Ana Sayfa > Manşet / Siyasət > Milli tariximizin həqiqi qürurverici məqamı
Milli tariximizin həqiqi qürurverici məqamı24-10-2019, 14:04. Yazar: sevinc1 |
Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsindən 8 il ötür. 2011-ci il oktyabrın 24-də Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi xalqımızın müasir tarixinə ən əlamətdar və qürur doğuran hadisələrindən biri kimi daxil olmuşdur. Dünyanın nüfuzlu təşkilatının ali orqanında ölkəmizin təmsil olunması prosesi müxtəlif mərhələlərdən və namizədliyini irəli sürmüş digər dövlətlərlə rəqabət şəraitində keçmişdir. Gizli səsvermənin 16-cı mərhələsindən sonra Azərbaycan səs çoxluğu ilə dünyanın 193 dövlətindən 155-nin dəstəyini qazanaraq, 2012-2013-cü illərdə Şərqi Avropa bölgəsini Təhlükəsizlik Şurasında təmsil edəcək yeni qeyri-daimi üzv seçilmişdir. Ölkəmizin əldə etdiyi bu tarixi nailiyyət, ilk növbədə Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi ardıcıl, məqsədyönlü və uzaqgörən xarici siyasətin nəticəsi kimi mümkün olmuşdur. Məlumdur ki, qeyri-daimi üzvlərin seçimində seçkiyə qoşulan dövlətlərin beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasına verdiyi tövhələr, BMT-nin digər məqsədlərinin reallaşması prosesində yaxından iştirak etmək imkanı, mövcud ölkənin beynəlxalq münasibətlər sistemindəki yeri və rolu kimi mühüm amillər nəzərə alınır. Azərbaycanın göstərilən parametrlərə uyğun və beynəlxalq aləmdə fəal şəkildə dəstəklənən xarici siyasət apardığı onun Təhlükəsizlik Şurasına üzv seçilməsi ilə bir daha sübut edildi. Erməni lobbisinin və Ermənistanın Azərbaycana qarşı apardığı məkrli informasiya siyasəti şəraitində BMT-nin üzvü olan dövlətlərin əksəriyyətinin birbaşa dəstəyinə nail olmaq, həm də Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin yüksək siyasi iradəyə söykəndiyini və qətiyyətli xarakter daşıdığını sübut etdi. Həmin ərəfədə ermənilər Azərbaycana qarşı məkrli və çirkin siyasi kampaniya aparsalar da, mənfur niyyətlərinə nali ola bilmədilər. Ermənistanın da ilkin mərhələdə Təhlükəsizlik Şurası üzvlüyünə öz namizədliyini irəli sürməsinə baxmayaraq, sonradan bu dövlətin diplomatik mübarizədə Azərbaycanla hər hansı bir rəqabət imkanına malik olmadığı üzə çıxdı və bunun etirafı olaraq namizədliyini geri götürmək məcburiyyətində qaldı. Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsinin tarixi-siyasi əhəmiyyəti həm də ondan ibarətdir ki, bu hadisədən sonra ölkəmizin milli maraqlarının qlobal səviyyədə təmin edilməsi istiqamətində fəal səylər göstərilmiş, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü Şuranın iclaslarında müzakirə olunmuş və real həqiqətlər dünya içtimaiyyətinə çatdırılmışdır. Azərbaycanın BMT Təhlükəsizlik Şurasına sədrliyi müddətində təşkilatın 13 açıq və 16 qapalı iclası keçirilmişdir. Bununla yanaşı, dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsiplərinə hörmət, münaqişələr zamanı müharibə və insanlığa qarşı cinayətlər törətmiş şəxslərin məsuliyyətə cəlb edilməsinin vacibliyinə xüsusi diqqət yetirilmiş, bu məsələlər Şuranın qəbul etdiyi sənədlərdə öz əksini tapmışdır. Əli Həsənov Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor aia.az Geri dön |