Ana Sayfa > Manşet / Ölkə > Mətbuatda səngimək bilməyən “daxili mübarizə” daha ciddi fəsadlara yol aça bilər...
Mətbuatda səngimək bilməyən “daxili mübarizə” daha ciddi fəsadlara yol aça bilər...16-12-2019, 12:58. Yazar: sevinc1 |
İndi də Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevə qarşı düzənlənən informasiya hücumları bəlkə də əslində ölkəmizdə milli-etnik zəmində iğtişaşların yaradılmasına hesablanıb İlk baxışda RİH başçısına qarşı yönəldilmiş tənqidi çıxışların, hətta bu çıxışlar əsassız və böhtan xarakterli olsalar belə, etnik qarşıdurmalar mövzusu ilə hər hansı bir əlaqəsinin olduğu inandırıcı səslənməyə bilər. Lakin bu günlərdə ölkə mətbuatına aid saytlardan birində dərc olunmuş materialda müəllif tərəfindən işlədilən bəzi ifadələr düşünən oxucunu məhz bu qənaətə gəlməyə sövq edir. Sözü gedən materialda Ölkə Prezidenti cənab İlham Əliyevin 05 aprel 2019-cu il tarixli Sərəncamı ilə Goranboy rayon İcra Hakimiyyətinin başçısı təyin edilmiş Məhərrəm Əliyevə və onun atasına qarşı əsassız ittihamlar irəli sürülür. Eyni zamanda da bu ittihamları guya ki, əsaslandırmaq üçün müəllif Talış və Ləzgi xalqlarının təmsilçilərinə qarşı daha təhqiramiz və alçaldıcı ittihamlarla çıxış edir. Növbəti ifadələrə diqqət edin: “Ermənilər Azərbaycanda talış və ləzgilər arasında satqınları taparaq, onlara maliyyə dəstəyi ayıran zaman Əlikram Hümbətov Cənub bölgəsindən olan bütün nüfuzlu insanları və ağsaqqaları bir araya gətirmişdi. Bunların arasında böyük nüfuza malik olan Göranboyun bu günki icra başçısı Məhərrəm Quliyevin atası Böyükağa kişi də olub.” Müəllifin deməyindən belə çıxır ki, cənub bölgəsinin bütün nüfuzlu insanları və ağsaqqalları satqın və xəyanətkarlarla, hətta ermənilərlə işbirliyində olublar. Bu ittihamın absurd olması əlbəttə ki, müzakirə belə olunmur. Lakin maraqlı olan başqa bir məqamdır. Görəsən belə təxribat xarakterli ittihamlarla çıxış etmək üçün müəllifin özünü kim maliyyələşdirir? Yoxsa bu sətirləri yazan da, onu dərc edən də hansı fəsadlara yol aça biləcəklərinin fərqində deyillər? Biz bir daha əmin oluruq ki, dövlət başçısının oktyabr ayının 15-də keçirilmiş iqtisadi müşavirədə ölkə mətbuatında müşahidə olunan bəzi neqativ hallar barədə söylədiyi fikirlər hələ də öz aktuallığını saxlayır. Həmin müşavirədəki nitqində Ölkə Prezidenti demişdi: “Onu da bildirməliyəm ki, bu gün iqtidarda olan bəziləri də islahatlara qarşı çıxış edirlər. Bu islahatlar onların şəxsi maraqlarına toxunur. Onlar hər vəchlə bizim işimizə əngəl törətmək istəyirlər. İslahatlara meyilli olan, yeni təfəkkürə malik kadrları qaralayırlar, o cümlədən mətbuatda. Mətbuat bir növ daxili mübarizə növünə çevrilib. Bu, dözülməzdir. Mən indi dərinə getmək istəmirəm. Amma bildirməliyəm: bu, dözülməzdir, bir hökumətin bəzi üzvləri digər üzvləri tərəfindən şantaj edilir. Onlar ləkələnir. Prezidentin tapşırığı ilə onların apardığı islahatların üzərinə kölgə salınır. Dözülməz vəziyyətdir. Əgər kimsə hesab edir ki, biz bununla barışmalıyıq, səhv edir.” Gözləmək olardı ki, dövlət başçısının bu çıxışından sonra, öz səhifələrində tez-tez müxtəlif vəzifəli şəxslərə qarşı böhtan xarakterli kampaniyalar düzənləyən mətbu orqanlarının rəhbərləri lazımi nəticə çıxaracaqlar. Lakin bu hələ də baş vermir. Əksinə, yuxarıda müzakirə üçün müəyyən çıxarışları təqdim etdiyimiz materialın dərc olunması ilə, sanki bəzi radikal qüvvələr cəmiyyətimizə qarşı açıq-aşkar meydan oxuyur, ölkəmizdə illərdən bəri hökm sürən ictimai-siyasi stabilliyə, davamlı inkişafa qarşı baş qaldırmağa çalışırlar. Bu kimi halların qarşısı vaxtında və qətiyyətlə alınmalıdır. Əks halda mıtbuat səhifələrində formalaşdırılan cılız böhtan kampaniyaları heç gözləmədiyimiz bir şəkildə daha böyük və daha təhlükəli fəsadlara yol aça bilər. aia.az Abbas Abbasov Elbrus Bağırov Geri dön |