Ana Sayfa > Gündəm / Ölkə > Milli musiqi ənənələrimizi yaşadanlar
Milli musiqi ənənələrimizi yaşadanlar23-10-2019, 11:36. Yazar: sevinc1 |
İstedadlı tarzən Möhüb Babayev ömrünün 28 ilini rəhbərlik etdiyi uşaq musiqi məktəbində bu ecazkar sənətin sirlərini gənc nəslə öyrətməyə həsr edib Bir həqiqətdir ki, bütün incəsənət adamlarının taleyində məhz musiqi təhsili ilə qoyulan bir bünövrə vardır. Bu bünövrənin bilavasitə qoyulduğu ilkin məkanlar izə sözsüz ki, uşaq musiqi və incəsənət məktəbləridir. Məhz bu müəssisələrdə gələcəyin görkəmli incəsənət xadimləri sənət aləmində ilk addımlarını atır, musiqinin sehrini notlara köçürmək bacarığına yiyələnir, seçdikləri alətin sirlərini öyrənməyə başlayırlar. Belə uşaq musiqi təhsili müəssisələrindən biri də Bakının Hövsan qəsəbəsində yerləşən 37 nömrəli Uşaq Musiqi Məktəbidir. Musiqi tədrisi yüksək səviyyədədir Bu gün 37 nömrəli Uşaq Musiqi Məktəbinin fəaliyyətə başlamasından artıq 28 il ötür. Belə ki, bu müəssisə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 02 oktyabr 1991-ci il tarixli 231 K nömrəli əmrinə əsasən fəaliyyətə başlamışdır. 37 nömrəli uşaq musiqi məktəbi Suraxanı rayonu Hövsan qəsəbəsi C.Xanməmmədov küçəsi 151saylı 9 mərtəbəli binanın birinci mərtəbəsində yerləşir. Məktəb öz fəaliyyətinə ilk gündən 4 ixtisas (fortepiano, tar, qarmon, nağara) üzrə 11 müəllim və 42 şagirdlə başlamışdır. Bu gün isə artıq doqquz ixtisas (fortepiano, nağara, klarnet, xanəndəlik, violin, tar, kamança, saz, qarmon) üzrə 209 nəfərə yaxın şagird təhsil alır ki, onlara da 46 müəllim musiqi sirlərini öyrədir. Qeyd etmək lazımdır ki, 37 nömrəli Uşaq Musiqi Məktəbin kollektivi mütəmadi olaraq həm müxtəlif mədəniyyət tədbirlərinin iştirakçısı olur, həm də özü belə tədbir təşkilatçısı kimi çıxış edir. Hər iki halda da məktəbin musiqi kollektivlərinin çıxışları hər zaman böyük maraqla dinlənilir, gənc ifaçılar öz tamaşaçılarının sevgi və rəğbətini qazana bilirlər. Bu kimi tədbirlərdə, eləcə də mütəmadi təşkil olunan hesabat konsertlərində məktəbin yetirmələri Ü.Hacıbəyli, F.Bədəlbəyli, R.Hacıyev, S.Ələsgərov, F.Sücəddinov, D.Dadaşov,A.Məlikov,F.Əmirov kimi böyük sənətkarlarımızın, eləcə də A.Lyadov, V.A.Motsart, Z.Abreu, O.Novaçek, F.Şopen kimi dünya klassiklərinin əsərlərini böyük məharətlə ifa edirlər. Bu isə əlbəttə ki, ilk növbədə musiqi məktəbində tədrisin yüksək səviyyədə təşkilindən xəbər verir. Öz işinin vurğunu Vurğulamaq lazımdır ki, bu gün Suraxanı rayon 37 nömrəli Uşaq Musiqi Məktəbinin səmərəli fəaliyyəti ilə həqiqətən də rayonun ictimai-mədəni həyatında cərəyan edən hadisələrin mərkəzində yer tutmasında məktəbin direktoru Möhüb Babayevin danılmaz xidmətləri vardır. Məsələ bundadır ki, Möhüb müəllim peşəkar tarzən və öz işini hədsiz dərəcədə sevən bir pedaqoq olmaqla, 37 nömrəli Uşaq Musiqi Məktəbi fəaliyyətə başladığı ilk gündən bu musiqi təhsili müəssisəsinə rəhbərlik edir. Demək olar ki, öz həyatını bütünlüklə musiqi mədəniyyətimizin, incəsənətimizin inkişafına həsr etmiş Möhüb Babayevin tükənməz enerjisi, onun bu sahəyə vurğunluğu əhatəsində olan hər kəsə dərhal sirayət edir. Məhz bu səbəbdən də bu gün 37 nömrəli Uşaq Musiqi Məktəbində fəaliyyət göstərən musiqi kollektivləri sadəcə Suraxanı rayonunda deyil, bütün paytaxtda tanınır və sevilirlər. Əldə olunan uğurların əsas səbəbi də budur ki, tədrisin səviyyəsinin yüksəldilməsi, təlim prosesinə yeni metodoloji təlim üsullarının tətbiqi, tədris proqramlarının yerinə yetirilməsi, şagirdlərin repertuar seçimində milli dəyərlərin qorunması, dünya musiqi incilərinə yiyələnmək, ixtisas və fənnlərin tədrisi metodikasının təkmilləşdirilməsi kimi məsələləri həm Möhüb Babayev özü, həm də onun rəhbərlik etdiyi pedaqoji kollektivin bütün digər üzvləri daim diqqət mərkəində saxlayırlar. Eyni zamanda da, Möhüb müəllim hər zaman məktəbin bütün şagirdlərinə ilk növbədə milli mədəniyyətimizə, xalq və bəstəkar musiqimizə, folklorumuza qarşı sevgi hissi aşılamağa çalışıb. Ola bilsin ki, məhz elə bu sevginin sayəsində də məktəbin müəllim və şagirdləri şəhər və respublika səviyyəli tədbirlərdə uğurla iştirak edir, yüksək nailiyyətlər qazanırlar. Dövlət qayğısı inkişafın əsasıdır Bu gün ölkəmizdə Azərbaycan mədəniyyətinin, incəsənətinin, musiqi təhsilinin inkişafı ilə bağlı davamlı olaraq əhatəli dövlət tədbirləri reallaşdırılır. Ölkə başçısı daima bu sahəyə xüsusi diqqət göstərir, müvafiq qurumlara musiqi və incəsənət təhsilinin keyfiyyətinin artırılması ilə bağlı tapşırıqlar verir. Həmçinin incəsənətimizin inkişafında aparıcı rolu olan paytaxt mədəniyyət müəssisələri də bu yüksək dövlət qayğısından hər zaman bəhrələnirlər. O cümlədən, 37 nömrəli Uşaq Musiqi Məktəbi 2012-ci ilin yanvar ayının 19-da əsaslı təmirdən sonra yenidən istifadəyə verilmişdir. Məktəbin binası Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 4 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində tədbirlər planına uyğun olaraq Mədəniyyət Nazirliyi tərəfindən əsaslı təmir edilmişdir. Təmir zamanı məktəbin mühəndis-kommunikasiya sistemi yeniləşdirilmiş, maddi-texniki bazası möhkəmləndirilmişdir. Tədris müəssisəsi zəruri musiqi alətləri, inventar və avadanlıqla tam təchiz olunmuşdur. İnanırıq ki, Möhüb Babayevin rəhbərliyi altında 37 nömrəli Uşaq Musiqi Məktəbinin həm müəllim, həm də şagird kollektivi bundan sonra da daha yüksək nəticələri ilə öz pərəstişkarlarını daima sevindirəcəklər. aia.az Abbas Abbasov Elbrus Bağırov Geri dön |