Ana Sayfa > Ölkə > Mədəniyyətimiz – qürurumuzdur
Mədəniyyətimiz – qürurumuzdur4-10-2019, 11:10. Yazar: sevinc1 |
Kürdəmir Regional Mədəniyyət İdarəsinin fəaliyyəti sentyabr ayı ərzində də bir çox tədbirlərlə əlamətdar olmuşdur Bu gün Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin rayon və bölgələrimizdə milli-mədəni irsimizin qorunması, təbliği və inkişafı istiqamətində uğurla fəaliyyət göstərən struktur bölmələrindən biri də Kürdəmir Regional Mədəniyyət İdarəsidir. Hazırda bu qurumun tabeliyində Kürdəmir, Xocavənd, Füzuli, İmişli və Beyləqan rayonlarına aid olan 4 Heydər Əliyev Mərkəzi, 3 rayon mədəniyyət mərkəzi, 4 tarix-diyarşünaslıq muzeyi, 1 ev muzeyi, 5 mərkəzləşdirilmiş kitabxana sistemi, kənd, şəhər və rayon statuslu 15 uşaq musiqi məktəbi, 3 uşaq incəsənət məktəbi, 2 dövlət rəsm qalereyası və 2 rayon mədəniyyət evi fəaliyyət göstərməkdədir. Quruma rəhbərlik Elman Məmmədov tərəfindən həyata keçirilir. Qısa arayış: Məmmədov Elman Həmid oğlu 1962- ci ildə Füzuli şəhərində ziyalı ailəsində anadan olub. 1979-cu ildə Füzuli şəhərindəki 4 nömrəli orta məktəbi bitirib. Həmin ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olub. 1984-cü ildə həmin fakültəni bitirib. 1984-cü ildən Füzuli rayonunda çıxan yerli “Araz” qəzeti redaksiyasında ədəbi işçi kimi əmək fəaliyyətinə başlayıb. 1994-cü ilin iyul ayında Füzuli rayon İcra Hakimiyyəti aparatının “Hüquq və müdafiə” məsələləri üzrə şöbəsində məsləhətçi kimi əmək fəaliyyətini davam etdirib. 1996-cı ilin sentyabr ayından 2006-cı ilin 01 fevralınadək Füzuli rayon Mədəniyyət şöbəsinin müdiri vəzifəsində işləyib. 01 fevral 2006-cı il tarixdən 01 noyabr 2016-cı il tarixədək Füzuli rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri vəzifəsində işləyib. 2017-ci ilin yanvarından Kürdəmir Regional Mədəniyyət və Turizm İdarəsinin rəisidir. 2018-ci il 27 iyun tarixdən Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisidir. 1989-1995-ci illərdə qiyabi yolla S.Ağamalı oğlu adına Azərbaycan kənd Təsərrüfatı Akademiyasını, 2000-2003-cü illərdə Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasını bitirib. Elman Məmmədovun həyat tarixçəsindən də məlum olur ki, o, mədəniyyət sahəsində kifayət qədər bilik və təcrübəyə malik olan bir insandır. Elman müəllimin peşəkarlığı özünü Kürdəmir Regional Mədəniyyət İdarəsinin, eləcə də onun tabeliyində olan müəssisə və təşkilatların fəaliyyətində qabarıq şəkildə göstərir. Belə ki, idarənin fəaliyyət dairəsinə daxil olan rayonlarda əhalinin asudə vaxtlarını səmərəli təşkil etmək üçün mədəni-maarif müəssisələri tərəfindən mütəmadi olaraq konsertlər, ədəbi-bədii gecələr, məruzə və mühazirələr təşkil edilir, tarixi günlər, əlamətdar hadisələr geniş surətdə qeyd olunur, bu münasibətlə bir çox irimiqyaslı mədəni-kütləvi tədbirlər hazırlanaraq geniş ictimaiyyət qarşısında nümayiş etdirilir. Xüsusi olaraq, hər il təşkil olunan Yeni İl şənlikləri, 8 mart – Beynəlxalq Qadınlar günü və Novruz bayramları ilə əlaqədar keçirilən tədbirlər özünün kütləvililiyi ilə digər tədbirlərdən daha çox fərqləndiyi üçün bu səpkidə keçirilən tədbirlərə Kürdəmir Regional Mədəniyyət və Turizm İdarəsinin rayon nümayəndəlikləri tərəfindən daha çox diqqət və qayğı göstərilir. Həmçinin mütəmadi olaraq, əlamətdar tarixi günlərdə və bayramlarda rayonun incəsənət işçiləri hərbi hissələrdə də konsert proqramları ilə çıxış edirlər. Qeyd edək ki, yenicə tamam olmuş sentyabr ayı da Kürdəmir Regional Mədəniyyət və Turizm İdarəsinin xətti ilə təşkil olunan tədbirlərlə kifayət qədər zəngin olmuşdur. Cəfər Cabbarlı – 120 Sentyabrın 4-də Kürdəmir rayon Mərkəzi kitabxanasında XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Cəfər Cabbarlının 120 illik yubileyinə həsr edilmiş “Böyük ədib, görkəmli dramaturq Cəfər Cabbarlı” adlı dəyirmi masa təşkil edildi. Tədbirdə MKS-in direktoru İradə Mahmudova və digərləri Cəfər Cabbarlı yaradıcılığından söhbət açaraq bildirdilər ki, cəmi 35 il yaşamış dahi sənətkar zəngin və məhsuldar yaradıcılıq yolu keçmişdir. O, həm lirik, həm də satirik şeirlərin müəllifidir. Dramaturgiya isə onun yaradıcılığında xüsusi yer tutur. Xalqımızın teatr zövqünün formalaşmasında Cəfər Cabbarlının dramaturgiyasının böyük rolu olmuşdur. Cəfər Cabbarlı Azərbaycan Xalq Cümhuriyyəti dövründə ictimai-siyasi fəaliyyət göstərərək müstəqil dövlətin güclənməsinə dəstək verdiyi üçün təqiblərə məruz qalmış, iki dəfə həbs edilmişdir. Tədbirdə iştirakçılara Cəfər Cabbarlı yaradıcılığına həsr edilmiş video material, “Cəfər Cabbarlı –120” adlı kitab sərgisi təqdim edildi. “Milli Musiqi Günü” çoxsaylı tədbirlərlə qeyd olunub Məlum olduğu kimi, dahi Azərbaycan bəstəkarı, musiqişünas-alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim, müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi Üzeyir Hacıbəyovun doğum günü, sentyabr ayının 18-i 1995-ci ildən ümummilli lider Heydər Əliyev tərəfindən “Üzeyir Musiqi Günü” kimi rəsmiləşdirilib. Bu gün həmin tarix ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunsa da, sərəncama əsasən onun adı məhz “Üzeyir Musiqi Günü”dür. Digər tərəfdən də, bu iki ad son nəticədə mahiyyət etibarı il biri-digərini tamamlayır. Dünya musiqi xəzinəsinə parlaq incilər bəxş edən Üzeyir Hacıbəyov Azərbaycanda peşəkar musiqinin banisidir. Üzeyir Hacıbəyov kimi dahilərin sənət dünyası ilə daha da zənginləşən Azərbaycan musiqisi bu gün çiçəklənmə dövrünü yaşayır. Üzeyir bəyin heç vaxt təravətini itirməyən irsi misilsiz sərvətdir. O, bu sərvəti bütün bəşəriyyət üçün qoyub getmişdir. Xalqımız hər il “Üzeyir Musiqi Günü”nü müxtəlif tədbirlərlə böyük təntənə ilə qeyd edir. O cümlədən, həmin gün Xocavənd rayon Mədəniyyət müəssisələrində də Kürdəmir Regional Mədəniyyət İdarəsinin “Üzeyir Musiqi Günü”nə dair Tədbirlər Planına uyğun olaraq bir sıra silsilə tədbirlər keçirilib. “Musiqi mədəniyyətimizin korifeyi”, “Üzeyir Hacıbəyli Azərbaycanda peşəkar musiqinin banisidir”, “Dünya musiqi xəzinəsinə parlaq incilər bəxş edən insan”, “Üzeyir Hacıbəylinin ədəbi irsi” mövzularında söhbət, sərgi və dəyirmi masa təşkil olunub. Xocavənd rayon Mədəniyyət evində isə 17.09.2019-cu il tarıxində “Milli musiqimiz öz inkişaf zirvəsinə görə Üzeyir Hacıbəyova borcludur” adlı tədbir keçirilib. Tədbirdə mədəniyyət işçilərinin iştirakı ilə Ü.Hacıbəylinin əsərlərindən parçalar nümayiş olunub. Həmçinin 18 sentyabr 2019- cu il tarixində Kürdəmir Regional Mədəniyyət İdarəsinin İmişli şəhər Uşaq İncəsənət məktəbində Üzeyir Hacıbəylinin 134 illiyi ilə əlaqədar olaraq Uşaq İncəsənət məktəbində “Dahi bəstəkar” adlı dəyirmi masa ətrafında tədbir keçirilib. Tədbirdə məktəbin direktoru Üzeyir Hacıbəylinin həyat və yaradıcılığı haqqında məlumat vermişdir. Sentyabr 18-də Kürdəmir rayon Heydər Əliyev Mərkəzində də Üzeyir Hacıbəylinin 134 illik yubileyi və Milli Musiqi Günü münasibətilə tədbir keçirilib. Tədbirdən əvvəl Mərkəzdə ekskursiya təşkil edilib. Ekskursiya zamanı Ulu Öndərin həyat və fəaliyyətindən, zəngin siyasi irsindən bəhs edən eksponatlarla tanış olunmuş, Mərkəzin foyesində rəsm dərnəyinin şagirlərinin əl işlərindən ibarət sərgiyə baxış keçirilmişdir. “Heydər Əliyev və Azərbaycan təhsili” adlı tədbir keçirilib Sentyabrın 20-də Beyləqan rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları rayon Təbiət və Hümanitar fənlər təmayüllü liseyin IX-X siniflərində ümumilli lider Heydər Əliyevin təhsilimizin inkişafına göstərdiyi diqqət və qayğıdan, həmçinin şagirdlərimizə tövsiyyə və tapşırıqlarından bəhs edən “Heydər Əliyev və Azərbaycan təhsili” adlı tədbir keçiriblər. Tədbirdə mərkəzin elmi işçisi Rəvanə Cəlilzadə geniş məruzə ilə çıxış edərək Heydər Əliyevin elmə, savada, biliyə böyük həssaslıqla yanaşdığını xüsusi vurğuladı. Rəvanə Cəlilzadə çıxışında bildirdi ki, bütün ömrü boyu Azərbaycan xalqının inkişafı, xoşbəxtliyi üçün çalışan Heydər Əliyev hər bir çətinliyə dözərək Azərbaycanın bu gününü – müasir Azərbaycanı yaradıb. Ulu Öndər Heydər Əliyev bütün fəaliyyəti dövründə elm, təhsil və mədəniyyətin inkişafına xüsusi qayğı ilə yanaşırdı. Dahi şəxsiyyət Azərbaycanın tərəqqisinin yeganə yolunun məhz xalqın yüksək təhsil almasında, maariflənməsində, fundamental və humanitar elmlərə mühüm əhəmiyyət verilməsində görürdü. aia.az Abbas Abbasov Elbrus Bağırov Geri dön |