Ana Sayfa > Siyasət > Radikal müxalifətin məqsədi mənşəyi dəqiq bəlli olmayan anti-Azərbaycan qüvvələrdən aldığı qrantların miqdarını artırmaqdır -
Radikal müxalifətin məqsədi mənşəyi dəqiq bəlli olmayan anti-Azərbaycan qüvvələrdən aldığı qrantların miqdarını artırmaqdır -13-11-2019, 11:05. Yazar: sevinc1 |
Noyabrın 12-də Bakıda qanunazidd şəkildə aksiya keçirən, sabitliyi və asayişi pozmağa yönəlmiş davranışlar nümayiş etdirən, vətəndaş qarşıdurması yaratmağa cəhd göstərən, özünü müxalifət adlandıran radikallar qətiyyən öz istəklərinə nail olmayacaqlar. Bunu Trend-ə Yeni Azərbaycan Partiyasından olan millət vəkili Hüseynbala Mirələmov deyib. Deputat bildirib ki, bu təxribat cəhdi bir daha sübut etdi ki, müxalifət xalqını, Vətənini sevməyən, xəyanətlə yoğrulmuş ünsürlərdən ibarətdir: “Radikal müxalifətin yeganə məqsədi də xaricdə mənşəyi dəqiq bəlli olmayan anti-Azərbaycan qüvvələrdən aldığı qrantların miqdarını artırmaqdır. Bu kiçik bir dəstə Azərbaycanda bərqərar olan ictimai-siyasi sabitliyi pozmağa qətiyyən qadir deyil. İsterik bir şəkildə “azadlıq” deyə bağıran müxalifət liderciyəzlərinin isə zaman-məkan qavramı ilə deyəsən, əməlli-başlı problemləri var. Buna heç olmasa, ətrafındakı tək-tük tərəfdarlarından biri başa sala bilmirmi ki, Azərbaycanda çoxdan suveren dövlət qurulub, azadlıq da bərqərar olunub”. H.Mirələmov müxalifətin "piket şouları"ı ilə bir daha elektoratsız, aciz və cılız, satqın tüfəkkürlü olduqlarını sübut etdiklərini vurğulayıb: "Noyabrın 12-də də icazəsiz şəkildə insanların daha qələbəlik olduğu yerləri hədəf seçməyə cəhd göstərərək vətəndaşlarımızın rahatlığını pozan qaragüruh qrupun təxribatlarının qarşısı bir daha alındı. Dünyanın ən inkişaf etmiş ölkələrinin polisinə belə örnək olan Azərbaycan polisi radikalların qəsdən qarşıdurma yaratmaq cəhdlərinə belə öz humanistlikləri ilə cavab verməklə yanaşı, asayişi və ictimai sabitliyi tez bir zamanda ən yüksək səviyyədə bərpa etdi. Müxalifət iyrənc məqsədinə nail olmadı və olmayacaq". Deputatın sözlərinə görə, Əli Kərimli, Arif Hacılı və onların məhdud ətrafının iyrənc təxribatlarında güddükləri maraqlar var: "Azərbaycanın inkişafını, xalqın rifahını gözü götürməyən anti-Azərbaycan qüvvələrin əlində maşa rolunu oynayan əlikərimlilər, arifhacılılar təxribatlar törətmək üçün ortalığa düşüblər ki, qrant dilənsinlər. Mən üzümü xarici ətəklərdən asılan bu destruktivlərə tutaraq demək istəyirəm ki, bu ölkə artıq 1992-ci ilin Azərbaycanı deyil, xalqımız və dövlətimizin güc strukturları respublikada qarşıdurma yaratmaq istəyən qaragüruha öz çirkin niyyətlərini reallaşdırmağa əsla imkan verməyəcək. İnsanları anti-konstitusion yollarla vətəndaş qarşıdurmasına çağıran cinayətkarlar isə qanun qarşısında cavab verməli olacaqlar. Xalqımız cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə gerçəkləşən islahatları, misilsiz inkişaf dinamikasını, vətəndaşların rifahının yüksəldilməsi məqsədilə həyata keçirilən işləri yüksək dəyərləndirir. Millətimiz böyük səs çoxluğu ilə Prezident seçdiyi cənab İlham Əliyevin ətrafında bundan sonra daha da sıx birləşərək dövlətimizi, suverenliyimizi, sabitliyimizi və rifahımızı – bütövlükdə Azərbaycanımızı qorumaq üçün bütün gücüylə səfərbər olacaq”. Qeyd edək ki, noyabrın 12-də saat 15 radələrində ümumi sayı təxminən 15 nəfərdən ibarət şəxs Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında qanunsuz piket keçirməyə cəhd göstərib. Görülmüş tədbirlərlə hüquqazidd hərəkətlərin qarşısı alınıb. aia.az Geri dön |