Ana Sayfa > Manşet / Təhsil > Gəncə təhsilinin uğurları kimləri narahat edir?
Gəncə təhsilinin uğurları kimləri narahat edir?14-10-2019, 14:10. Yazar: sevinc1 |
Şəhər Təhsil İdarəsinin fəaliyyətinə dair iradlar səsləndirən müəllif, sahib olduğu məlumatları... ticarət obyektlərində əldə etdiyini danmır Bu günlərdə redaksiyamızın elektron poçtuna Gəncə şəhər Təhsil İdarəsinin fəaliyyətinə qarşı müəyyən iradların yer aldığı bir material daxil olmuşdu. Açığı, həmin materialda heç bir konkret ittihamın əks olunmadığını, ümumi sözlərlə ortaya qoyulan iddiaların isə heç bir dəlil-sübutla, konkret şikayətçi ifadəsilə əsaslandırılmadığını, müəllifin özünün də vurğuladığı kimi, dükan-bazarda həvəskar qeybətçilər tərəfindən yayılan şayiələr səviyyəsində məlumatlara əsaslandığını nəzərə alıb, yazını saytımızda dərc etmək barədə heç müzakirə belə aparmadıq. Lakin ertəsi gün həmin yazının bəzi başqa saytlarda dərc olunmasına da çox təəccübləndik. Məsələ bundadır ki, Zakir Hüseynovun rəhbərlik etdiyi Gəncə şəhər Təhsil İdarəsinin dövlətimizin Təhsil strategiyasının uğurla həyata keçirilməsi baxımından kifayət qədər effektiv fəaliyyət göstərməsinə dair yetərincə təsdiq olunmuş məlumatlar, faktlar mövcuddur. Belə olan halda isə, mənşəyi və məqsədi şübhə doğuran, heç bir məntiqə və konkret faktlara əsaslanmayan ittihamları özündə əks etdirən bir yazını dərc etməklə təhsil kimi həssas bir sahədə çalışan, həm də kifayət qədər uğurla çalışan bir kollektivin heysiyyatına toxunmaq kimə lazımdır? Ola bilsin ki, bəzi həmkarlarımız bizim kimi onların da ünvanlarına göndərilmiş həmin bu materialı heç oxumadan dərc ediblər. Bunu nəzərə alaraq, biz də həmin materiala qarşı bəzi iradlarımızı oxucuların diqqətinə çatdırmaq istərdik. İlk növbədə qeyd edək ki, yazı paytaxtın Suraxanı rayonunda yerləşən Kəlbəcər rayonu 108 nömrəli tam orta məktəbin direktoru ilə bağlı baş vermiş insident, bununla əlaqədar Təhsil Nazirliyinin əməkdaşları tərəfindən həmin məktəbdə aparılan araşdırma və nəticə olaraq direktorun tutduğu vəzifədən kənarlaşdırılması barədə məlumatların təqdim olunması ilə başlanır. Bundan dərhal sonra da müəllif “Bu proseslər Gəncə təhsilində daha acınacaqlı şəkildə davam etməkdədir” kimi məntiqsiz bir ifadə ilə əsas hədəfi olan Gəncə ŞTİ-nin müdiri Zakir Hüseynova qarşı həmlələrinə keçid alır. Maraqlıdır ki, Təhsil İdarəsinin rəhbərliyi ilə yanaşı Təhsil üzrə Ərazi maliyyə idarəsinin müdiri Fərahid Qəhrəmanovu da ittiham etməyə çalışan müəllif əsas kimi götürdüyü məlumatları “marketlərdə, müxtəlif ticarət obyektlərində” əldə etdiyini heç özü də inkar etmir. Amma bu məsələnin sadəcə bir tərəfidir... Daha sonra müəllif 108 saylı Kəlbəcər orta məktəbində baş vermış hadisəsi ilə bağlı Zakir Hüseynovun məktəb direktorlarının iştirakı ilə müşavirə keçirməsi faktını da hansısa neqativ addım kimi təqdim etməyə çalışır. Halbuki, baş vermiş hadisənin geniş müzakirə olunması, olaya prinsipial qiymət verilməsi və gələcəkdə belə halların təkrarlanmaması məqsədilə təbliğat xarakterli tədbirlərin daha da gücləndirilməsi birbaşa ŞTİ müdirinin vəzifə borcudur. Əlbəttə ki, 108 saylı Kəlbəcər orta məktəbin paytaxtda yerləşməsi bu təhsil müəssisəsinin fəaliyyətinə Gəncə ŞTİ-nin birbaşa nəzarət imkanlarını müəyyən qədər məhdudlaşdırır. Lakin bunu nəzərə almayan müəllifin həmin məktəbdə baş vermiş insidenti Gəncənin bütün təhsil müəssisələri üçün xarakterik olan bir hal kimi təqdim etməyə çalışması ümumiyyətlə heç bir məntiqə sığmayan bir iddiadır. Digər belə bir gülünc iddiasında isə müəllif oxucuları “son vaxtlar Zakir Hüseynovla bağlı saxta diplom, attestat, məktəb direktorlarından aylıq pul tələb etmək, qanunsuz işə düzəltmək kimi problemlərlə bağlı” rəhbər şəxslərə şikayətlərin ünvanlandığına inandırmaq istəyir. Əvvəla qeyd edək ki, Gəncə ŞTİ-nin ümumiyyətlə diplom və attestat vermək kimi səlahiyyətləri yoxdur. Yəni Zakir Hüseynova kiminsə bu sənədləri əldə etmək üçün müraciət etməsi özü artıq inandırıcı səslənmir. “Qanunsuz işə düzəltmək” məsələsinə gəlincə, Təhsil Nazirliyinin rəsmi saytında, Gəncə ŞTİ-nə aid olan səhifədə mütəmadi olaraq müəllimlərin işə qəbulu üzrə müsabiqədə bal toplamış şəxslərin siyahısı, eləcə də müsabiqədən sonra qalmış vakansiyaların siyahısı dərc olunur. Belə bir şəffaflığın təmin olunduğu yerdə hansı qanunsuz işədüzəltmədən söhbət gedə bilər? Sonda belə bir məqama da toxunmaq istərdim ki, Gəncənin təhsil işçilərinin fədakar əməyi hər zaman ölkə rəhbərliyi tərəfindən də kifayət qədər yüksək qiymətləndirilib. O cümlədən Prezident İlham Əliyevin 03 oktyabr 2019-cu il tarixində verdiyi müvafiq sərəncama uyğun olaraq Gəncə şəhər M.C.Paşayev adına 39 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Aybəniz Möhsümova “Əməkdar müəllim” fəxri adına layiq görülüb. Dövlət başçısının həmin gün imzaladığı digər bir sərəncama əsasən Gəncə şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Sevinc Ələkbərova “Tərəqqi” medalı ilə təltif edilib. Gəncə şəhər Təhsil İdarəsinin müdiri barədə isə bunları deyə bilərik ki, 03 oktyabr 2006-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Zakir Hüseynova “Əməkdar müəllim” fəxri adı verilmişdir. Həmçinin 2011-ci ildə texnika üzrə fəlsəfə doktoru adını almış Zakir müəllim “Heydər Əliyev və məktəb riyazıyyatı”, “Rabitə nəzəriyyəsi” dərs vəsaitlərinin, 20-dən çox elmi məqalənin müəllifidir. Yaxşı olardı ki, yuxarıda təhlil etdiyimiz yazının müəllifi də növbəti dəfə belə bir material hazırlamadan öncə özünün nailiyyətlərini Zakir müəllimin uğurları və xidmətlərilə müqayisə etsin. aia.az Abbas Abbasov Elbrus Bağırov Geri dön |