rayon və bölgələrimizdə də sürətlə gedir. Bir müddət əvvəl əsaslı təmir olunaraq, tamamilə yeni, daha yüksək standartlar səviyyəsində öz fəaliyyətini uğurla davam etdirən tibb müəssisələrindən biri də Ağsu Rayon Mərkəzi Xəstəxanasıdır.



Birmənalı olaraq demək lazımdır ki, bu gün Ağsu Rayon Mərkəzi Xəstəxanası tibb sahəsinin ən yüksək standartlarına cavab verir. Belə ki, xəstəxananın yeni binası 3 hektardan çox ərazidə inşa olunub. Əsas bina, yoluxucu xəstəliklər korpusu və 15 çarpayılıq vərəm dispanserindən ibarət olan xəstəxanada doğum, terapiya, cərrahiyyə, pediatriya, anesteziologiya-reanimasiya, patoloji-anatomiya, poliklinika şöbələri fəaliyyət göstərir. Bundan əlavə, şüa-diaqnostika, hemodializ və laboratoriya şöbələri də xəstələrin istifadəsinə verilib. Bu şöbələrin hamısı tibbin son nailiyyətləri olan avadanlıq və cihazlarla təmin edilib. Bütün bunlar göstərir ki, son illərdə səhiyyə sahəsində yaşanan genişmiqyaslı dəyişiklik bu sektorun dünyanın müasir tibbi texnika və avadanlıqları ilə təmin olunmasıdır.




Əlbəttə ki, bütün bu texniki nailiyyətlər peşəkar, öz işini bilən və sevən həkimlər olmadan xəstələrə heç bir fayda verə bilməz. Məhz elə bu baxımdan da Ağsu və ətraf rayon sakinlərinin bəxti son dərəcə gətirib. Məsələ bundadır ki, bu gün Ağsu səhiyyəsinin başında Şəhrəbanu xanım Məlikova kimi bir peşəkar durur. Şəhrəbanu xanım ən böhranlı anlarda insanların harayına çatmağı, xəstələrlə şəxsən özü təmasda olmağı, onların dərd-sərlərini səbrlə dinləyib, dəyərli məsləhət verməyi özünün düzgün diaqnoz qoymaq və effektiv müalicə təyin etmək kimi vəzifələri ilə bir sırada duran peşə borcu hesab edir. Məhz bu keyfiyyətlərinə görə də bölgənin müxtəlif yerlərindən Şəhrabanu xanımın rəhbərlık etdiyi səhiyyə müəssisəsinə müalicə üçün axışıb gələnlərin, burada calışan həkimlərin şəfalı əllərindən nicat tapanların sayı günü-gündən çoxalır. Baş həkimin səmimiyyəti, yüksək əxlaqi keyfiyyətləri, insanpərvərliyi onun rəhbərliyi altında çalışan həkimlərə və digər tibbi personala da sirayət edir. Sakinlərin də dediyinə görə Ağsu Rayon Mərkəzi Xəstəxanasında əhaliyə yüksək səviyyədə tibbi xidmət göstərilir. Sakinlər xəstəxananın baş həkimi Şəhrəbanu Məlikovadan xüsusilə razılıq edirlər. Onların ümumi rəyinə görə, rayon səhiyyəsində ciddi nizam-intizam olmaqla yanaşı, öz peşəsini mükəmməl bilən bilikli və təcrübəli həkimlər çalışırlar.



Həqiqətən də bu gün ölkəmizdə səhiyyə sektorunun inkişafı ilə bağlı islahatlar dövlətin həyata keçirdiyi sosial siyasətin başlıca istiqamətlərindən birini təşkil edir. Xüsusilə son illərdə Prezident İlham Əliyevin səhiyyənin inkişafı ilə bağlı həyata keçirdiyi məqsədyönlü siyasət bu sahənin keyfiyyət və kəmiyyət göstəriciləri ilə zənginləşməsinə səbəb olub. Bununla da Azərbaycan səhiyyəsi tamamilə yeni bir inkişaf mərhələsinə qədəm qoyub. O cümlədən Ağsu rayonunda səhiyyənin bu gün ən yüksək standartlara cavab verən bir səviyyədə olması da bütün bu deyilənlərə ən bariz nümunədir.

aia.az
Abbas Abbasov
Elbrus Bağırov

Geri dön