Ana Sayfa > Manşet / Ölkə > Lənkəran – suvarma mövsümündə yüksək nəticələr əldə olunub
Lənkəran – suvarma mövsümündə yüksək nəticələr əldə olunub8-10-2019, 10:47. Yazar: sevinc1 |
Allahyar Salayev: “Yeni dəryaçanın işə düşməsi ilə cənub zonasının imkanları xeyli artdı..." Ölkəmizdə kənd təsərrüfatının inkişafı baxımından meliorativ tədbirlərin vaxtında və effektiv şəkildə həyata keçirilməsi müstəsna əhəmiyyət kəsb edən məsələlərdəndir. Suvarma işlərinin düzgün aqrotexniki qaydada həyata keçirilməsi torpaqların məhsuldarlığını yüksəldir, onun münbitliyini artırır. Bu baxımdan cənub bölgəsinin iqtisadiyyatının inkişafı üçün Yuxarı Xanbulançay Hidroqovşağının İstismarı İdarəsinin fəaliyyəti də xüsusi əhəmiyyət kəsb edir. Ulu Öndərin xeyir-duası ilə salınan göl Yuxarı Xanbulançay Hidroqovşağının tikintisinin özünəməxsus bir tarixçəsi vardır. Bu barədə ölkə mətbuatına verdiyi müsahibələrdən birində Hidroqovşağın İstismarı İdarəsinin rəisi Allahyar Salayev öz bilgiləri ilə paylaşmışdı. Allahyar müəllim həmin müsahibəsində bunları demişdi: “Yuxarı Xanbulançay Hidroqovşağının tikintisi xalqımızın ümummilli lideri Heydər Əliyevin bilavasitə təşəbbüsü və tapşırığı ilə həyata keçirilib. 1976-cı il dekabrın 28-də Xanbulançay dəryaçasının açılışında şəxsən iştirak edən ulu öndər “Mən sizə Göy-Göldən də gözəl bir göl bəxş edirəm” deməklə, bu nəhəng obyektin fəaliyyətinə öz xeyir-duasını vermişdi. Yeni dəryaçanın işə düşməsi ilə cənub zonasının imkanları xeyli artdı, təkcə Lənkəran rayonunda tərəvəz istehsalı 200 min tona, yaşıl çay tədarükü isə 15 min tona çatdırıldı”. Həqiqətən də həmin dövrdə yeni hidroqovşağın istismara verilməsilə kənd təsərrüfatında çalışan insanların rifahında sürətli yüksəliş başlandı. Məhsuldarlığın artması zəminində cənub bölgəsinin qəsəbə və kəndlərində bolluq yaranmışdı. Sakinlər getdikcə zənginləşir, özlərinə yaraşıqlı yaşayış evləri tikir, minik avtomobilləri alır, öz məişətlərini getdikcə daha yüksək zövq və rahatlıq tələblərinə uyğun qururdular. Su ehtiyatlarının idarə olunması “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin peşəkarları tərəfindən yüksək səmərəliliklə həyata keçirilir Bu gün ölkəmizdə su ehtiyatlarının idarə olunması, istifadəsi və mühafizəsi digər aidiyyatı dövlət orqanları ilə qarşılıqlı şəkildə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilir. Təbii ki, üzərinə düşən vəzifələri səmərəli şəkildə həyata keçirə bilmək üçün ASC-nin tərkibində bir çox tabe qurumlar, struktur bölmələri və digər təsisatlar yaradılmışdır. Bunlardan Su anbarlarının, hidroqovşaqların və magistral kanalların istismarı idarələri, Suvarma sistemləri idarələri, Kollektorların istismar idarələri, Meşə meliorasiya idarələri, Su anbarlarının, hidroqovşaqların və magistral kanalların istismarı idarələri, Meliorasiya idarələri, Mexaniki suvarma idarələri, Qış otlaqlarının su təminatı sistemlərinin istismarı idarələri, Subartezian quyularının istismarı idarələri, Melioservis idarələri və bir çox digər ixtisaslaşmış idarələr bilavasitə yerlərdə suvarılan torpaqların su ilə təminatı funksiyalarını həyata keçirirlər. O cümlədən ASC-nin tərkibində fəaliyyət göstərən 13 hidroqovşağ, su anbarları və kanallarının istismar idarələri də kifayət qədər böyük həcmdə işlər həyata keçirməklə əkin torpaqlarının suvarma suyu ilə təminatı məsələsinin həllində əhəmiyyətli mövqeyləri tuturlar. Bu idarələrdən biri də Yuxarı Xanbulançay Hidroqovşağının İstismarı İdarəsidır. Allahyar Salayevin rəhbərlik etdiyi kollektivin işi yüksək qiymətləndirilir Təqdirəlayiq haldır ki, Yuxarı Xanbulançay Hidroqovşağının İstismarı İdarəsinin kollektivi cari ilin suvarma mövsümündə yüksək göstəricilər əldə ediblər. Əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi və istehlakçılara vaxtında çatdırılması istiqamətində işlər bir gün belə səngiməyib. Məlumat üçün bildirək ki, mövsümün əvvəlinə əsas su mənbəyi sayılan Xanbulançay su anbarında tam həcmdə - 52 mln.kubmetr su ehtiyatı toplanmışdı. Bu isə ötən ildə olduğundan təqribən iki dəfə çoxdur. Son illər Lənkəranda çəltikçiliyin inkişafı ilə əlaqədar olaraq suvarma suyuna tələbat daha da artıb. Bu tələbatı təmin etmək məqsədilə İdarənin balansında olan su tutarları, o cümlədən Hüşnəhi sututarının əsas su buraxıcı qazanı təmir edilib, digər sututarlarında da cari təmir işləri aparılmaqla onların hamısı suvarma üçün hazır vəziyyətə gətirilib. Lənkərançay və Bəşəruçay üzərində olan suqəbuledici qurğular təmir olunub, onların mexaniki hissələri yağlanmış, elektrik qurğuları sazlanıb. İstisu qəsəbəsi ərazisində yerləşən 5 nömrəli nasos stansiyasında mövcud nasazlıqlar aradan qaldırılıb, 72 metr yüksəklikdə yerləşən hovuzun doldurulmasına xidmət edən ikinci nasos quraşdırılıb, nəticədə suvarmanın dayanıqlı və mütəşəkkil aparılması təmin edilib. Torpaq kanallarda da suyun ötürülməsi məqsədilə Boladi, Cil, Ləj, Viravul, Gərmətük, Yuxarı Nüvədi, Şağlaser və digər yaşayış məntəqələrində görülən qazma işlərinin həcmi 2019-cu ilin birinci rübündə 122 min kubmetr, hamarlama işlərinin həcmi isə 115 min kubmetr təşkil edib. “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin digər xidmət idarələrində olduğu kimi, Yuxarı Xanbulançay Hidroqovşağının İstismarı İdarəsinin fəaliyyətində də spesifik cəhətlərdən biri budur ki, həmin bu fəaliyyət öz təsirini bilavasitə yerli sakinlərin, torpaqda çalışan insanların işində göstərir. İstər fermer təsərrüfatı olsun, istərsə də sadəcə həyətyanı sahə - fərq etməz, bütün hallarda torpağa, əkinə və heyvanlara su lazımdır. Odur ki, Yuxarı Xanbulançay Hidroqovşağının İstismarı İdarəsinin bütün kollektivinin işi də daim yerli sakinlərin diqqətini özünə cəlb edir. Sevindirici haldır ki, əksər hallarda fermerlər və yerli sakinlər idarənin işindən razılıq edirlər. Aldığımız açıqlamalarda xüsusi olaraq vurğulanır ki, Allahyar Salayevin rəhbərlik etdiyi qurum təsərrüfatların su təminatı ilə bağlı bütün məsələləri vaxtında və effektiv şəkildə həll edir. Bu səbəbdən də torpaqların suvarılmasında demək olar ki, heç bir problem yaranmır. aia.az Abbas Abbasov Elbrus Bağırov Geri dön |