Ana Sayfa > Karusel / Ölkə > Goranboy-Tərtər yolunda niyə radar quraşdırılmır? -
Goranboy-Tərtər yolunda niyə radar quraşdırılmır? -16-12-2019, 16:42. Yazar: sevinc1 |
Son zamanlar avtomobil yollarının inkişafı istiqamətində mühüm addımlar atılır. Hətta elə regionlarımız var ki, orada geniş və rahat yollar çəkilib, dağılmış yollar təmir olunub. Ancaq təəssüf ki, bəzən bu rahat yollarda radarlar, yol nişanları və sürət həddini göstərən lövhələr quraşdırılmır. Hərəkət iştirakçıları da sürət həddini bilmədən istədikləri şəkildə avtomobillərini idarə edirlər. Bu da tez-tez qəzaların baş verməsi ilə nəticələnir. Redaksiyamıza müraciət edən Goranboy və Tərtər rayonunun bəzi sakinləri qeyd edirlər ki, 2 il öncə bu iki rayon arasındakı magistral yol yenidən çəkildikdən sonra yolda tez-tez qəzalar baş verir. Buna səbəb isə rahat yolda yüksək sürətdir. Sakinlərin sözlərinə görə, kəndlərin içərisindən keçən bu avtomagistralda sürət həddini göstərən yol nişanları və radarlar yoxdur. Bu da bir çox sürücünün fürsətdən istifadə edərək avtomobili yüksək sürətlə idarə etməsinə səbəb olur. Bu da təhlükəli nəticələrə səbəb olur. Bildirilir ki, Goranboy rayonunun Xanqərvənd, Qızılhacılı, Balakürd, Tərtər rayonunun Sarov, Bəyimsarov kəndlərində tez-tez qəzalar baş verir. Ona görə də, sakinlər bu yolda radarların quraşdırılmasının tərəfdarıdırlar. Qeyd edək ki, bu yaxınlarda həmin bölgədə səfərdə olan əməkdaşımız da Goranboy-Tərtər yolunda müşahidə aparıb və yuxarıda yazdıqlarımızın şahidi olub. Hətta Goranboy rayonunun Balakürd kəndi yaxınlığında yol kənarında qarşıda radar olduğunu əks etdirən lövhə olsa da, yol boyu radara rast gəlinməyib. Bəs görəsən, bu cür müasir yollarda nə üçün radarlar quraşdırılmır? Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin (DYP) şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev Modern.az-a açıqlama verib: “İlk növbədə qeyd edim ki, yol polis əməkdaşları hər zaman olduğu kimi, hərəkət təhlükəsizliyinin təmin olunması üçün zəruri olan tədbirləri mütəmadi olaraq həyata keçirir. Ümumiyyətlə yollara nəzarət edildiyi zaman, hər hansı bir əraziyə xüsusi məlumatlandırıcı lövhələrin qoyulmasına ehtiyac yaranarsa, əməkdaşlarımız tərəfindən bu məsələ qeydə alınır, həlli üçün müvafiq tədbirlər həyata keçirilir. Bilirsiniz ki, hər hansı bir ərazidə xidmət aparan yol polis əməkdaşlarının patrul avtomobillərində də xüsusi texnika vasitəsi də mövcuddur. Qanuna müvafiq uyğun olaraq, hər hansı bir qanun pozuntusu baş verərkən, həmin patrul avtomobilində quraşdırılmış xüsusi texnika vasitəsilə sürücünü inzibati məsuliyyətə cəlb etmək mümkündür”. Rüfət Quliyev Goranboy-Tərtər istiqamətinə gedən yola Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının baxış keçirəcəyini bildirib: “Baxış keçirildikdən sonra təbii ki, hüquqi qiymət veriləcək. Hər bir sürücüyə tövsiyəmiz odur ki, yollarda avtomobili idarə edərkən diqqətli olsunlar.Yollarda həm sürət rejiminə, eyni zamanda, ötmə qaydalarına riayət etsinlər. Onu da qeyd edim ki, avtomagistral yollarda məlumatverici lövhələr quraşdırılır. Bu lövhələr bildirir ki, 300-400 metr irəlidə piyada keçidləri mövcuddur. Yəni yol polislərinin bu kimi tədbirləri həyata keçirmələrində əsas məqsəd hərəkət iştirakçılarının təhlükəsizliyini təmin etməkdir. Həmçinin yol qəzalarının qarşısını almaqdır”. aia.az Geri dön |