Ana Sayfa > Gündəm > "Könüllü gömrükçü" dəstəsinin üzvlərinə sertifikatlar təqdim olunub

"Könüllü gömrükçü" dəstəsinin üzvlərinə sertifikatlar təqdim olunub


24-10-2019, 16:02. Yazar: sevinc1
"Könüllü gömrükçü" dəstəsinin üzvlərinə sertifikatlar təqdim olunub


Dövlət Gömrük Komitəsində fəaliyyət göstərən ilk "Könüllü gömrükçü" dəstəsinin üzvlərinə sertifikatların təqdim olunması mərasimi keçirilib.

Komitədən aia.az-a verilən məlumata görə, mərasimdə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-mayoru İsmayıl Hüseynov, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN) sədr müavini Ceyhun Salmanov iştirak ediblər.

Komitə sədrinin birinci müavini İsmayıl Hüseynov çıxış edərək ölkəmizdə Prezident İlham Əliyev tərəfindən həyata keçirilən gənclər siyasətindən, bu sahəyə göstərilən dövlət qayğısından və könüllü hərəkatının formalaşmasından danışıb. Gənclərin hərtərəfli inkişafı, bilik və bacarıqlarının artırılmasında könüllü hərəkatının böyük önəm daşıdığını və bu hərəkatın formalaşmasında Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rolunu xüsusi vurğulayan İsmayıl Hüseynov qeyd edib ki, məhz onun təşəbbüsü ilə həyata keçirilən sosial-humanitar layihələr, beynəlxalq tədbirlər minlərlə gəncimizə potensiallarını reallaşdırmaq, öz imkanlarını göstərə bilmək üçün şərait yaradıb.

Dövlət Gömrük Komitəsində ilk "Könüllü gömrükçü" dəstəsinin bu ilin iyun ayında formalaşdırıldığını bildirən İsmayıl Hüseynovun sözlərinə görə məqsəd gömrük sahəsində gənclərin potensialından daha səmərəli istifadə etmək, onlara peşə vərdişlərini aşılamaq və təcrübi biliklərini artırmaq, ölkədə könüllü hərəkatının inkişafını dəstəkləməkdir.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN) sədr müavini Ceyhun Salmanov Dövlət Gömrük Komitəsi ilə "ASAN xidmət" arasında səmərəli əlaqələrdən danışıb və könüllü hərəkatına gömrük orqanlarının da qoşulmasının və könüllü gömrükçülər ordusunun yaradılmasının sevindirici hal olduğunu bildirib. Ceyhun Salmanov vurğulayıb ki, könüllü hərəkatı çərçivəsində minlərlə gənc bilik və bacarıqlarını artırmaq imkanı əldə edib və işlə təmin olunub. Çıxışının sonunda Ceyhun Salmanov Dövlət Gömrük Komitəsində ilk "Könüllü gömrükçü" dəstəsinin üzvlərinin fəaliyyətini yüksək qiymətləndirib və onlara gələcək işlərində uğurlar arzulayıb.

Dövlət Gömrük Komitəsinin Sosial İnnovasiyalar və Analitik Təhlil İdarəsinin rəisi, "Könüllü gömrükçü" dəstəsinin rəhbəri Vüqar Əliyev öz çıxışında qeyd edib ki, könüllü şəkildə dövlətə, ictimai maraqlara təmənnasız xidmət göstərmək saf niyyətdən doğan çox nəcib bir əməldir və hər cür alqışa layiqdir. Eyni zamanda, könüllü fəaliyyət gənclərə öz potensialını üzə çıxarmağa, ölkədə və xaricdəki həmyaşıdları ilə qarşılıqlı əlaqələr qurmağa imkan yaradır.

İdarə rəisi ümumilikdə gömrük orqanlarında ilk dəfə olaraq 131 nəfər könüllü gömrükçünün fəaliyyətə başladığını, 4 ay müddətində Dövlət Gömrük Komitəsinin müxtəlif strukturlarında müvəffəqiyyətlə könüllü fəaliyyət göstərdiklərini bildirib.

Sonra tədbirdə "Könüllü gömrükçü" dəstəsinin fəaliyyətinə dair hazırlanmış videoçarx nümayiş etdirilib.

Tədbirin sonunda "Könüllü gömrükçü" dəstəsinin üzvlərinə sertifikatlar təqdim olunub.

aia.az
Geri dön