Ana Sayfa > Ölkə > Ağstafa-Yenigün-Xətai-Qaçaq Kərəm-Poylu-Xılxına avtomobil yolu yenidən qurulub

Ağstafa-Yenigün-Xətai-Qaçaq Kərəm-Poylu-Xılxına avtomobil yolu yenidən qurulub


12-11-2019, 10:44. Yazar: sevinc1
Ağstafa-Yenigün-Xətai-Qaçaq Kərəm-Poylu-Xılxına avtomobil yolu yenidən qurulub


Ağstafa rayonunun Ağstafa-Yenigün-Xətai-Qaçaq Kərəm-Poylu-Xılxına avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən sözügedən yolun yenidən qurulması yekunlaşıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən aia.az-a verilən məlumata görə, 4-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulan Ağstafa-Yenigün-Xətai-Qaçaq Kərəm-Poylu-Xılxına avtomobil yolunun uzunluğu 9.3 km təşkil edir.

Avtomobil yolu uzun müddət əsaslı təmir olunmadan istismar olunduğundan yol geyimi və yolun əsası, həmçinin torğaq yatağı sel sularının təsirindən yuyulmuş, hərəkət hissəsində qabarmalar, çalalar əmələ gəlmiş, asfalt-beton örtüklü hissələrdə çoxlu sayda çalalar yaranmışdı.

Layihəyə uyğun olaraq yolun deformasiyaya uğramış hisələri qazılaraq çıxarılıb, karxana qruntu ilə əks-dolğu işləri görülərək, kipləşdirilib. Yol boyu mövcud suötürücü borular istismara yaramadığı üçün yeni suötürücü boruların quraşdırılması, küvetlərin açılması tələb olunurdu. Məhz bu səbəbdən 132 paqon-metr olan 500 mm-lik və 42 paqon-metr uzunluğa malik 1000 mm diametrlik dəmir-beton boruların quraşdırılması, boru başlıqlarının dəmir-betonla tikintisi işləri aparılıb, avtoqreyderlə 6500 paqon-metr küvet hissələr açılıb.

Tikinti norma və standartlarına uyğun olaraq, torpaq yatağının avtoqreyderlə profilə salınması, karxana çınqılı və optimal qum-qırmadaş qarışığından əsasın alt və üst layının tikintisi işləri görülüb. Bunun ardınca əlaqələndirici bitum səpilməklə yol örtüyünün iri və xırda dənəli olmaqla asfalt-beton qarışığı ilə salınması, çiyin hissələrin optimal qum-qırmadaş qarışığı ilə bərkidilməsi, 12 yol birləşməsinin təmiri işləri görülüb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında yüksək keyfiyyətlə aparılan yenidənqurma işlərinin sonuncu mərhələsi çərçivəsində yol boyu 3 avtobus dayanacağı inşa edilib, hərəkətin normal təşkili üçün 46 yol nişanı, 18 km göstəricisi və 380 siqnal dirəyi quraşdırılıb, yolcizgi və yolgöstərici xətlər çəkilib.

Yerli əhəmiyyətli Ağstafa Yenigün-Xətai-Qaçaq Kərəm-Poylu-Xılxına avtomobil yolunun yenidən qurulması ilə yol boyu nəqliyyat əlaqəsi xeyli rahatlaşıb, vətəndaşların istər Bakı-Ələt-Qazax-Gürcüstan respublikası ilə dövlət sərhədi avtomobil yoluna, istərsə də respublika əhəmiyyətli Ağstafa-Poylu-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxış əldə etməklə sözügedən ərazidə yük və sərnişin daşıması asanlaşıb.

Qeyd edək ki, bundan öncə Ağstafa rayonunda Kolayır-Düzqışlaq-Mollacəfərli-Xılxına-Qarahəsənli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, sözügedən avtomobil yolunda yenidənqurma işləri aparılıb. Mövcud tikinti norma və qaydalarına əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında və yüksək keyfiyyətlə aparılan tikinti işləri 4 mindən artıq əhalinin gediş-gəlişini rahatlaşdırıb.

aia.az
Geri dön